Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Çavuşoğlu Menbiç planının detallarını açıqladı

5-06-2018, 15:56 Baxış: 217
Çavuşoğlu Menbiç planının detallarını açıqladı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə Menbiçlə bağlı əldə olunan razılaşmanın detallarını açıqlayıb. Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair yol xəritəsi 3 mərhələdə icra olunacaq.
Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. 
Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək. 
Çavuşoğlu onu da vurğulayıb ki, üçüncü mərhələdə Menbiçdə sabitliyin qorunması üçün Ankara, Vaşinqton, Bağdad və Ərbil dördtərəfli əməkdaşlıq edəcəklər. Çünki PKK İraqdakı kürd muxtariyyətinin də düşmənidir. 
Çavuşoğlu daha bir sensasion açıqlama verərək deyib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Belə ki, ABŞ-la olan razılaşmada bununla bağlı ikitərəfli anlaşma əldə olunub. Lakin ABŞ-ın əsl mövqeyi, YPG-ni başqa ərazilərdən çıxarıb-çıxarmayacağı da məhz onda bəlli olacaq. 
Türkiyə xarici işlər naziri onu da əlavə edib ki, Menbiçin terrorçulardan təmizlənməsi 3-6 ay arasında tamamlanacaq və bu prosesdə heç bir üçüncü ölkənin iştirakı olmayacaq. Bu şərt həm Fransa və Böyük Britaniya, həm də Belçikaya aiddir. Çavuşoğlunun sözlərinə görə Menbiçin terrorçulardan təmizlənməsilə bağlı əldə olunan razılaşma Suriyanın gələcək sabitliyi üçün önəmli olmaqla yanaşı, həm də Ankara ilə Vaşinqtonun münasibətlərini yenidən yoluna qoymaq üçün bir fürsət olacaq.