Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Qədim yunan filosofu Falesdən soruşublar ki...

17-05-2016, 16:48 Baxış: 914

Qədim yunan filosofu Falesdən soruşublar ki... 


PhD.Leyla NƏZİRZADƏ 


Bəşər övladı yarandığı gündən bu yana, əvvəllər kortəbii şəkildə, indi isə, guya xeyirxahlıq niyyətiylə dünyanı özününkiləşdirməyə, dəyişdirməyə can atır. Amma əslində insanın ayağının və əlinin toxunduğu hər yerdə və hər şeydə xeyirdən daha çox şər müşahidə olunur. Bu şər güclü dağıdıcı qüvvəsi ilə qarşısına çıxan bütün gözəllikləri tapdalayır, məhv edir. 
Şüurla idarə olunan insan vəhşiliyinin hüdudları sonsuzlaşır. Bəli-bəli, insan təbiətdəki bütün vəhşi heyvanlardan daha yırtıcıdır, çünki şüurlu varlıqdır. Vəhşi təbiətdə ən güclü yırtıcı heyvan doyacağı həcmdə şikarı ovlayır, tox olduğu təqdirdə heç bir canlıya zərər vermir. İnsanın isə, nə gözü doyur, nə qarnı... Aqressiya, qəzəb, kin-küdurət, nifrət də öz yerində...
İstər-istəməz bir sual beynimizi yorur: " Əcəba, bizi "şeytana uyduran”, qəlbimizi sevgi əvəzinə nifrətlə, səbr əvəzinə qəzəblə yükləyən elə şüurumuz deyilmi?” Nə baş verir? Niyə bu cür mükəmməl bir varlıq olan insan imkanları baxımından sonsuz şüurunu yaratmaqdan çox dağıtmağa yönəldir?.. Mübahisələr, konfliktlər, qarşıdurmalar, inamsızlıq və ehtiyatlılıq – budur insanlararası münasibətlərin bu günki durumu... Hər an qorxu içində, ən yaxınımızdan belə gələcək sarsıdıcı həmləyə hazır vəziyyətdə pisliklər gözləyirik... Dünya get-gedə bəşəriyyətin "şər tarixi”nə, evindən çox məzarına çevrilir. Bəs kimdir müqəssir, cəmiyyətmi, sosial şəraitmi, kasıbçılıqmı, xəstəliklərmi, yoxsa tam əksi olan izafi var-dövlət, cah-cəlal, qudurğanlıqmı? Əslində hamısı və hər birimiz! Hər bir insan xeyiri də, şəri də özündə daşıyır. Ən sakit və ziyansız görünən insanın belə daxilində amansız bir qatil yatır. Düşdüyü situasiyadan və iradəsindən asılı olaraq, mənasız və solğun həyatından narazı insan gec-tez qatilə çevrilir – ya özünün, ya da başqasının həyatına qəsd edir...
Nə etməli?
Ilk növbədə şərin nə olduğunu, bu kateqoriyaya nələrin, hansı əməllərin aid olduğunu dərk etməliyik. Insanlar bir məna olaraq sevgidən və gözəllikdən məhrum olan şeyləri, harmoniyadan əsər-əlamət olmayan həyatı şər hesab edirlər. Şərin gücü möhtəşəm olsa da gec-tez özünü məhv edir. Əslində əksər hallarda şərlə mübarizə apararaq, biz onu daha da gücləndiririk, sanki yanan ocağa odun atırıq, əhəmiyyət vermədikdə isə həmin ocağın sönməsini tezləşdirmiş oluruq. Hansı formada təqdim olunmasından asılı olmayaraq, şəri idarə edən insanın eqoizmidir. Bir qisim insanlarda bu eqoizm özünü açıq-aşkar büruzə verir, digər qismi isə onu ruhunun dərinliyində gizlədir. Insanın xisləti budur, biz yıxılana balta çalmağa, yanğına neft tökməyə, "mələk”libasına bürünərək "günahkarlar”a daş atmağa, "Allahu Əkbər” deyərək baş kəsməyə, yuxarı çıxanın ayağından dartmağa daha çox meylliyik... Lazımsız və yersiz məsləhətlərimizlə, qınaqlarımızla ətrafımızdakı insanlara kömək etməkdən çox onları dərdlərinə, problemlərinə, səhvlərinə daha da bağlayırıq, komplekslərini dərinləşdiririk. 
Qədim yunan filosofu Falesdən soruşublar ki, düzgün həyatı necə yaşayaq? Cavab verib ki, "Başqalarında qınadıqlarımızı öz həyatımızda etməyərək”... Hər kəs dərk etməlidir ki, başqasının timsalında gördüyü düşməni əslində onun könül aynasında gördüyü öz əksidir. Bizim ən qəddar düşmənimiz əslində ruhumuzun tam ortasında başqalarına qarşı bəslədiyimiz kinimiz – içimizdəki öz "şeytanımızdır”. Özümüzdə olanı başqasında axtraraq uydururuq xeyri də, şəri də. Biz hansı əsasla başqalarını mühakimə edə bilərik ki? Axı, nə xeyrin, nə də şərin ölçülə biləcəyi bir meyarı, etalonu yoxdur. Unutmamalıyıq ki, üzdən şər kimi görünən çox şey bəzən xeyrə xidmət edir və əksinə, xeyirli zənn etdiyimiz çox şey özündə amansız şəri daşıyır. Necə deyərlər, "Hər işdə bir xeyir var”...
İnsanın həyatı – özünəməxsus təcrübənin toplanmasıdır. Bu təcrübə bizə bir gerçəyi öyrədir ki, heç bir insan ideal deyil və hər birimiz yanılırıq,bütün şüurlu həyatımız boyu səhvlərə yol veririk. Bu gerçəyin dərki insanda səbr və dözümü formalaşdırır, onu müdrikləşdirir. Səbrlilik və müdriklik artdıqca insan özündən və başqalarından gücünün və imkanının xaricində olanları tələb etməməyi öyrənir. Insan başqalarından özünə qarşı ədalətlilik umur, halbuki özünün ədalətsizliyinin fərqinə varmır. Ədalətsizliklə mübarizə aparmağa cəhd edərək əslində son güçünü də itirir. Biz özümüzü aldadaraq, şəxsiyyətimizə qarşı xüsusi diqqət gözləməməliyik. Şərlə mübarizəyə özümüzdən başlamalıyıq – içimizdəki şeytanı məhv edərək...
 
Tezis.az