Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Uşaqlığını yaşamayan uşaqlar

1-06-2016, 15:48 Baxış: 436

 Uşaqlığını yaşamayan uşaqlar                  

         


Nübar LƏTİFLİ 

 


Baxıram, sadəcə baxıram. Bir balaca günahsız məsum üz qarşımda dayanıb və əl açıb. Bir mənə yox, ətrafımda olan hər kəsə. Bu övladı dünyaya gətirən "ata, ananı” düşünürəm. Neçə günlərdir, hətta artıq ilə yaxındır ki, Onları hər görəndə təsvir etmək istəyirəm. Lakin bir az  aralı düşən kimi insanlıq halı olaraq bəzi mövzular kimi bunu da unuduram. Amma bu gün onların günüdür, bu uşaqların bayramıdır. Əslində ilin bütün günləri onların günü olmalıdır. Heç olmasa bir günümüzü də onlara həsr edək. Əlimdən heç nə gəlmədiyi üçün hədiyyəmi bunu yazaraq onların hislərini, gözlərindən görünən düşüncələrini təsvir edərək vermək istəyirəm və elə yerindəcə yazmağa başlayıram. Məncə  çoxdan bu balaca qızı, həmçinin bütün yollara salınan körpələri yazmalıydım. Mənə bunu yazmaq çox ağır gəlir, çünki yanımda övladı oturmuş bir anayam. Həmçinin ətrafında bir çoxunun əlindən tutduğu, qucağına aldığı körpələri var. Başqalarını deyə bilmərəm, amma mən hər o körpələrə baxanda öz balamı düşünürəm. Hətta kimnənsə nələrisə öyrənən körpəmin o körpələrin nə etmək istədiklərini soruşmağı ürəyimi ağrıdır. Beynimi donduran bu suallara necə cavab verəcəyimi tapa bilmirəm.

Bəzən anasının sinəsində qundaqlıq uşaqları yol kənarlarında, maşım önlərində görəndə "həqiqətən analarıdırmı?” deyə düşünürəm. O körpələri psixoloji cəhətdən düşündükdə necə eqoist, üzlü, loru dildə desək "arsız” simalar yetişdiyini düşündükcə gələcəyimiz, övladalrımızla böyüyən cəmiyyət məni qorxudur. Bunları yollara salan kimdi axı? Onlara dilənməyə  vadar edən, insanlara əl açacaq həddə çatdıran nədi axı? Yəqin ki, tamahları və pul deyə düşünürük. Amma o yaşlarda uşaqda nə tamah, nə də pul düşüncəsi formalaşmır. Bu qədər dəstə-dəstə uşaqlı-analı "qoşun” kiminsə nəzarəti, əsarəti olmasa dilənə bilməz. Yəni bu qədər vicdansız ana olar ki, 2-3 aylıq körpəsini bir köhnə nimdaş adyal ilə yol qırağnda isti-soyuq, qar-yağış bilmədən çürütsün. Bəzən o adyalların. qundaqların içinə diqqətlə baxıram ki, orda olan həqiqi uşaqdı, ya kukla? Çox təəsüf ki, indiyə qədər cansız kuklaya rast gəlməmişəm. Hamısı bizim yetişməkdə olan gələcəyimiz olub.     

Bu bayram günü bütün uşaqların valideynləri ilə parklarda əyləndiyi bir anda  qarşımda dayanan pırpız saçlı, qara gözlü, bəlkə də 7-8 yaşı olmayan bu qız mənim vicdanımı məcbur etdi, bunları yazmağa vadar etdi. Çox gözəl gözləri var idi və o gözlər bir qədər yalançı, bir qədər həqiqi yazıqığı ilə qabağımda mənə zilləmişdi. Bu körpələri danışdırmağı çox istəmişəm, amma hər dəfəsində qaçıblar.  Bu dəfə isə onun gözlərindəki və oradan görə bildiyim qəlbindəkiləri  qeyd etməyi uyğun bildim. Onun iri , şabalıdı gözləri, cılız bədəni, kirli sifəti və qapqara əlləri, paltarları çirkli, saçları tozdan rəngi müəyyən olunmurdu. Yəqin o gözlərin mənə anlatdıqlarını yazsam bütün səhifələr dolar. O da  bayram etmək istəyirdi baxışlarında, o da  əylənmək istəyirdi davranışları ilə, o da  əzizlənmək istəyirdi valideynləri tərəfindən, o da  ərkəsöyünlük etmək arzulayırdı valideynlərinə qarşı. Onun qəlbindəki çox düşüncə gözlərində əks olunmuşdu. O baxışlarıyla bu hisslərini hamıya çatdırırdı. Yanımızdakı balacalara baxanda isə " Kaş mənimdə anam- atam məni nəvazişlə böyüdər, oxudar, bayram edər hər günümü və  ən əsası sahib çıxaraq yollardan yığardı.” Onun ürəyimi ağrıdan səsi var idi. Bütün istismar olunan uşaqların səsini duyururdu dilənçi avazıyla dediyi sözlərdə...

Kaş həyatlarının hər günü bayram ola, gözlərində yazıqlığın gerçək və ya yalan olduğu anlaşılmayan bir gələcəyimiz olmaya. Uşaqları belə hala salmaq cinayətin əsasıdır. Onları daim güldürmək, sevindirmək isə bizim borcumuz. Bu borc  öz övladımız olub- olmamasından asılı olmayaraq hamıya aiddir. Gəlin o övladlarında bayramını düşünək və kiçik bir təbəssümlə də olsa təbrik edək.

UŞAQLIĞINI YAŞAMAYAN UŞAQLAR BAYRAMINIZ MÜBARƏK!!!