Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

SOCAR nanohissəciklərin istehsalına başlayıb

28-12-2018, 12:41 Baxış: 182
SOCAR nanohissəciklərin istehsalına başlayıb
SOCAR-ın öz imkanları ilə istehsal edilən nanohissəciklər istehsalat proseslərində səmərəliliyi artıracaq və idxalı əvəzləyəcək.
Şirkətdən bildirilib ki, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutunda nanohissəciklər istehsal edən avadanlığın istismara verilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Bəhram Hüseynov və Yaşar Lətifov, yeni avadanlığın hazırlanması layihəsində şirkətin tərəfdaşı olan Rusiyanın "Rostovıye Texnologiyi” şirkətinin baş direktoru Pavel Fyodorov, "Neftqazelmitədqiqatlayihə” İnstitutunun və "Nanotexnologiyalar” Departamentinin rəhbərliyi iştirak edib.
SOCAR-ın baş ofisinin "Nanotexnologiyalar” Departamenti 2016-2020-ci illər üçün "Nanoneft” proqramı çərçivəsində növbəti illərdə nanotexnologiyaların tətbiq istiqamətlərinin və coğrafiyasının daha da genişləndirilməsini, bununla bağlı istifadə ediləcək metal nanohissəciklərin miqdarının xeyli artacağını nəzərə alaraq Rusiyanın "Rostovıye Texnologiyi” şirkəti ilə birgə nanohissəciklər istehsal edən yeni avadanlıq layihələndirib, eyni zamanda, avadanlıq üçün elektrik partlayışı üsuluna əsaslanan istehsal texnologiyası işləyib. "Neftqazelmitədqiqatlayihə” İnstitutunda quraşdırılan bu avadanlıq müxtəlif ölçülü metal nanohissəcikləri istehsal etməyə imkan verir. Texnoloji proses zərərli kimyəvi maddələrdən istifadə etmədən az miqdarda inert qaz sərf etməklə qapalı şəraitdə aparılır. Yeni avadanlıqda xüsusi səth sahəsi 25-30 m2/qr olan, 20-100 nm ölçülü müxtəlif metalların nanohissəcikləri istehsal ediləcək.
Əldə edilən nanohissəciklər daha sonra qazma, hasilat və digər istehsalat proseslərinin səmərəsini artırmaq üçün nanosistemlərin hazırlanmasında istifadə olunacaq.
SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib:
"İkiillik əməyin nəticəsi olan, metal və qeyri-metal nanohissəcikləri istehsal edən avadanlığın istismara verilməsi bu sahədə çəkilən xərclərin azaldılması və xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Bu avadanlığın məhsulundan gələcəkdə ölkə daxilində digər qurumlar da istifadə edə bilərlər”.
Qeyd edək ki, SOCAR-ın "Nanotexnologiyalar” Departamenti neft-qaz sənayesində nanotexnologiyaların işlənməsi, tədqiqi və tətbiqi ilə məşğuldur. Departamentdə işlənmiş metal nanohissəciklər əsaslı nanosistemlər hasilat, qazma, neftin nəqli, neft-kimya və ekologiyada tətbiq olunur.