Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Naxçıvanda IV Göycə festivalı keçirilir

2-06-2019, 08:51 Baxış: 36
Naxçıvanda IV Göycə festivalı keçirilir
"Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti IV Göycə festivalı keçirilir.
Festivalın açılış mərasimində tədbirin aparıcıları qədim Naxçıvanın zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanındığını bildiriblər.
Qeyd edilib ki, Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dad-tamına, bərəkətinə çevrilib. Hələ orta əsrlərdə səyyahlar Naxçıvanı "meyvə cənnəti” adlandırıblar. Naxçıvanda hər mövsümün öz meyvəsi var. Bu meyvələr içərisində öz dadı-tamı ilə seçilən Naxçıvan göycəsidir. Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif növləri yetişdirilir. Aparıcılar 2016-cı ildən başlayaraq keçirilən Göycə festivalının əhəmiyyətindən danışaraq bildiriblər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı, ləziz dadı olan alma, armud, qoz, badam, üzüm sortları da ölkəmizdə və dünyada yaxşı tanınır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyev çıxış edərək deyib ki, Naxçıvan göycəsi sortunun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə uyğun olaraq adlandırılıb. "Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, "yeni”, "təzə” mənasını da ifadə edir. Muxtar respublikada yazın ilk yeyilən meyvələrindən biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit var. Çoxillik göycə ağacları 10-25 il normal məhsul verir, hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Naxçıvan göycəsi, adətən yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə göycə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə göycə ağacları uzunömürlü olur. Varis Quliyev muxtar respublikada meyvəçiliyin inkişafına göstərdiyi diqqət və qayğıya görə festivalın iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında səsləndirilən şən mahnılar və rəqslər festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, festivala muxtar respublikanın şəhər və rayonlarından 250-dən çox ailə təsərrüfatı 18 tondan artıq göycə gətirib. Göycədən hazırlanan mürəbbə, cem, əzmə, kompot və araqların sərgisi və satışı da təşkil olunub. Festivalda həmsöhbət olduğumuz təsərrüfat sahiblərindən Naxçıvan şəhər Qaraxanbəyli kənd sakini Elmir Əliyev qeyd edib ki, artıq ikinci dəfədir Göycə festivalında iştirak edir. O bildirib ki, 3 hektara yaxın sahədə göycə yetişdirir və festivalda satış üçün 400 kiloqramdan artıq meyvə gətirib. Culfa rayonunun Göydərə kənd sakini, ailə təsərrüfatı sahibi olan Vəli Əliyev isə bildirib ki, uzun illərdir meyvəçiliklə məşğul olur. Amma göycə yetişdirməklə son dörd ildə də məşğul olduğunu deyən Vəli Əliyev festivala satış üçün 200 kiloqrama yaxın məhsul gətirdiyini qeyd edib. Kəngərli rayon Çalxanqala kənd sakini Zaur Həsənov isə festivala satış üçün göycə ilə bərbər, 20 litrə yaxın göycə arağı da gətirdiyini deyib. Həmsöhbət olduğumuz ailə təsərrüfatı sahibləri gətirdikləri göycə məhsuluna marağın böyük olduğunu bildirib, festivalın təşkilinə görə dövlətimizə minnətdarlığını ifadə ediblər. Festival sabah da davam edəcək və günün sonunda ailə təsərrüfatı sahibləri arasında "Ən yaxşı göycə” müsabiqəsi ilə tədbirə yekun vurulacaq.