Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

"Cəmiyyətimizdə qadın olmaq"

2-11-2016, 21:45 Baxış: 798
"Cəmiyyətimizdə qadın olmaq"

"Qadın olmaq necə bir şeydir?”-deyə soruşsalar, "İki cür:olması lazım olan və əslində olan”- deyə ikiyə ayıraram. Bir var xəyallarında olan və bir də həyatda yaşadıqları. Qadın incədir. Amma incə olması dərhal məğlub olması demək deyil. Güclüdür də eyni zamanda, o, asanlıqla vaz keçmək istəməz. Dünyanın yaradıcı, yenilənən, təmizləyən, sakit yanıdır qadın. Yalnız sevgi üçün döyüşər qadın və ya sevdiklərini qorumaq üçün. Sevgi ilə edə bilməyəcəyi şey yoxdur bir qadının. Yetər ki, ehtiyacı olan sevgi, maraq, şəfqət və etibarı alsın qarşısından. Qadın olmaq gözəl olmaqdır, gözəllikdir. Gülümsəməkdir, dinclik verməkdir. Qadın olmaq saf olmaqdır, yaxşı düşünməkdir. Ağıldır, amma daha çox duyğudur. Sevildikcə gözəlləşən və həyatı gözəlləşdirəndir. Hər nə olursa olsun, sonda yenə də sevəndir qadın. Buna görə də çox qiymətlidir. Zərifdir, gözəldir, dinclikdir, sevinc, həyatın rəngli tərəfidir qadın. Azad olmaqdır qadın olmaq. Bu o, demək deyil ki, sən sıxma-boğmaya salmasan, azad buraxsan o, mənfi nəsə edəcək. Qadın insandır. O, anadır. Ana isə bir növ yaradan, can verəndir. Əslində təbiətə də baxdığımızda o da anadır. "Ana təbiətdir” deyirik bəzi hallarda. Yuxarıda saydıqlarım çox yaxşıdır. Amma gəlin görək digər yanda, yəni ki, gerçəkdə qadın nədir? Və ya kimdir? Ya da gəlin görək biz analarımıza, başqa sözlə desək qadınlarımıza necə davranırıq?! Uşaqlığından etibarən qorxu ilə böyüməkdir qadın olmaq. Kişilər tərəfindən gözlə, sözlə, bədənlə, davranışla təcavüz edilməkdir və buna səssiz qalmaq məcburiyyətində olmaqdır. Evliliyin, bir kişi tərəfindən özünə bəxş edildiyi fikrinə inandırılmaqdır. Vəzifəsinin yalnız kişini xoşbəxt etmək olduğunu sanmaqdır. Aldadılmanı normal qarşılamaq məcburiyyətində olmaq, özü aldadınca isə əxlaqsız olmaqdır. Birinin yoldaşı, qızı, anası və ya qardaşı ikən müqəddəs olmaq , amma tək başına ikən həmişə ovlanılmalı olan bir hədəf olmaqdır. Həm işdə, həm evdə, həm eşqdə, həm ictimai həyatda mükəmməl olmaq məcburiyyətində olmaq və həmcinsləri ilə döyüşmək məcburiyyətində qalmaqdır. Kişilərin işinə gəlincə şahzadə, işlərinə gəlməyincə fahişə olmaqdır. Bu gün hardasa qadının ixtiyarı olmur adicə öz qərarlarını belə verməyə. Başqaları verir onun qərarlarını. Hələ onun özünün içindəki istəkləri, arzuları demirəm. Ətrafımıza baxanda bu mənzərəni hər bir yerdə və hər bir bölgədə görə bilərsiniz. Cəmiyyət də zatən kişiyə yönəlik cəmiyyətdir. Öz həyatında bir xobbisi, işi, ideyaları olmayan bir qadın nə səbəbə yaşayır? Sadəcə uşaq üçün mü? "Uşağımı böyüdüm, oxudum, o, xoşbəxt olsun”. Bu istəklə mi yaşayır? Bunu başa düşürəm. Yaxşı, bəs özü? Özünün istəkləri, özünün həyatı bəs? Zatən o da 17-18 yaşında evlənərək öz istəklərinin üstündən xətt çəkmədi mi? Özünü boğmadı mı? Evləndiyi də bəlkə də tanımadığı, heç bəlkə görmədiyi biri idi. "Evdəkilər ən yaxşısını bilir, mən də razılaşım” deyərək vaz keçmədi mi çox şeydən? Bu yerdə hansı azadlıqdan danışa bilərik? Biz daha evimizdəki uşağımızın nə istədiyini bilə bilmirik. Bütün bu söylənilənlər qadınlar özlərinə dəyər verdiklərində dəyişəcək. Qadın olmaq əzilmək deyil, "Sən qadınsan, otur oturduğun yerdə” demək deyil. Unutmayaq ki, qadın da insandır. Cəmiyyətin qadını arxa plana atması isə qəbuledilməməlidir.
Amma cəmiyyətin bu baxış tərzi dəyişməlidir qadınlara qarşı. Qadınlar özləri belə qadınlara fərqli baxmalı. Qadınlar özünə dəyər verməli, nə olduğunu xatırlamalı, özünü tapmalı artıq. Ancaq və ancaq bu şəkildə dəyişə bilər.