Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir

---
29-07-2019, 11:37 Baxış: 39
Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin və Beynəlxalq inkişaf üzrə menecer Biata Kristal ilə görüşüb.
BANM-dən bildirilib ki, görüşdə Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında əməkdaşlıq əlaqələri, bakalavriat və magistratura pillələri üzrə tələbə hazırlığı, məzunlara ikili diplomlar verilməsi, tədris prosesində yeni standartların tətbiqi məsələləri müzakirə olunub. Rektor Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq bildirib ki, yarandığı gündən etibarən BANM qəbul göstəricilərinə görə lider mövqeyini qoruyub saxlayıb. "Bakı Ali Neft Məktəbi Azərbaycanın ali təhsil müəssisələri arasında məzunlarının hər biri enerji sektorunda nüfuzlu yerli və beynəlxalq şirkətlərdə dərhal işlə təmin olunan yeganə ali məktəbdir. Hesab edirəm ki, bu, həm də Heriot-Vatt Universitetinin nüfuzudur. Digər tərəfdən isə bu gün SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və s. kimi irimiqyaslı müəssisələrdə çalışan Heriot-Vattın da məzunlarının sayı artır ki, bu, bizim birlikdə səmərəli əməkdaşlığımızın nəticəsidir. Düşünürəm ki, ali məktəbimizin dayanıqlı, strateji inkişafına və yüksək təhsil standartına nail olması üçün birgə əməkdaşlığı genişləndirməliyik”, - deyə rektor Elmar Qasımov bildirib. Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq deyib ki, qısa müddət ərzində düzgün idarəetmə və tədris metodologiyası sayəsində uğurlar əldə olunub.
Birgə əməkdaşlığın nəticəsi olaraq, bu gün Heriot-Vatt Universiteti Azərbaycanda tanınır.
Stefan MakLaflin deyib:
"Biz sizin ali məktəbin tədris sistemini bəyənirik. Magistratura təhsilinin axşam növbəsinə keçirilməsi, tələbələrə funksional laboratoriyalarda işləmək imkanı yaradılması, praktik mühitdə onlara nəzəri biliklər verilməsi metodologiyasını təqdir edirik.
Eyni zamanda, təklif edirik ki, Bakı Ali Neft Məktəbinin seçilmiş tələbələri müəyyən müddət ərzində Heriot-Vatt Universitetində təhsil alsınlar”. Heriot-Vatt Universitetinin nümayəndəsinin təklifi rektor Elmar Qasımov tərəfindən yüksək qiymətləndirilib və Bakı Ali Neft Məktəbinin hər il 2 tələbəsinin təqaüd yolu ilə 1 semestr həmin ali məktəbdə təhsil alması qərara alınıb.
Görüşdə növbəti tədris illərində də bakalavriat və magistratura pillələri üzrə seçim imtahanlarında və təhsil müddətində yüksək nəticələr göstərən tələbələrə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Heriot-Vatt Universitetinin diplomlarının verilməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, 2012-ci ildən neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır.
Sonda qonaqlar BANM-in kampusu ilə tanış olublar. Onlara ali məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı laboratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.