Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Bəxtiyar Hacıyev Klinton-Obama-Sanders fərqindən danışdı

7-06-2016, 11:47 Baxış: 490

Bəxtiyar Hacıyev Klinton-Obama-Sanders fərqindən danışdı

"Sanders ABŞ-ın başına Tramp kimi bir bəlanın gəlməsini dəstəkləyir”

Gənc fəal Bəxtiyar Hacıyev ABŞ-da keçiriləcək prezident seçkiləri, prezidentliyə namizədlər Berni Sanders, Hillari Klinton və hazırki dövlət başçısı Barak Obama haqda fikirlərini bölüşüb.

Tezis.az-ın məlumatına görə, B.Hacıyev xatırladıb ki, 8 il əvvəl bu gün, iyunun 7-də Obamadan bütün göstəricilərə görə geridə qalan Hillari Klinton Obamanın namizədliyini dəstəkləmişdi: "2 illik gənc senator uzun illər ABŞ siyasətində establişment adamları, siyasi divlər Hillari Klinton, Co Bayden, sonra isə Con Makkeynə qalib gəlmişdi. Obama qaydaları pozmadan, cığallıq etmədən, pafos, qəzəb püskürmədən, siyasi establişment üzvləri, supernümayəndələrin də dəstəyini qazanaraq əvvəlcə namizəd, sonra prezident oldu. Dəyişiklik söz verdi, çox ABŞ prezidentinin edə bilmədiyi tarixi dəyişikliklərə, uğurlu işə imza atdı. İlkin seçkilərdə Klintonla arasında olan fərq indi Klinton-Sanders arasında olan fərqdən daha az idi. Amma Klinton ağıllı insan idi, başa düşürdü ki, cığallıq etmək, qaydaları oyunun ortasında pozmaq olmaz. Ağıllı insan kimi həm də başa düşürdü ki, demokratlar, ABŞ və dünya üçün Obama respublikaçılardan daha yaxşı namizəddir. Ona görə də Klinton Obamanı, Obama isə iki əsas rəqibi Bayden və Klintonu dəstəklədi, birlik oldular və qələbə qazandılar”.

Onun fikrincə, bu gün bütün göstəricilərə görə Klintondan arxada qalan Sanders və onun tərəfdarları isə əksini edirlər: "Sanders 1 il əvvəl üzv olduğu partiyanın namizədi olmaq üçün qaydaları bilə-bilə, oyunun sonuna gələndə cığallıq edir, qaydaları dəyişməyə çalışır, pafoslu çıxışlarla tərəfdarlarında yanlış və boş ümidlər yaratmağa çalışır. Aradakı fərq 2008-də Klinton-Obamadan çox olsa da, supernümayəndələrin fikrinin dəyişəcəyinə çağırır və ona ümid bəsləyir. Halbuki, özü öndə, Klinton arxada qalsa və bu çağırışı etsə, "əclaf rejim məsum inqilabçı Sandersə qarşı çıxır” deyə tərəfdarlarına çağırış edərdi. Sanders və tərəfdarları indiki etdikləri cığallıqla həm demokratların, həm ABŞ-ın, həm də dünyanın başına Donald Tramp kimi bir bəlanın gəlməsinə dəstək, təkan verirlər. Bizdəki bəzi siyasətçilərin "əsas mən ana müxalifət olum, iş, nəticə, qələbə olmasa da olar, arada bir az da əzilmişlik dramı edərəm, sabit elektoratım ətrafımda qalsın, bəsdir” düşünməsinə bənzəyir Sander tərəfdarlarının indiki mövqeyi”.

Gənc fəal onu da əlavə edib ki, ABŞ-ın ən uğurlu, ən çox sevilən prezidentlərindən olan Obamanın bu günlərdə Klintonu dəstəkləyəcəyi gözlənilir: "Əsl liderlik və müsbət iş təkbaşına, pafosla olmur, koalisiyalarla, lazım gələndə geri çəkilib, səndən yaxşı olanı önə çıxarmaqla olur”.