Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Müxalifətdən İsa Qəmbərlə Zahid Orucun debatına reaksiya

---
23-06-2020, 10:59 Baxış: 547
Müxalifətdən İsa Qəmbərlə Zahid Orucun debatına reaksiya
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərlə Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Orucun BBC-də yayınlanan debatı siyasi düşərgədə maraqla qarşılanıb, həmçinin müzakirə mövzusuna çevrilib.
 
Bu tipli debatların ümumiyyətlə hansı effekti verdiyi, vacib olub-olmadığı da sosial mediada dartışılır.
 
Bu barədə ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, siyasətçilərlə hakimiyyət təmsilçilərinin arasında debatlar olması vacibdir və əhəmiyyətlidir.
 
Hakimiyyətdə hətta az da olsa sözü keçən, mövqeyi olan və dinlənən istənilən rəsmi şəxslə müxalifətdə olan və hakimiyyətə iddialı siyasətçilərin debatı maraqlı olur:
 
"Əsas məsələ rəsmi statulu şəxsin tərəf müqabili olmasıdır. İqtidarı təmsil edirsə, lakin vəzifəsinə baxmayaraq zəifdirsə, debatda zəif görünəcəksə, zərbə həmin şəxsəin özündən çox iqtidara dəymiş olacaq.
 
Çünki bu zaman hər kəs deyir iqtidar təmsilçisi debatı uduzdu.
 
Odur ki, iqtidar gərək ona opponent olan qüvvələrlə debatlara məhz Zahid Oruc kimi rəsmi vəzifəsi, intellektual səviyyəsi, siyasi bilikləri yüksək olan şəxsləri çıxarsın.
 
Debatlarda da məqsəd heç də o olmalı deyil ki, nəyin bahasına olur olsun qarşı tərəfi məğlub etməliyəm.
 
Əsas hədəf siyasi maariflədirmə, cəmiyyətə proqramını, gördüyün və ya görəcəyin işlərin nə olacağını təqdim etmək olmalıdır.
 
Onsuz da bu zaman debatı izləyən vətəndaşlar kimin haqlı, kimin güclü, kimin əsaslı və daha samballı mövqe ortaya qoyduğunu görəcəklər. Debatlarda rəqibi aşağılamaq yolverilməzdir.
 
Çox təəssüf ki, Azərbaycanda indiyə qədər heç də yaxşı olmayan bir mənzərə formalaşıb.
 
Debata çıxanların çoxu sanki döyüşə çıxırlarmış, düşmənlə üz-üzə oturmuş kimi davranırlar. Bunun təsiri altında da bir-birinə həddini aşan kəskin hücumlar, aşağılayıcı ifadələrə yol verilir.
 
Nəticədə debat tərəflərin proqramlarının, planlarının cəmiyyətə açıqlanmasına yox, söyüşmək, çarpışmaq meydanına çevriilir, belə debatları səviyyəli debatlar saymaq olmaz.
 
Ona görə də debatların səviyyəsini qaldırmaq lazımdır.
 
Sərdar Cəlaloğlu:
 
Şəxsən mən İsa Qəmbərlə Zahid Orucun BBC-də debatını izləyə bilməmişəm. Yoldaşlardan eşitmişəm ki, səviyyəli, maraqlı debat, müzakirə olub. Çünki hər iki tərəf intellektual, çıxışlarında etikaya diqqət edən şəxslərdirlər.
 
Kimlərsə İsa Qəmbərə deyə bilər ki, Zahid Orucla nə üçün debata çıxır. Əslində İsa Qəmbər düzgün edib.
 
Çünki Zahid Oruc prezident tərəfindən sərəncamla yaradılan rəsmi bir qurumun-Sosial Tədqiqatlar Mərkəzinin sədridir. İsa Qəmbər isə Milli Strateji Düşüncə Mərkəzinin sədridir. Əvvəla, hər iki qurum müəyyən mənada bir-birinə oxşar funksiyalıdır.
 
Sadəcə, biri rəsmidir, o biri ictimai əsaslıdır. Yəni bur qurumların birinci şəxslərinin debata çıxması tamamilə təbiidir və həm də lazımlıdır.
 
Digər tərəfdən Zahid Oruc artıq iqtidarda mövqeyi ciddi qəbul edilən, yürüdülən siyasətdə təsiri olan fiqurdur. Yəni iqtidarın siyasətinə öz mövqeyi, Mərkəzinin apardığı tədqiqatlara, verdiyi təkliflərlə təsir edən şəxsdir.
 
Eyni zamanda ölkənin prezidenti İlham Əliyevlə sıx təması olan adamdır.
 
Zahid Orucun rəsmi statusu bunu tələb edir.
 
İntellektual və siyasi bilikləri də ona əlavə imkanlar yaradır.
Dediyim odur ki, Zahid Oruc təkcə deputat deyil.
Onun əlavə qeyd etdiyim statusu var.
O ciddi statusu olan adamdır.
İsa Qəmbər də ciddi fiqurdur. Bu baxımdan da çox uğurlu tərəflə debata çıxıb.
Qarşı tərəf hazırlıqlı adam olmalıdır ki, normal debat olsun".
S.Cəlaloğlu qeyd etdi ki, istənilən rəsmi və intellektual səviyyəli şəxslə debata çıxmağa hazırdır:
 
"Zahid Oruc sərbəst düşünmək qabiliyyətlidir.
Bax, bu cür rəsmilərlə debatlar daha maraqlı olur.
 
Mən tez-tez deputatlarla debata çıxıram. Ona görə ki, seçicilərin bir qismini təmsil edirlər.
Bir zamanlar mən demişdim ki, YAP-ın süpürgəçisi ilə də debata çıxaram. Bunu o zaman müxtəlif istiqamətlərə yozdular.
 
Mən həmin fikri o mənada demişdim ki, YAP hakimiyyət partiyasıdır və ölkənin taleyinə cavabdehliyi hakim partiya olaraq üzərinə götürüb və biz də sözümüzü, dialoqumuzu bu partiya ilə aparmalıyıq, həmçinin bu partiyaya alternativ xəttimizin doğru olduğunu debatlarda isbatlamalıyıq.
 
Debatlar xalqın siyasi baxımdan maarifləndirilməsində çox mühüm rol oynayır. Bundan qaçmaq lazım deyil".