Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Macarıstan şirkəti “Chevron”un AÇG və BTC-dəki payını alıb

4-11-2019, 16:23 Baxış: 11
Macarıstan şirkəti “Chevron”un AÇG və BTC-dəki payını alıb
Macarıstanın MOL şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalayıb.
Bu barədə MOL şirkəti məlumat yayıb.
"MOL Group” ABŞ-ın "Chevron” şirkətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9%-lik payını almaq üçün razılaşıb.
"MOL "Chevron Global Ventures Ltd” və "Chevron BTC Pipeline” şirkətləri ilə AÇG-dəki 9,57%-lik və BTC-dəki 8,9%-lik payın alınması üçün müqavilə imzalayıb.
 
Müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dolları (alqı-satqı tamamlanarkən düzəliş mümkündür) təşkil edir",- məlumatda qeyd edilib. Satınalma prosesinin 2020-ci ilin II rübündə tamamlanması gözlənilir.
Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olacaq.
Xatırladaq ki, AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
2017-ci il sentyabrın 14-də "Azəri”, "Çıraq” yataqları və "Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.
 
Bu saziş blokun 2049-cu ilin sonuna qədər işlənilməsini nəzərdə tutur. Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir:
BP (30,37 faiz), SOCAR (25,0 faiz), "Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), "Equinor” (7,27 faiz), "ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), "ONGC Videsh Limited” (OVL) (2,31 faiz).
 
BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır.
 
Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və "Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.