Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Direktor müavini: “300-dən çox yaşayış məntəqəsi təhlükəyə məruz qalıb”

3-06-2016, 19:22 Baxış: 248
Direktor müavini: “300-dən çox yaşayış məntəqəsi təhlükəyə məruz qalıb”

"Əldə olunmuş yeni elmi materiallar emal edilərək Azərbaycan ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyən edilib".

Tezis.Az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) müxbir üzvü Elbrus Əlizadə AMEA-nın Yer Elmləri Bölməsinin növbəti iclasında deyib.

Alim bildirib ki, müasir qlobal iqlim dəyişiklikləri və Yer kürəsində təbii geosistemlərə olan təbii-antropogen təzyiqlər durmadan artır. Bu isə, öz növbəsində ekocoğrafi mühitdə əvvəllər müşahidə olunmayan ekodinamiki gərginliklər yaradır. Elbrus Əlizadə ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb. 

Direktor müavini Coğrafiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan danışıb: "İnstitutda qlobal iqlim dəyişiklikləri fonunda ölkə ərazisində gərgin təbii antropogen şəraitdə formalaşan landşaft-geomorfoloji geosistemlərinin müasir vəziyyəti, yeni metod və üsullardan – aero və kosmik şəkillərin rəqəmsəl deşifrlənməsi, onların ARCGİS mühitdə təhlili, morfometrik, statistik və s. – istifadə etməklə tədqiq edilib".

O, ilk dəfə olaraq iri və ortamiqyaslı "Azərbaycan Respublikasının müasir landşaftı" və "Azərbaycan Respublikasının geomorfoloji" xəritələrinin hazırlandığını da diqqətə çatdırıb.

E.Əlizadə bildirib ki, əldə olunmuş yeni elmi materiallar emal edilərək ölkə ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyənləşdirilib: "Məlum olub ki, təbii dağıdıcı hadisə və proseslərin başvermə tezlikləri artıb, onların əhatə etdikləri ərazilər genişlənib və 10 minlərlə əhalinin yaşadığı 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb".

Bakı ərazisində sürüşmə prosesinin inkişaf dinamikasının tədqiq edildiyini deyən alim paytaxtın perspektiv inkişaf planı nəzərə alınmaqla sürüşmə-uçqunların potensial yayılma areallarının aşkarlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir.

Elbrus Əlizadə vurğulayıb ki, alınan kompleks məlumatlar emal edilərək ölkə ərazisindəki geokomplekslərdə müxtəlif məzmunlu və istiqamətli landşaft-ekoloji qiymətləndirilmələr aparılıb. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu əsaslandırılıb.

Direktor müavini: “300-dən çox yaşayış məntəqəsi təhlükəyə məruz qalıb”