Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

"Deyəsən, İsgəndər Həmidovun bozqurdunu ovlamısınız"

---
9-07-2016, 16:07 Baxış: 352
"Deyəsən, İsgəndər Həmidovun bozqurdunu ovlamısınız" 
"Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov təqaüdə göndərilib. 30 ilə yaxın jurnalistika fəaliyyətim ərzində saysız-hesabsız təzyiq və təqiblərlə üzləşmişəm. Bunlardan biri də həm də Cavanşir Məmmədovun adı ilə bağlıdır. 1992-1993-cü illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, o zaman polkovnik Cavanşir Məmmədov Elçibəy hökuməti yıxılandan sonra bir müddət bu vəzifədə qaldı. Və 1994-cü ildə "gözəl" günlərin birində "Azadlıq" qəzetində redaktor müavini kimi mənə məxsus iş otağıma 4 nəfər poliz zabiti gələrək Cavanşir Məmmədovun adından məni Baş İdarəyə "dəvət" etdi". Bu sözləri "Bizim yol" qəzetinin Baş redaktoru Bahəddin Həziyev deyib. O, başına gələnləri daha sonra belə anladıb: 
"Ora çatanda yaxşı tanıdığınız siyasətçilərdən İbrahim İbrahimli, kimliyini indi unutduğum daha iki nəfər vardı. Cavanşir müəllim öz avtomilində öndə oturub bizi Daxili İşlər Nazirliyinə - o zamankı daxili işlər naziri, general-mayor Vaqif Novruzovun otağına apardı. Vaqif Novruzov orda məni "düşmən dəyirmanına su tökən" yazılar yazmaqda o ki var qınadı. Və axırda da yekə bir "nazir xəbərdarlığı" ilə "mükafatlandırdı". Xəbərdarlıq vermək səlahiyyətinin Prokurorluğa məxsusluğu, onun bu addımının qanunsuz olması haqda etirazım, təbii ki, "eşidilmədi". Nazir danışa-danışa otağa göz gəzdirdim. Kabinetin sağ küncündə İsgəndər Həmidovun vaxtında qoyulan bozqurd müqəvvası gözə dəymirdi, Yerində ölkənin yeni rəhbərinin şəkli vardı. Qeyri-ixtiyari nazirin sözünü kəsib: "Vaqif müəllim, deyəsən İsgəndər Həmidovun bozqurdunu ovlamısınız" deməyim bəs oldu ki, nazir az qala kreslosundan hoppanacaqdı. Cavanşir Məmmədova çırtma vursaydın qan çıxmazdı. Bayıra çıxanda Cavanşir müəllim mənə dedi: "O nə sözdü nazirə deyirsən? Vaqif müəllimin heç ova getməyə vaxtı var?!" Mən bərkdən güldüm. Bir az pauzadan sonra o özü də yavaşdan güldü. Sonra da o yan-bu yana baxıb ciddiləşdi. Və: "Adamı peşman edirsən, yekə oğlansan" . O gündən 22 keçib. Hələ də Cavanşir müəllimin o iki cümləsinin mənasını anlamamışam. Amma mən o zaman da bilirdim, indi də bilirəm ki, insan kimi Cavanşir müəllim yaxşı insan idi. Sadəcə, polis sisteminin bir hissəsinə çevrilməyə çalışırdı. Polisdə belə adamlar çoxdu. Adam kimi adam idilər. Aralarında tələbəlik illərindən tanıdıqlarım da var - indi böyük rəis-filandırlar. Normal insanlar idi. Sistem onları dəyişdirdi, tamam başqalaşdırdı. Cavanşir müəllimə də artıq uğurlar arzulamağın yeri yoxdu.Təqaüdçü həyatında huzurlar arzulayıram!"
Tezis.az