Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Regionun "saatlı bomba"sı "Metsamor" haqda bilmədiklərimiz

31-05-2016, 18:48 Baxış: 206

Regionun "saatlı bomba"sı "Metsamor" haqda bilmədiklərimiz

Ermənistandakı "Metsamor” Atom Elektrik Stansiyasının gələcəkdə doğura biləcəyi fəsadlar barədə dünya ölkələrinin KİV-lərinə müxtəlif məlumatlar dərc olunur. Bu məsələ bir çox nüfuzlu Beynəlxalq Təşkilatlarda müzakirəyə çıxarılsada, məsələnin həlli, nəinki ilbəil uzanır, problemin həll variantı, hətta əlçatmaz görünür. 

Onda haqlı sual ortaya çıxır: Ermənistandakı "Metsamor” AES dünya üçün doğrdan da təhlükəli sayılırsa, onda niyə bu stansiyanın bağlanması müşkülə çevrilib? Belə bir qlobal məsələnin həlli üçün nədən dünyanın supergücləri Ermənistana təzyiq etməkdən çəkinirlər?

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov Tezis.az-a bildirib ki, "Metsamor” Atom Elektrik Stansiyasının gələcəkdə doğura biləcəyi fəsadlardan dünya mətbuatında gen-bol danışılsa da, tədqiqatlarımız göstərdi ki, bu atom stansiyası haqqında hələ bilmədiyimiz çox şeylər var. 

"Keçən əsrin ortalarından Ermənistanın enerji asılılığından xilas etmək üçün, SSRİ Nazirlər Soveti qarşısında Ermənistanda AES tikintisinə icazə verilməsi barədə dəfələrlə məsələ qaldırılırdı. Hər dəfə rədd cavabı alan erməni lobbisi, inadından əl çəkməyərək SSRİ hökuməti ilə açıq mübarizə apmağa başladı. Nəhayət, avqust 1966/69-cu illərdə SSRİ Nazirlər Sovetində baxılaraq Ermənistanda "Metsamor” Atom Elektrik Stansiyasının tikilməsi üçün təqdim olunan layihə qəbul edildi. Layihənin ilkin variantı İ.V.Kurçatov adına Atom Enerjisi və Leninqrad İstilikelektiriklayihə İnstitututları tərəfindən hazırlansa da, AES-in baş layihəçisi Qorki adına "Atomistilikelektrolayihə” İnstitutu idi”.

Onun sözlərinə görə, Ermənistanda AES tikintisini get-gələ salan və problem yaradan başlıca səbəb "Metsamor”un seysmik ərazidə yerləşməsi idi. SSRİ Hökuməti bu ərazidə böyük Atom Elektirik Stansiyasının tikilməsini mümkünsüz sayırdı. Ermənilər isə inad edirdilər ki, nəinki Ermənistanı enerji asılılığını ləğv etmək, hətta qonşu dövlətlərə də enerji satmaq üçün bu ölkədə güclü bir atom elektrik stansiyası tikmək vacibdir: "Bu müzakirələrdə erməni lobbisinin təzyiqləri qarşısında duruş gətirə bilməyən SSRİ Nazirlər Soveti başqa kompramis variant irəli sürərək, Rusiyanın İjorsk, Uralmaş, Kirov maşınqayırma zavodlarından hər hansı birinin enerji tələbatı həcmində Ermənistanda bir AES-in tikintisinə icazə verdi. Bununla da 1970-ci ildə Ermənistanın Metsamor qəsəbəsi yaxınlığında bir Atom Elektrik Stansiyasının tikintisinə hazırlıqlar başladı. O zaman AES-n direktoru R.S.Qaleçyan, tikinti rəisi isə A.Q.Meliksetyan təyin edildilər.

Metsamorda VVER – 440, V – 213 tipli iki enerji bloku tikilməsi qərarlaşdırıldı. Lakin bu erməniləri qane etmirdi, onlar daha böyük çox bloklu Atom stansiyasına malik olmaq istəyirdilər, amma zamanın gedişi onların bu arzularının üzərindən xətt çəkdi. 
Belə ki, "Armeniya – 1” adlı birinci enerjibloku 1976-cı ilin dekabırında, "Armeniya – 2” adlı ikinci blok isə 1980-ci ilin yanvarında sınaqdan keçirilərək istifadəyə verildi. Lakin az sonra SSRİ-nin narahatlığının əsassız olmadığı üzə çıxdı. Görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, 15 oktyabr 1982-ci ildə stansiyanın birinci blokunda yanğın baş verdi. 110 yanığısöndürən 7 saat ərzində stansiyadakı yanğını söndürsə də, stansiyaya bir milyon rubl dəyərində zərər dəydi. Stansiyada yanğının baş verməsinə tikinti zamanı yol verilmiş nöqsanlar səbəb olmuşdu. Yanğından sonra stansiyanın birinci blokunun fəaliyyəti dayandırıldı, blokun ərazisində təmir bərpa işlərinə start verildi”. 

Faiq İsmayılov qeyd edib ki, 1986-cı ildə Çernobıl partlayışından sonra, "Metsamor” ərazisində aparılan bütün tikinti bərpa işlərinin dayandırılması haqqında SSRİ tərəfindən qərar verildi. Bundan cəmi iki il sonra (7 dekabr 1988-ci ildə) Ermənistanın Spitak rayonu ərazisində 7 ballıq zəlzələ baş verdi. Bu zəlzələ Ermənistanda güclü dağıntılara və böyük sayda insan tələfatlarına yol açdı. Ümumilikdə, bu zəlzələ Ermənistanda 26 min insanın həyatına ciddi zərər yetirdi:

"Zəlzələdən dərhal sonra "Metsamor”un ikinci blokunun fəaliyyəti dayandırıldı. Sərəncama uyğun olaraq stansiyanın bütün işçi heyəti stansiyanı tərk etdilər. Zəlzələ o zaman stansiya ərazisində Rixter cədvəli ilə 6,25 ballıq təkanlarla qeydə alınmışdı. Bu təkanlar nəticəsində stansiyanın içərisindəki avadanlıqların bir çoxu yerlərində laxlamış, bir çoxları isə yüngül zədələnmişdilər. Halbuki belə bir hadisə baş verməməliydi, çünki bu stansiyanın tikintisi Rixter cədvəli ilə 9,5 bala hesablanmışdı. Hadisədən qorxuya düşən Ermənistan rəhbərliyi təcili olaraq stansiyanın içərisinin yenidən möhkəmləndirilməsi işlərinə başladı. Stansiyada möhkəmləndirilmə işlərinin tamamlanması üçün ABŞ və Avropa ölkələri 200 milyon dollar Ermənistana yardım etdilər.

"Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti mövcud olduğu bütün illərdə mütəxəsislər tərəfindən daim həyəcanla izlənilib. Stansiyanın seysmik zonada yerləşməsi və stansiyanın tikintisində ciddi qüsurlara yol verilməsi və bu səbəbdən də stansiyanın birinci blokunun inşaasından bir neçə il sonra sıradan çıxması, bu baxımdan stansiyanın mühafizəsinin etibarsızlığı mütəxəsislərin narahatlığına səbəb olan amillərdir. 

Bu da onu göstərir ki, "Metsamor” AES mövcud olduğu gündən region üçün ciddi təhlükə mənbəyidir. Bütün bu narahatlıqlara baxmayaraq, AES mövcud olduğu dövrdə ondan 48 446 milyon kvt saat enerji istehlak edilib. Deməli, öz xidməti ilə ömrünü başa vurmuş, indi öz xəstə halını yaşayan stansiyanın tarixə qovuşmasının tam zamanıdır. Bu stansiyanın saxlanması səmərəlilik baxımından da əhəmiyyətsizdir, çünki 1989-cu ildə stansiyanın gücü 3-4 dəfə aşağı düşərək, Ermənistanın enerjiyə olan tələbatının yalnız 20-25%-ni ödəyə bilir. 

"Metsamor” niyə təhlükə mənbəyi sayılır?

Faiq ismayılovun sözlərinə görə, artıq sözügedən AES-in bəşəriyyət üçün təhlükə olduğunu anlayan tanınmış şəxslər həyəcan təbili çalır: 

Qazaxıstanın UNESCO yanında daimi nümayəndəsi, anti-nüvə hərəkatının qabaqcıllarından biri, İctimai-siyasi xadim və diplomat Oljas Süleymenov bildirib: "Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında baş verəcək qəza Cənubi Qafqazla yanaşı, Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün də böyük təhlükə yaradacaq. Öz əhalisinə və qonşu ölkələrə yaratdığı ciddi təhlükəni nəzərə alaraq Ermənistan köhnəlmiş, istismar müddəti bitmiş atom elektrik stansiyasının fəaliyyətini dərhal dondurmalıdır”. 

Sovet dövründən qalma avandanlıqlarla fəaliyyətini davam etdirən "Metsamor” AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. AES-in ətrafında 5 tektonik qırılma (çat) mövcuddur ki, onlardan da ən yaxını stansiyadan cəmi 500 ən uzağı isə 34 km məsafədə yerləşir. "Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Əgər stansiyada qəza baş verərsə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Göründüyü kimi seysmoloji bölgədə yerləşən "Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı təhlükənin coğrafiyası Ermənistan ərazisindən yüz dəfələrlə böyükdür. Öz dövlət ənənələri olmayan Ermənistanın stansiyadakı radioktiv maddələri qara bazarlarda satışa çıxarması, bu maddələrin qaçaqmalçıların əlinə keçməsi təhlükəsini yaradır. Bu isə yaşadığımız dünyanın təhlükəyə atılması deməkdir. Nüvə tullantılarının terror qruplaşmalarının əlinə düşməsi dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi riskini yaradır. Bütün bu faktlar "Metsamor” Atom Elektrik Stansiyasının təkcə region üçün deyil, bütün dünya üçün də təhlükə mənbəyi olduğunu ortaya qoyur”. 

Birlik sədri hesab edir ki, müasir AES-nin tikintisi üçün Ermənistana 5 milyard dollar lazımdır. Halbuki, Ermənistanın büdcəsi bu qədər deyil. Bu məbləği heç bir maliyyə qurumu Ermənistana verməyəcək. Bütün bunları nəzərə alan işğalçı ölkə çıxış yolunu dünyanı təhlükələrlə hədələməkdə görür. 

"Metsamor” AES 25 il istifadə üçün nəzərdə tutulsa da, Ermənistan müxtəlif ölkələrdən kompensasiyalar almaq məqsədi ilə yalan və bəhanələrlə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik vasitəsilə və Rusiyanın dəstəyi ilə stansiyanın istismar müddətini artırmaqda davam edir. Artıq 2016-ci ildə stansiyanın fəaliyyəti üçün əlavə edilən vaxt bitsə də, Ermənistan rəhbərliyi bu stansiyanın fəaliyyətini yenidən azı 10 il uzatmağa cəhd göstərir. Belə olan halda stansiyanin ömrünün uzadılmasına verilən qərar, dünyanı təhlükəyə sürükləmək deməkdir.

Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru, dosent Cengiz Aktar deyib ki, mövcud durumula "Metsamor” AES, Ermənistan, Türkiyə, Gürcüstan, Azərbaycan üçün ən ciddi təhlükədir. Stansiyanın yaşaması ilk növbədə bu ölkələri daha çox narahat etməlidir”.

"Metsamor” AES fəaliyyəti nüvə qaçaqmalçılığına şərait yaradır

Dünyada nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynadığını deyən Faiq İsmayılov hesab edir ki, qonşu dövlətlərin ərazilərində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunub. 

"1999-ci il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. 

2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. 

2003-cü il iyunun 26-da isə Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. 

2003-ci il dekabrın 29-da Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsində "Metsamor” AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 
2004-cü il martın 13-də isə Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. 

2007-ci il oktyabrın 24-də isə Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşı saxlanılıb. 

2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. 

2010-cu ilin martında Tbilisidə biznesmen Sumbat Tonoyan və İrəvan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. 

2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. 

2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib. 

2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. 

2016-cı ilin aprelində isə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər”.

Ekspertin sözlərinə görə, "Metsamor” AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. O, nüvə tullantılarının Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə "çirkli bomba”ların hazırlanması və istifadəsinin kütləviləşməsi riskinin kifayət qədər ciddiləşdiyini vurğulayıb.

"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, Ermənistanın sabiq baş naziri və Ermənistan Milli Konqres partiyasının deputatı Hrant Baqratyanın Ermənistanın xüsusi təyinatlı gizli silaha və ya "nüvə silahına” malik olmaları barədə açıqlamaları "çirkli bomba”ların Ermənistanın özündə də yaradıldığını sübut edir. Ermənistan ərazisindən sərbəst şəkildə radioaktiv materiallar daşınır, Ermənistanın hüquq-mühafizə, sərhəd və gömrük orqanları buna xüsusi şərait yaradır. Bu isə Ermənistanda nüvə tullantılarının satışının təşkili dövlət səviyyəsində həyata keçirildiyi qənaətini yaradır”.

Metsamor AES-in bağlanması üçün Beynəlxalq Koalisiyasının yaradılması, Ermənistanı beynəlxalq qınaq obyektinə çevirə bilərmi?

F.İsmayılov hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin "Metsamor" AES-in bağlanması üçün Beynəlxalq Koalisiyasının yaradılması təklifi önəmlidir və bu məsələnin Beynəlxalq səviyyədə ictimailəşməsinə şərait yarada bilər.

"Fikrimcə, formalaşan Beynəlxalq Koalisiya kampaniya xarakterli fəaliyyət daşımamalıdır. Bu koalisiyaya daxil olan QHT-lər ən azı öz ölkələrində ictimai rəyə təsir edə biləcək gücdə olmalıdır. Koalisiyada fəaliyyət göstərmək istəyən ekspertlərin "Metsamor” AES haqqında yüksək bilgisi, eyni zamanda mətbuat və informasiya orqanlarında çıxışları və məqalələri olmalıdır. Koalisiya Beynəlxalq rəyə təsir mexanizmləri istiqamətində plan və proqramlara malik olmalı, ictimai rəyə hesablanmış ciddi düşünülmüş, təsirli təşviqat materialları hazırlamalıdır. 

Koalisiyanın təşkil edəcəyi tədbirlərin təşkilində dünyada sınanmış effekti təbliğat üsullarından istifadə edilməli, təbliğat işlərinə xüsusi olaraq erməni millətindən olanlar da cəlb edilməlidirlər. 

Tezis.az