Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Azərbaycan Prezidenti: “Azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var”

---
5-04-2021, 14:42 Baxış: 45
Azərbaycan Prezidenti: “Azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var”
"Azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var.
Biz bundan da məhrum idik.
Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır.
Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi.
Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər.
Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu.
İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq.
   Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir.
Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır”.
 
Altaba.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır:
"Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır.
Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir.
İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək.
Bu, bizim böyük potensialımızdır”.