Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Deputat Formula-1-i eyvandan izləyəcək-SORĞU

13-06-2016, 21:30 Baxış: 454

Deputat Formula-1-i eyvandan izləyəcək-SORĞU 

"Formula-1” yarışlarının keçirilməsinə sayılı günlər qalıb. İlk dəfə Bakıda keçiriləcək yarışa maraq olduqca yüksəkdir.


İyunun 17-də start götürəcək Avropa Qran-Prisini izləmək üçün paytaxta Avropa ölkələrindən, eləcə də Rusiyadan xeyli sayda tamaşaçının gələcəyi gözlənilir. Artıq biletlərin demək olar ki, hamısının satıldığı bildirilir. 

Bəs, Milli Məclisin deputatları "Formula-1” yarışlarını izləyəcəklərmi? 

Yarışların maraqlı olacağını deyən millət vəkili Aydın Mirzəzadə "Formul-1”i mütləq izləyəcəyini bildirib.

"Hələlik yarışları izləmək üçün bilet almamışam. Milli Məclisin deputatları bir qayda olaraq belə tədbirlərə dəvət olunurlar. Dəvətnamə verilməsə, bilet alaraq oğlumla birlikdə yarışları izləyəcəyəm”. 

A.Mirzəzadə qeyd edib ki, artıq yarışın şərtləri ilə bağlı internetdən xeyli məlumat əldə edib: "Hazırda komandalar və onların tərkibi ilə bağlı məlumat toplayıram. Belə bir yarışın Bakıda keçirilməsi fəxr olunası hadisədir. Yarışlar zamanı ölkəmizə yüzminlərlə xarici turist gələcək. Eyni zamanda Azərbaycanda keçirilən yarış barədə informasiyanın xarici telekanallarda yayılması bizim üçün böyük fəxarətdir”.

Deputat Araz Əlizadə isə yarışları izləməyəcəyini söyləyib: "Maşınların gözümün qarşısında hərəkət etmələrindən əsəbləşirəm. Ona görə də yarışları izləmək niyyətində deyiləm. Yarışların keçiriləcəyi günlərdə ya dostlarımın bağında, ya da evdə olacağam”.

Milli Məclisin digər üzvü Musa Qasımlı həmin vaxt xaricdə olacağından yarışları izləyə bilməyəcəyini deyib: "İyunun 18-də xaricdə olacağam. Görünür, belə möhtəşəm idman yarışını canlı izləmək mənə qismət olmayacaq”. 

Millət vəkili Musa Quliyev isə "Formula-1” yarışlarını izləyəcəyini bildirib: "Biletlərimiz artıq hazırdır. Səbrsizliklə yarışların başlayacağı günü gözləyirik”.

Deputat Rövşən Rzayev yarışları izləmək üçün bilet almaq fikrindədir: "Hələ bilet almamışam. Ancaq, almaq niyyətindəyəm. Əgər bilet ala bilməsəm, yarışı evdə ekran başından izləyəcəyəm”. 

Millət vəkili Tahir Kərimli bilet almasa da, yarışları canlı izləyəcək: "Yaşadığım evin eyvanı "Formula-1” yarışlarının keçiriləcəyi mərkəzi küçələrdən birinə açılır. Oğlanlarımla birlikdə yarışları eyvanımızdan izləyəcəyik. Bu səbəbdən bilet alaraq yarışları tribunadan izləmək fikrində deyiləm”. /Azvision.az