Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycanda dollarlaşmaya qarşı TƏKLİFLƏR verildi

6-09-2016, 16:30 Baxış: 378

Azərbaycanda dollarlaşmaya qarşı TƏKLİFLƏR verildi
"
İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyev milli valyutanın məzənnəsini hazırkı iqtisadi şəraitlə əlaqəli şəkildə şərh edib.

İqtisadçı manatın növbəti sınaq qarşısında olduğunu bildirib: 

"Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib. İyun ayından başlayaraq dəyərini tədricən itirməsi hələ ki təhlükəni sovuşdura bilməyib. Valyuta bazarında son həftələr yaranmış ajiotaj manata təzyiqi gündən-günə artırır. "Qara bazar”ın getdikcə "çiçəklənməsi” xarici valyutaların qeyri-rəsmi dövriyyəsinə şərait yaratmaqla yanaşı, manata ən böyük zərbəni vuran kapital axınını stimullaşdırır. 

Səbəb isə sadədir. Manat yığım funksiyasını itirib, tədavül və ödəniş funksiyası isə getdikcə zəifləyir. Manatın məzənnəsinin qeyri-sabitliyi insanların – sahibkarların, əmanətçilərin, bankirlərin ona inamını sarsıdıb. O inamı ki onu qazanmaq üçün illər tələb olunub”.    

Samir Əliyev deyir ki, bu gün ölkənin valyuta bazarında sabitliyi təmin etmək üçün xarici valyutaya olan tələb və təklif arasında fərqi minimuma endirmək vacibdir. 
"İyun ayından başlayarq Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında dollara olan tələb təklifi 10-12 dəfə üstələyir. Buna səbəb bankların xarici valyutaya ehtiyaclarının artmasıdır.

Valyuta bazarında mövcud gərginliyi azaltmaq üçün təklifin əhəmiyyətli artırılması və ya tələbin nəzərəçarpacaq dərəcədə azaldılması tələb olunur. Hər iki addım ajiotajı qısamüddətli yatırmağına rəğmən problemi həll edə bilməz. Neft Fondu və Mərkəzi Bank hesabına dollar təklifinin tam ödənilməsi bu valyutaya tələbi yalnız qısa müddətdə azalda bilər. Çünki iqtisadiyyatın dollarlaşması, xarici borcun getdikcə artması, rəsmi və qeyri-rəsmi kapital axını dollara tələbatı daim yüksək səviyyədə saxlayacaq. Manat kütləsini məhdudlaşdırmaq, idxalı azaltmaq, rəsmi kapital çıxışına qadağa hesabına tələbi azaltmaq da çıxış yolu deyil. Bu addımlar iqtisadi tənəzzülə yol aça bilər. Proses paralel aparılmalı, daha çox iqtisadi alətlərdən istifadəyə üstünlük verilməlidir. Ölkəyə neftdən kənar dollar axını çox azdır. Təkcə idxalatçı şirkətlərin aylıq tələbi 650-700 milyon dollar civarındadır. Bura dövlətin və özəl şirkətlərin, o cümlədən bankların xarici borca xidmət xərclərini, əhalinin dollar yığımını, xaricə kapital axınını əlavə etsək, aylıq tələbatın 1-1,2 milyard dollar civarında olduğunu görə bilərik”. 

Dollarla kredit ödəyənlərin çiləsi... 

Ekspert qeyd edib ki, bağlanan bankların manatla qaytarılan əmanətlərinin dollara çevrilməsi, banka manatla ödənilən xarici valyuta kreditlərinin dollara konvertasiyası tələbatı daha da artırır:

"Bu həddə tələbatın qarşılığında valyuta təklifinin aylıq həcmi 700-800 milyon dollardan çox deyil. Aylıq 300-400 milyon dollarlıq valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı makroiqtisadi sabitliyi risk altına qoyur. 

BVF-nin emprik tədqiqatları göstərir ki, bir qayda olaraq dəyişkən inflyasiya, milli valyutanın dəyərsizləşməsi, asimmetrik məzənnə siyasəti və maliyyə bazarının kiçikliyi maliyyə sisteminin dollarlaşmasını şərtləndirir. Valyutanın məzənnəsinin tez-tez aşağı salınması və valyuta məzənnələrində yüksək volatillik xarici valyuta depozitlərinin artımına gətirib çıxarır, yüksək inflyasiya isə öz növbəsində, bank kreditlərini "dollarlaşdırır”. Bütün bunlar Azərbaycanın maliyyə sektorunda müşahidə edilir və yüksək həddə dollarlaşma makroiqtisadi sabitliyi risk altına alır.

2014-cü ilin sonu 2016-cı ilin 1 iyul tarixinə olan rəsmi məlumata görə, kredit qoyuluşunda xarici valyuta kreditlərinin payı 27%-dən 48%-ə yüksəlib. Bu müddətdə əmanət qoyuluşunun dollarlaşması səviyyəsi 38%-dən 80%-ə çatıb. Xarici valyuta depozitlərinin geniş mənada pul kütləsində (M3) payı 36%-dən 90%-ə qalxıb”.

Dollarlaşma ilə mübarizə...

S.Əliyev bildirib ki, Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinin inamının bərpası üçün mövcud problemin həllinə strateji yanaşma tələb olunur:

"Bu yanaşma özündə etibarlı pul-kredit və məzənnə siyasətini, aşağı və sabit inflyasiya səviyyəsini, maliyyə bazarının genişlənməsini ehtiva etməlidir. Bütün bunlara iqtisadiyyatda dollarlaşma səviyyəsini aşağı salmaqla nail olmaq olar. Ona görə də hökumət əksdollarlaşma (de-dollarlaşma) strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönəlik tədbirlərin icrasına başlamalıdır.  İqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacib olmaqla yanaşı, uzunmüddətli və mürəkkəb prosesdir. Ancaq kompleks tədbirlər və düzgün koordinasiya hesabına uğurlu nəticəyə nail olmaq mümkündür. 

İqtisadiyyatda idxalın yüksək səviyyəsi əksdollarlaşma prosesini ləngidən amildir. Valyuta bazarını və maliyyə alətlərinin inkişaf etdirmədən dollardan imtina çətin görünür. Çevik valyuta məzənnəsi əsasında inflyasiya hədəflənməsi rejimi və büdcə maraqlarından çıxış etməyən pul-kredit siyasəti maliyyə bazarının əksdollarlaşması üçün əlverişli əsas ola bilər.  

Əksdollarlaşma siyasəti müxtəlif ölkələrdə həyata keçirilib və bu siyasət bazar alətlərinə və inzibati tədbirlərə əsaslanıb”.

"Əksdollarlaşma Strategiyası hazırlanmalıdır”

Ekspert problemdən çıxış yolu da göstərib. O deyib ki, Azərbaycanda hökumətin və Mərkəzi Bankın iştirakı ilə Əksdollarlaşma Strategiyası hazırlanmalı və sənəddə bazar və inzibati mexanizmləri nəzərdə tutan tədbirlər əksini tapmalıdır. 

"Strategiyada aşağıdakı tədbirləri nəzərdə tutula bilər: 

- Kapital bazarının inkişaf etdirilməsi, bank sektorunun liberallaşdırılması və rəqabətin gücləndirilməsi

- Alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi, o cümlədən milli valyutada buraxılan dövlət istiqrazlarının inflyasiyaya uyğun indeksləşdirilməsi

- Xarici valyutada olan əmanətlərə dair tələblərin sərtləşdirilməsi (məcburi ehtiyat normalarının 1%-dən 3%-ə artırılması, əmanətlərdən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi)

- Milli valyutada olan əmanətlərin stimullaşdırılması (əmanətlərin sığortalanma faizlərinin 12%-dən 15%-ə qaldırılması)

- Manat əmanətlərini kəskin məzənnə dəyişiklikliyindən sığortalamağa imkan verən indeksləşmə mexanizminin yaradılması

- İstehlak və mikro kreditlərinin illik faiz dərəcələrinə tətbiq edilən tavanın (uyğun olaraq 29% və 25%) ləğv edilməsi

- Xarici valyutada olan istehlak kreditlərinin milli valyutaya konvertasiyası imkanlarının araşdırılması və banklara tövsiyə edilməsi

- Nağdsız ödənişlərə keçidin sürətləndirilməsi və nağd ödənişlərə məhdudiyyətlərin (1-2 min manatdan yuxarı) tətbiqi

- Mərkəzi Bank tərəfindən banklara milli valyutada məqsədli kreditlərinin verilməsi

- Mərkəzi Bankın nəzdində Problemli Kreditlər üzrə Fondun yaradılması (Fond banklara uzun müddətə, aşağı faizlə yerləşdirdiyi depozitlər hesabına dollar kreditlərinin manata konvertasiyası təmin edilir)”.