Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Xalq yazıçısının nəvəsi həbsdə qaldı

13-05-2016, 10:21 Baxış: 495

Bakı Apelyasiya Məhkəməsində minə yaxın vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirdiyi üçün Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilən Mehparə Cəfərzadənin şərti olaraq vaxtından əvvəl azadlığa çıxmasına dair apelyasiya şikayətinə baxılıb. 


Teleqraf.com xəbər verir ki, Pentensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində qalan Mehparə Cəfərzadə Xətai Rayon Məhkəməsinə ərizə göndərib. O, ərizəsində şərti olaraq vaxtından əvvəl azadlığa çıxmaq istəyib. Məhkəmə ərizəni təmin etməyib.    

Mehparə Cəfərzadə məhkəmənin qərarından apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb və Mehparə Cəfərzadənin apelyasiya şikayəti təmin edilməyib. 


Qeyd edək ki, "GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 2008-ci il iyunun 11-də, MMC-nin baş mühasibi Əliyar Abbasov isə iyulun 1-də həbs edilib. İstintaq dövründə dəstə daha da genişlənib və 11 nəfər barəsində həbs qərarı çıxarılıb. Onlar minə yaxın vətəndaşa ev tikmək adı ilə aldadaraq milyonlarla manat pulu ələ keçiriblər.  


Ağır Cinayətlər Məhkəməsinin 13 may 2010-cu il tarixli hökmü ilə "GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Həbib Ağayev, Asif Ələmov, Əliyar Abbasov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin əmlakları da müsadirə olunub.    

Onların arasında zaminə buraxılmış 4 nəfər də məhkəmə zalında həbs edilib. Məhkəmə zalından həbs olunan şəxslərin cəzası hökm çıxarılan gündən hesablanıb.     

Məhkum olunan şəxslər Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.   


Onu da əlavə edək ki, 10 il müddətinə azadlıqdan məhrum edilən "GEN” MMC-nin baş mühasibi Əliyar Abbasov azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Əliyar Abbasovun cəzasının qalan hissəsini məntəqə tipli cəza müəssisəsinə keçirilməsinə dair ərizəsi Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.    


Qərardan narazı qalan Əliyar Abbasov apelyasiya şikayəti verib. Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib və hakim Qədim Babayevin icraatına verilib. Artıq apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib və onun da şikayəti təmin edilməyib. 
Cinayət işi üzrə adı keçən Mehparə Cəfərzadə xalq yazıçısı Əzizə Cəfərzadənin nəvəsidir.  


Əlavə edək ki, xalq yazıçısının ailəsində bir neçə il əvvəl daha bir faciə yaşanmışdı. Əzizə Cəfərzadənin qardaşı nəvəsi 1996-cı il təvəllüdlü Eltac Cəfərzadə 2012-ci ilin martın 29-da Hacıqabul rayonunun Tağlı kəndində ov tüfəngi ilə özünü ürək nahiyəsindən vuraraq öldürmüşdü.    

 

Eltac Cəfərzadə sevdiyi qızdan müsbət cavab ala bilmədiyi üçün intihar etmişdi.    


Hacı Zeynalov