Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

“İnnoFest Village” maraqlı tədbirlərlə davam edib

“İnnoFest Village” maraqlı tədbirlərlə davam edib
"İnnovasiya Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan "İnnoFest Village” maraqlı tədbirlərlə davam edib.
 "İdeyadan biznesə - İ2B Junior” layihəsi təqdim olunub. Layihə özündə "Idea Generator” platformasının da ilkin nümayişini əhatə edib.
Festival iştirakçılarının öz innovativ ideyalarını həyata keçirməsi üçün bir neçə mərhələdən ibarət olan təlimlər təklif olunub. Layihənin növbəti il ərzində regionlarda mütəmadi keçirilməsi nəzərdə tutulur. Final mərhələsi ilin ikinci yarısında keçiriləcək. "İdeyadan biznesə” layihəsi çərçivəsində Bakıda yerləşən ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsinin nəticələri müəyyən olub. Heydər Əliyev Mərkəzində keçirilən Bakı finalında "NanoDesal”, "AntiAge şirəsi”, "NanoDesal”, "HealWith”, "Bumeranq”, "AgroShare”, "Plan to plant”, "Game of war and modern technologies”, "Palliativ qayğı” və "Buqələmun” layihələri qalibiyyət uğrunda mübarizə aparıb. Final mərhələsində layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim edilib. Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin prototipinin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi göstəricilər üzrə qiymətləndirmə aparılıb. "NanoDesal” layihəsi birinci yerə layiq görülüb. "HealWith” layihəsi ikinci, "AgroShare” üçüncü olub. Hər üç layihə avqustun sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi "İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "İdeyadan biznesə” layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzlərinin nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər. Oktyabrda keçiriləcək milli finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Sonda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstərəcək. Həmçinin, Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı ("DronTech”) keçirilib. "DronTech” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "RoboPark”ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən təşkil olunub. Olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arası 25 şagird ən uğurlu pilot olmaq uğrunda mübarizə aparıblar. Şagirdlər öz gücünü "Drone Race”, "Drone Football” və "Drone Challenge” olmaqla 3 fərqli kateqoriyada sınayıblar. Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif edilib. "Drone Race” üzrə 1-ci yerə Eldar Mustafayev, 2-ci yerə Emil Abbasov, 3-cü yerə Ömər Hacıhəsənli layiq görülüb. "Drone Football” kateqoriyasında Saleh Quluzadə 1-ci, Polad İsmayıllı 2-ci, Eldar Mustafayev 3-cü olub. "Drone Challenge” kateqoriyasında isə Eldar Mustafayev qələbə qazanıb. Ömər Hacıhəsənli və Əli Məmmədquliyev müvafiq olaraq, 2-ci və 3-cü yerə çıxıblar. Qaliblər Azərbaycanda ilk dron pilot uçuş vəsiqələrini əldə ediblər. "İnnoFest Village”də təşkil olunan tədbirlərdən biri də "TechFest” sərgisi olub. Sərgi ABŞ-ın ölkəmizdəki səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Mars Academy” tərəfindən Bakıda ilk dəfə keçirilib. "TechFest Bakı” yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, ustad dərslərində iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək üçün geniş imkanlar təqdim edib. Yerli "maker”lər öz məhsullarını innovasiyalar agentliyinin stendində nümayiş etdirib. "İnnoFest Village”i ziyarət edən ABŞ-ın ölkəmizdəki səfiri Li Litsenberqer "TechFest” sərgisində olub.
O, ən çox bəyənilən layihələri mükafatlandırıb. "Additional Electric Suply for Electric Cars”, "İnvisible Energy” və "Click Energy” mükafat alan layihələr olub.