Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Xarici bazarlarda Azərbaycan gilasına tələbat var

9-06-2016, 12:08 Baxış: 225

Xarici bazarlarda Azərbaycan gilasına tələbat var

Azərbaycanın xaricə ixrac etdiyi kənd təsərrüfatı məhsulları sırasında gilas önəmli yer tutur. Hazırda bu meyvənin ixrac olunduğu əsas ölkə qonşu Rusiya Federasiyasıdır.

Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu bildirirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.

Xaçmaz rayonunun Qoçaqlı kəndindən olan sahibkar Həbib Nəbiyev AZƏRTAC-a müsahibəsində son illər rayonda gilas bağlarının sahəsinin xeyli artığını söyləyib. Təsərrüfatçı bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirir.

Təsərrüfatçının sözlərinə görə, gilas bağlarının sahələrinin artması ilə yanaşı, daha məhsuldar, bazarda tələbat çox olan sortların yetişdirilməsinə də üstünlük verilir. "Azərbaycanda yetişdirilən gilas həm dadına, həm də keyfiyyətinə görə fərqlənir. Hələ sovet dövründə respublikamızda yetişdirilən gilas bütün ittifaq respublikalarına ixrac olunurdu. Ölkəmizin müstəqilliyinin ilk illərində kəndimizdə yetişdirilən gilası hətta Skandinaviya ölkələrinə də aparırdıq. Uzaq məsafəyə aparılsa da, meyvənin keyfiyyəti olduğu kimi qalırdı. Bu ənənəni indi də davam etdirmək olar. Hazırda Avropa ölkələrində təbii yolla yetişdirilən, ekoloji təmiz məhsullara tələbat daha çoxdur”.

Hazırda təkcə Qoçaqlı kəndində min hektara yaxın gilas bağı var. Burada yaşayan əhalinin əsas gəlir mənbəyi də bu bağlarda yetişdirilən meyvədən əldə olunur.

İyun ayı gilas yığımının ən qızğın çağıdır. Hazırda Xaçmaz rayonunda gilasın "Krım” və "Romanovka” sortları yığılır. Məhsul topdansatış qiymətinə birbaşa bağda satılır. Qiymətlər gilasın növünə və keyfiyyətinə görə dəyişir. Ən ucuz gilasın bir kiloqramı alıcılara 1.50 qəpiyə, seçilmiş məhsul isə 3-4 manata təklif olunur.