Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Azərbaycan 2020-ci ildə Avropa bazarlarına daha geniş həcmdə nar ixrac etməyi hədəfləyib

29-12-2019, 09:34 Baxış: 95
Azərbaycan 2020-ci ildə Avropa bazarlarına daha geniş həcmdə nar ixrac etməyi hədəfləyib
 
"2020-ci ildə Azərbaycan Avropaya nar ixracını genişləndirəcək”.
 
Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.
 
O bildirib ki, bu il Fransaya 18 ton nar ixrac edilib: "Fransanın Azərbaycan narına marağı böyükdür. Bizim narımız Fransada böyük rəğbətlə qarşılandı.
 
Gələn il Fransaya nar ixracında daha böyük rəqəmlər qeydə alınacaq.
 
Fransa ilə yanaşı, bu il Polşaya 36 ton nar ixrac etdik.
Polşanın da Azərbaycan narına marağı böyükdür.
Onlar bizdən yenə də nar ixracını həyata keçirməyimizi istədilər.
Lakin Avropa standartlarına uyğun məhsul vermək bizə çətin oldu.
 
Çünki Polşa ilə müqavilə gec bağlanmışdı. Hesab edirəm ki, gələn il Polşaya da Azərbaycan narının ixracı geniş həcmdə olacaq.
Ümumiyyətlə, Avropa ölkələrində yeni ixrac bazarları tapmaq istəyirik”.
 
F.Qaraşovun sözlərinə görə, Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) "Made in Azerbaijan” brendinin təbliği ilə bağlı xarici ölkələrdə də bir sıra sərgilərdə iştirak edir:
"Məqsədimiz budur ki, bir sıra məhsullarımızı nar daxil olmaqla, Azərbaycan brendini xarici ölkələrdə tanıdaq”.
 
2018-ci ildə ölkədə 155 min ton nar istehsal olunub və onun 9,3 min tonu ixrac edilib, bundan da 12,3 mln ABŞ dolları həcmində gəlir əldə edilib.
 
Bu il isə Azərbaycan nar ixracından 6,4 mln ABŞ dollar həcmində gəlir əldə edib. Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur.
 
Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir. Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.