Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"Dağlıq Qarabağın azərbaycanlı icması"ndan Vyana görüşlərinə reaksiya: “Ermənistanla danışıqlar qısamüddətli olmalıdır”

17-05-2016, 12:33 Baxış: 393
 
"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən gözləntilər var”.
Bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşanın Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan-Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünə münasibət bildirərkən deyib.
 
O bildirib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar davam etdirilməlidir: "Bu danışıqlardan nəsə gözləmək olar. Ancaq Ermənistanla danışıqlar qısamüddətli olmalı və azərbaycanlılar işğal olunmuş torpaqlara qayıtmalıdırlar. Prezidentlərin növbəti görüşünün iyunda keçirilməsi nəzərdə tutulur. Gözləyək, görək nə olacaq”./APA
 
Dağlıq Qarabağın erməni icması ilə görüşə gəldikdə isə B. Səfərov buna Ermənistanın hazırkı hakimiyyətinin icazə vermədiyini qeyd edib.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
 
Tezis.az