Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb

9-04-2018, 15:15 Baxış: 348
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
"Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də start verilən və iki gün davam edən növbəti "Kətə” festivalı başa çatıb.
Festivalın sonuncu günü "Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri elan olunub. Münsiflər heyətinin qərarı ilə Şərur rayonundan Mirqasım Eminov birinci, Şahbuz rayonundan Aygün Mahmudova və Naxçıvan şəhərindən Nazilə Allahverdiyeva ikinci, Babək rayonundan Rahilə Cəlilova və Kəngərli rayonundan Pakizə İsmayılova üçüncü yerlərə layiq görülüblər.
Qaliblər diplomlarla mükafatlandırılıblar.
Budəfəki festival da sakinlər tərəfindən maraqla qarşılanıb. Sədərək rayonundan olan Ruhiyyə Zamanova AZƏRTAC-ın Naxçıvan bürosunun müxbiri ilə söhbətində bildirib ki, festivala rayon ərazisindən yığılmış müxtəlif çeşiddə pencərlər gətirib.
Bölgəyə aid stenddə həm pencərlərin satışı təşkil olunur, həm də onlardan kətələr hazırlanır. Bunun üçün ərazidə təndir qurulub, kətələrin içliyinin hazırlanması üçün lazımi mətbəx ləvazimatları gətirilib. Müsahibimizin sözlərinə görə, festivala gələnlərin mətbəximizin ləziz yemək növlərindən sayılan kətəyə marağı böyükdür.
Ordubad rayonunun Ələhi kəndindən gələn Yaşar Həbibov isə "Kətə” festivalında artıq ikinci dəfədir təsərrüfat sahibi kimi iştirak edir: "Ötən il də ailə üzvlərimizlə birlikdə festivalda iştirak etmişdik. Bu dəfə də əliboş gəlməmişik, yaz mövsümündə torpaqlarımızın bərəkəti olan müxtəlif pencər çeşidlərindən yığıb gətirmişik.
Həyat yoldaşım isə burada qurulan təndirdə kətə bişirir.
Bişirdiyimiz kətələrə də, topladığımız dağ pencərlərinə də maraq böyükdür.
Ümid edirik ki, gətirdiyimiz və bişirdiyimiz məhsulların hamısını sata biləcəyik. Yaradılan şəraitə və belə bir tədbirin təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Festivalda Şahbuzun təbii nemətləri ilə bizi tanış edən Biçənək kənd sakini Mədinə Sarıyeva da tədbirin gedişindən razı idi.
O deyib: "Şahbuzun əsrarəngiz təbiəti haqqında hamının məlumatı var.
Rayon ərazisindəki başıqarlı dağların ətəklərində, dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən ərazilərdə çöl-çəmənin hər bir otu, gül-çiçəyi dərdlərin dərmanıdır. Uzaq keçmişdən üzübəri ulularımız hər bir otun, bitkinin "dilini” bilib, ondan faydalanmağın yolunu öyrəniblər.
Buna görə də yaz gələndə hər kəs xıncılovuz, çiriş, kəvər, quzuqulağı və adını sadalamadığım onlarla belə bitkini yığıb bunlardan kətə hazırlayar, müxtəlif yeməklərdə istifadə edərdilər. İndi də belədir.
Elə ki yaz gəldi, burnumuza kətə iyi gələr”. Həmsöhbətimin sözlərinə görə, keçənilki festivalda olduğu kimi, bu dəfə də xeyli pencər gətirib. Artıq məhsulların böyük bir qismi alıcılar tərəfindən alınıb. Culfa rayon sakini Mənsur Süleymanov, Kəngərli rayon sakini Samirə Məmmədova, Babək qəsəbə sakini Nəzakət Zeynalova burada mənalı istirahət etdiklərini, belə mədəni tədbirlərin onlarda xoş ovqat yaratdığını vurğulayıblar. Nəzakət Zeynalova təəssüratlarını bölüşüb: "Belə tədbirlərin keçirilməsi milli mətbəx nümunələrimizin tanıdılması, yaşadılması baxımından faydalıdır.
Digər tərəfdən artıq bu gün şəhər sakinləri də muxtar respublikamızda yaz dövründə bitən hər hansı pencəri buradan tapa bilərlər.
Qiymətləri də münasibdir”.
Samirə Məmmədova isə qeyd edib ki, Naxçıvanda yaz dövründə ən çox müxtəlif göyərti növlərindən olan yeməklər hazırlanır.
Naxçıvan təbiətinin bizə verdiyi çeşidli nemətlər bu gün də süfrələrimizin bəzəyidir. Kimisi bu pencərləri qovurmaqla, kimisə kətə hazırlamaqla ondan istifadə edir. Festivalda satılan kətələrin dadı həm də ondadır ki, bu kətələr təndirdə odunla bişirilir.
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb
Naxçıvanda keçirilən növbəti “Kətə” festivalı maraqla qarşılanıb