Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Uzun müzakirələrə səbəb olan - QANUN QƏBUL EDİLDİ

---
6-03-2018, 14:27 Baxış: 207
Uzun müzakirələrə səbəb olan - QANUN QƏBUL EDİLDİ
Parlament "Ələt azad iqtisadi zonası haqqında” qanununun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Qanun layihəsi haqqında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov məlumat verib. Vitse-spiker deyib ki, layihəyə əsasən texniki dəyişikliklər edilib: "Birinci oxunuş zamanı bəzi həmkarlarımız məsələlər qaldırdı. Bu məsələlərdə nəzərə alınıb. Eyni zamanda redaktə xarakterli işlər aparılıb. 8-ci maddənin 8.3.2 bəndinə "ödəmələr” sözü artırılıb.
Bundan öncə isə ancaq dividendlər ifadəsi mövcud idi. 11-ci maddədə hüquq və vəzifələr sözlərinin yeri dəyişdirilib. 11.2 maddəsində infrastruktur sözü daha əhatəli şəkildə ifadə olunub”. Spiker Oqtay Əsədov bildirib ki, bu qanun layihəsi Milli Məclisdə o qədər müzakirə olunub ki, artıq bütün millət vəkilləri "Ələt Azad iqtisadi zonası” barədə mütəxəssisə çevriliblər. Millət vəkilli Əli Məsimli qanunun birinci oxunuşdan ikinci oxunuşa keçiddə xeyli dəyişiklərin olduğunu qeyd edib: "Burada təkcə millət vəkillərinin dedikləri yox, tənqidi münasibətdən yanaşaraq dəyişiklər edilib.
Bu dəfə də təkliflərin nəzərə alınacağına inanıram.
Qanunun müzakirəsi zamanı onun Konstitusiyaya uyğunluğu, Beynəlxalq hüquq normalara və hüquqi normativ aktlara uyğunluğu məsələsi qaldırıldı. Birinci müzakirədə qanunun Konstitusiyaya uyğunluğu aydın oldu.
Lakin hər hansı hüquqi şəxsin istifadəsinə verilən əraziyə sahibkarlıq və sərəncam vermək hüququ olmalıdır.
Bu məsələ də qanuna əlavə edilməlidir. "Ələt Azad İqtisadi zona” Dubay modelidirsə, demək bu beynəlxalq aləmdə tətbiq edilən üsuldur.
Qanunda "hüquqi rejimi” əvəzinə "hüquqi rejimin əsasları” ifadələri yazılmalıdır. Qanunun sonuna onun qüvvəyə minməsi ilə bağlı əlavənin edilməsinə ehtiyac var”. Aydın Hüseynov qanun layihəsinin bütün parametrlərinə görə mükəmməl olduğunu diqqətə çatdırıb. Millət vəkili qanunun 18-ci maddəsinə münasibət bildirib: "Azad Zonanın sərhədi və ya sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşdüyü halda, Azad Zonada əsas iqtisadiyyatın qanunvericiliyi ilə müəyyən edilmiş "dövlət sərhəd rejimi tətbiq olunur” cümləsi yer alıb.
Lakin bu qanun konkret olaraq Ələtə aiddir, Ələtin sərhədləri Azərbaycan sərhədləri ilə üst-üstə düşmədiyindən bu maddəyə ehtiyac olmadığını düşünürəm”.
Deputat Mirzəcan Xəlilov əlavə edib ki, Azad iqtisadi zona üçün Ələt ən uğurlu bölgədir.
Ancaq Bakıdan Ələt istiqamətinə gedəndə Qobustanı keçəndən sonra bir boşluq ərazi qalıb: "Bu mənada xarici investor və yerli sahibkarları həmin bölgədə fəaliyyətə cəlb etməliyik”.
Millət vəkillərinin fikirlərinə münasibət bildirən V.Ələsgərov əlavə dəyişiklər üçün fikirlərə açıq olduqlarını bildirib: "Birinci oxunuşdan sonra deputatlar tərəfindən bir sıra təkliflər olub.
Ad çəkmək istəmirəm, lakin millət vəkilləri təsdiq edər ki, onların təklifləri nəzərə alınıb.
Biz bu qanunu beynəlxalq səviyyəyə uyğun hazırlamalıyıq, ona görə də dil məsələsində bəzi anlaşılmazlıqlar ola bilər. Lakin qeyd etməliyəm ki, Azərbaycan hüquqşünasları bu qanunun dili üzərində işləyib.
Sərhədlə bağlı təklif məni təəccübləndirdi, çünki Ələtdə gəmi limanından bəhs ediriksə, sərhəd məsələsi burada da tətbiq ediləcək. Mənim qapım qanunun müzakirəsi üçün hər zaman açıqdır.
Çünki hamımız dövlət və millətin xeyrinə olan qanun hazırlamaq istəyirik”. Qanun ikinci oxunuşda qəbul edilib.