Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

ABB London Apellyasiya Məhkəməsinin qərarına münasibət bildirib

21-12-2018, 14:11 Baxış: 127
ABB London Apellyasiya Məhkəməsinin qərarına münasibət bildirib
Xarici kreditorların Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinə iddia tələblərinə qarşı müddətsiz moratorium qoyulmasının qəbul edilməməsi barədə London Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarına bank öz münasibətini açıqlayıb.
ABB-dən verilən məlumata görə, bankın iki xarici kreditorun şikayəti üzrə qəbul edilmiş bu qərarla bağlı açıqlamasında qeyd edilir ki, bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi Böyük Britaniya ərazisində 06 iyun 2017-ci il tarixindən qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınıb.
Məlumatda qeyd olunub ki, bu qərar hələ də öz qüvvəsindədir. "London Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı isə gözlənilən idi.
Birinci instansiya məhkəməsinin 2018-ci ilin əvvəlində qəbul olunmuş qətnaməsində qeyd edilib ki, transsərhəd müflisləşməsi və iflas proseslərinə münasibətdə Gibbs qanununun tətbiq edilib-edilməməsi Ali Məhkəmənin səlahiyyətinə aiddir.
Apellyasiya məhkəməsinin son qərarında da hakim təsdiq edib ki, Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə dair hər hansı hərəkətlərin kreditorlar tərəfindən aparılmasına müddətsiz moratorium elan etmək səlahiyyətində deyil.
Çünki, Böyük Britaniya ərazisində Gibbs qanunu həm birinci instansiya məhkəmələri, həm də apellyasiya məhkəmələri üçün məcburi xarakter daşıyır. "London Apellyasiya Məhkəməsinin bu son qərarı isə transsərhəd effektinə malik deyil və yalnız Böyük Britaniya ərazisində qüvvədədir. Bank bu qərarla bağlı Böyük Britaniya Ali Məhkəməsinə sikayət vermək hüququndan istifadə edəcək”, - deyə Azərbaycan Beynəlxalq Bankının açıqlamasında göstərilib.
Bankdan bildirilib ki, "Sberbank” və "Franklin Tempelton”a Azərbaycan Beynəlxalq Bankına qarşı iddia qaldırmaq hüququ verilsə də, onlar banka qarşı irəli sürülmüş iddia ilə bağlı başlamış məhkəmə prosesi çərçivəsində məhkəmə qətnaməsini ala və icraya yönəldə bilməzlər:
"Apellyasiya məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd edilib ki, bu məhdudiyyət Ali Məhkəmə tərəfindən məsələ üzrə qərar verilənədək qüvvədə olacaq”. Açıqlamada o da bildirilib ki, bir sıra media orqanlarında bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
London Apellyasiya Məhkəməsinin qərarı ilə "Sberbank” və "Franklin Tempelton”a Azərbaycan Beynəlxalq Bankının aktivlərinə tutma yönəltmək hüququ verilməyib:
"Bu hüququ əldə etmək üçün həmin kreditorlar Ali Məhkəmənin qərarını gözləməli və qalib gəlsələr, ayrıca iddia qaldırmalıdılar.
Böyük Britaniyada Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planına qarşı çıxan iki kreditorun tələb hüquqları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlar qismində təmin edilib.
Bu isə bankı həmin iddialar üzrə gələcək risklərdən qoruyur”. Xatırladaq ki, restrukturizasiya planına uyğun olaraq Sberbanka 20 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə 16 milyon ABŞ dolları dəyərində qiymətli kağızlar təklif edilib.
Nəticədə Sberbankın Azərbaycan Beynəlxalq Bankına qarşı əsas məbləğ üzrə iddia tələbi cəmi 4 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, restrukturizasiya planını qəbul etməyən "Sberbank" və "Franklin Tempelton"la bağlı öhdəliklər restrukturizasiya olunmuş öhdəliklərin ümumi məbləğinin cəmi 5 faizini təşkil edir.