Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - Video

16-11-2018, 19:49 Baxış: 195
İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı indiyədək görülmüş və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən yenidən inşa olunan üçmərtəbəli Sumqayıt Dəmir Yolu Vağzalı binasının ümumi sahəsi 5,5 min kvadratmetrdir. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet kassaları, məlumat bürosu, polis məntəqəsi, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Müasir dizaynla tərtib olunmuş istirahət guşələri sərnişinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
İkinci mərtəbədə ofis və maşinistlər üçün istirahət otaqları, mətbəx yerləşir. Binada müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemi quraşdırılıb. Vağzalın zirzəmi hissəsində avtomobil dayanacağı yaradılıb. Əlavə olaraq stansiyada turniket binası, ikimərtəbəli rele və işarəvermə qurğuları binası, hündür və alçaq platformalar, elektrik yarımstansiyası, su nasosxanası, qazanxana və yol sahəsinin məntəqə binası fəaliyyət göstərəcək. Bildirildi ki, stansiyada, ümumilikdə, 7 yol yenidən qurulub və çəkilmiş ümumi dəmir yollarının uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yoldəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. Bütün stansiyaboyu rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən quraşdırılıb. Vağzal kompleksinin ətrafında yaşıllıq və abadlıq işləri görülüb. Ərazi boyunca müasir işıqlandırma sistemi quraşdırılıb. Vağzalın belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin uğurla davam etməsinin daha bir nümunəsi olmaqla ölkənin polad magistrallarının inkişafına göstərilən dövlət qayğısının davamlı xarakter aldığını nümayiş etdirir. Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə Bakıya yola düşdü.
Son illərdə lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində görülən tədbirlər nəticəsində İsveçrənin "Stadler Rail Group” şirkətindən "KISS” markalı ikimərtəbəli elektrik qatarları alınaraq ölkəmizə gətirilib. Həmin qatarlar 2015-ci il sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb və qatarın yolasalma mərasimində Prezident İlham Əliyev iştirak edib. "Stadler Rail Group” şirkətindən alınan bu elektrik qatarları sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçündür. Dörd vaqondan ibarət olan ikisistemli elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir. Qatar saatda 160 kilometr sürətlə hərəkət edir. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçirilir. Sərnişinlərin sayından asılı olaraq, hərəkət qrafikinə əlavələr edilə bilər. Bildirildi ki, Bakı-Sumqayıt marşrutu ilə sərnişinlərin yüksək sürətlə və rahatlıqla daşınmasını təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılıb.
Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yolları əsaslı təmir olunub. Prezident İlham Əliyev Bakı Dəmir Yolu Vağzalına gəldi. Dövlətimizin başçısı "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2016-cı ildən bəri alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikaları ilə də tanış oldu. Bildirildi ki, dəmir yollarında xidmətin keyfiyyətinin yüksəldilməsi, habelə dəmir yolu xətlərinin inşası, təmiri və istismarına nəzarəti təmin etmək məqsədilə göstərilən dövrdə müasir beynəlxalq standartlara uyğun bir çox yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikaları alınaraq istismara verilib.
"EVOLUTİON” seriyalı teplovoz Qazaxıstan istehsalıdır. Lokomotiv 2015-ci ildə istehsal olunub və saatda 120 kilometr sürətlə hərəkət edir. Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanın "Elektrovozquraşdırma” şirkətində istehsal olunub və sürəti saatda 100 kilometrdir.
Dövlətimizin başçısına "Alstom Transport” ikisistemli sərnişin lokomotivi də təqdim olundu. Fransanın "Alstom Transport” şirkəti tərəfindən istehsal edilən bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir. Bütövlükdə, Avstriya, Rusiya, Çexiya və digər ölkələrdən alınan yeni lokomotiv və avadanlıqlar təmir-tikinti və istismar proseslərinin tamamilə avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə imkan yaratmaqla əl əməyini tədricən aradan qaldırır. Yeniliklər həm də nəqliyyatın hərəkətini dayandırmadan köhnə relslərin yeniləri ilə əvəz olunması, şpalların dəyişdirilməsi, yol yataqlarının yenidən qurulması, yolların ətrafının təmizlənməsi, elektrik xətlərinin və dirəklərinin əvəzlənməsinə əlverişli şərait yaradır. Bildirildi ki, alınan yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif texnikalar həm də dəmir yollarında daşımaların təhlükəsizliyini gücləndirəcək, xüsusilə də sərnişinlərə xidmətin keyfiyyətini daha da yüksəldəcək. Yeni texnikalar dəmir yolu xətlərinin inşasının, təmiri və istismarının müasir standartlara çatdırılmasını təmin edəcək.
Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Bu model bu gün Azərbaycanı Qərblə Şərq, Şimalla Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.
Sonda xatirə şəkl çəkdirildi.