Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Ramil Quliyev: "Ən böyük hədəfim olimpiya çempionu olmaqdır"

29-03-2019, 19:37 Baxış: 53
Ramil Quliyev: "Ən böyük hədəfim olimpiya çempionu olmaqdır""Ən böyük hədəfim olimpiadalarda qızıl medal qazanmaqdır.
Bunu reallaşdıraraq "3-lüy"ü tamamlayacağam".
Bu fikirləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.
29 yaşlı idmançı yeni mövsüm üçün hazırlığının Antaliyadakı Belek Turizm Mərkəzində sıx qrafiklə davam etdiyini bildirib. Quliyev mayın 5-də Qətərin paytaxtı Dohada keçiriləcək Brilliant Liqa yarışı ilə yeni mövsümə başlayacağını söyləyib. Atlet Brilliant Liqadan savayı 27 sentyabr - 6 oktyabrda Dohada təşkil olunacaq dünya çempionatınadək digər turnirlərə də qatılacağını deyib: "Ümid edirəm ki, bu il yaxşı keçəcək. Təbii ki, bütün hazırlıqlarımı 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün edirəm". Son dünya çempionatının qalibi olan idmançı bu nəticənin ona hər hansı bir təzyiq yaratmayacağını bildirib: "Builki dünya çempionatında rahat yarışacağam. Qızıl medala, rəqiblərimə nisbətən bir addım daha yaxınam.
Yenidən bu uğuru təkrarlamaq üçün çalışıram". Quliyev ciddi bir zədə ilə qarşılaşmayacağı təqdirdə ən azı daha 8 il karyerasına davam edəcəyini sözlərinə əlavə edib: "Tokio-2020" son olimpiadam olmayacaq. Karyerama davam edəcəyəm. 2020-ci ildən sonra daha bir olimpiada görəcəyimə inanıram".
Təcrübəli atlet karyerasını başa vurduqdan sonra idman mərkəzi açmaq istədiyini də diqqətə çatdırıb: "Bakıda Respublika Olimpiya İdman Liseyində təhsil almışam. Orada bütün idman növləri üzrə dərslər keçilirdi. Həm idman, həm də təhsil eyni yerdə idi. İdmanla təhsilin birgə olması çox önəmlidir. Təhsil, idman və digər bütün ehtiyaclar eyni yerdə olmalıdır. Bundan sonra idmançılar uğurlar qazana bilər. Türkiyədə belə bir idman mərkəzi açmaq istəyirəm".