Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Səadət Bənənyarlı: “Formula 1-lə bağlı boykot çağırışlarını qəbul etmirəm”

17-06-2016, 17:30 Baxış: 487

Səadət Bənənyarlı: “Formula 1-lə bağlı boykot çağırışlarını qəbul etmirəm” 

Hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun katibi Səadət Bənanyarlı Tezis.az-ın suallarını cavablandırıb:

- Səadət xanım, ötən gün 3500 nəfərin azadlığa buraxılmasını nəzərdə tutan Amnistiya aktının icrasına başlanıldı. Amnistiya təşəbbüsünü necə dəyərləndirirsiniz?

-Hüquq müdafiəçisi kimi Amnistiya aktı ilə bağlı təşəbbüsü müsbət qiymətləndirirəm. 2 gün bundan qabaq Amnistiya aktının icrasına başlanıldı, həmin gün 350 məhbus azadlığa çıxdı. Bütövlükdə 10 min insana şamil olunan bu aktın tətbiqi nəticəsində 3500 nəfərazadlığa qovuşacaq.Bu, çox gözəl haldır.

- Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü kimi cəzaçəkmə müəssisələrində monitorinqlər keçirmək imkanınız olur. Məhkumlarınhəbsxanalarla bağlıəsasən nə kimi irad və təklifləri olur?

- İctimai Komitə bir neçə ildir fəaliyyət göstərir, mütəmadi olaraq cəzaçəkmə müəssisələrinin monitorinqləri aparılır. Ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən İctimai Komitə üzvlərinə xüsusi buraxılış vəsiqələri verilib ki, onunla istənilən vaxt cəzaçəkmə müəsisəsinə daxil ola bilirik. Hər hansı hadisə baş verərsə və ya şikayət olarsa, bizə onu araşdırmaq imkanı yaradılıb. Həbsxanalardakı vəziyyətə gəlincə, onlar bir-birindən fərqlidir. Bir çox həbsxanalar köhnə tiplidir, Sovet sistemindən qalma barak formasında cəzaçəkmə müəssisələridir. Mütəmadi olaraq islahatlar aparılsa da, yəqin bu məsələ də birdən-birə həll oluna bilməz. Beynəlxalq standartlara cavab verə biləcək cəzaçəkmə müəssisələrinin inşa olunması həm gündəmdədir, həm də buna ehtiyac var.

- İnsan Hüquqları üzrə Birgə İşçi Qrup fəaliyyətini bərpa edəndən sonra onun fəaliyyəti birmənalı qarşılanmadı. Xüsusilə məhbus siyasilərin azad olunmasında İşçi Qrupun təsirləri hiss olunur. Öz fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Çox istərdim ki, İşçi Qrupu qınayanların əsaslı fikirlərini eşidim. Söz deyən çox olar, bizdə söz azadlığıdır, kim nə istəsə deyə bilər, amma həmin söz əsaslandırıb deyilməlidir. İşçi Qrup elə bir platformadır ki, orada dövlət və hökumət strukturları ilə dialoq apara bilirik. Hüquqları məhkəmə tərəfindən pozulan insanların problemlərini qaldırırıq. Nəticədə qaldırılan məsələlərin həmin strukturlar tərəfindənaraşdırılmasına nail oluruq və müəyyən nəticələr əldə edirik. Bunu özü-özlüyündə irəli addım kimi qiymətləndirirəm. İşçi Qrup böyük işlər görür. Təkcə siyasi hüquqları pozulmuş insanlar deyil, mülki və sosial hüquqları pozulan şəxslərlərin problemi həll olunur. 4 uşaq anası olan bir qadının məsələsi vardı, cinayət törətmişdi, amma yumşaldıcı məqamların nəzərə alınmasını xahiş etmişdik. İşçi Qrupun fəaliyyətinə cəmiyyət tərəfindən ehtiyac var. Bizə gələn ərizə və müraciətlər bunu göstərir. Hüquq müdafiəçiləri mütəmadi olaraq yığışırıq, ərizələrə baxırıq, müraciətlər müvafiq strukturlara göndərilir və hər bir sorğumuza cavab alırıq. Ya müsət cavab olur, mənfidirsə, əsaslandırıb cavab verirlər.

- Ölkə başçısının son əfv sərəncamından sonra məhbus siyasilərin böyük əksəriyyəti azadlığa çıxdı. Bununla belə beynəlxalq təşkilatlar yenə Azərbaycanı tənqid edir. "Freedom House” təşkilatı Azərbaycanda 80-dən çox siyasi fəalın həbsdə olduğunu bəyan edib, bu gündən start verilən Formula 1 yarışı ilə bağlı boykot çağırışları edib. Sizcə blə çağırışların səngiməməsinin səbəbi nədir?

- Avropa Şurasının standarlarına uyğun olaraq siyasi motivlərlə həbs edilmiş şəxslərdən 8 nəfəri siyahımıza daxil etmişik. Bu adamların azadlığa çıxması üçün öz fəaliyyətimizi davam etdiririk. İstər "Avroviziya” mahnı yarışması, istər I Avopa Oyunları, istərsə də Formula 1 yarışları zamanı boykot çağırışlarını heç cür qəbul etmirəm. Hesab edirəm ki, heç bir insan siyasi baxışlarına görə həbsdə olmamalıdır. Formula 1 yarışına görə "Freedom House”un çağırışına gəlincə, əslində bu təşkilatın özünün Azərbaycana olan münasibəti birmənalı deyil. Bu da öz əksini belə bəyanatlarda tapır.

- "Siyasi məhbus” və "vicdan məhbusu” anlayışları beynəlxalq standartlarda necə təqdim edilir?

- Əlbəttə, siyasi məhbus haqqında müəyyən qəbul olunmuş kateqoriyalar var. Amma bu gün təəssüf ki, Azərbaycanda çox adamlara şamil edirlər, biz isə bunu qəbul etmirik.

- AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda Siz də daxil olmaqla, hüquq müdafiəçiləri ilə görüşdə Qarabağ məsələsinə münasibət bildirməkdən imtina edib. Bunan səbəb nə idi?

- Bu hal birinci dəfə deyildi. Bundan öncə də Qarabağ məsələsinə toxunmaq istəyəndə vaxt azlığını əsas gətirib imtina etmişdilər. Budəfəki görüşdə də eyni hal təkrarlandı. AŞPA həmməruzəçiləri mandatlarına uyğun olmadığına görə vaxt azlığını önə çəkdilər və Qarabağ məsələsinə toxunmamağı tövsiyə etdilər. Azərbaycana gəlişləri ilə bağlı çərçivə var. Onlar hesab elədilər ki, Qarabağ məsələsi mandatlarına daxil deyil. Amma biz düünürük ki, Qarabağda on minlərlə Azərbaycan vətəndaşının hüquqları pozulub, onların hüquqlarının bərpası üçün beynəlxalq qurumlar çalışmalıdır. Hər fəaliyyətimizdə beynəlxalq təşkilatları hüquqları Qarabağda tapdanmış vətəndaşlarımız barədə məlumatlandırırıq.

Ləman