Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Deputat: Biz mənasız danışıqlar aparmaq fikrində deyilik

23-06-2016, 11:29 Baxış: 613

Deputat: Biz mənasız danışıqlar aparmaq fikrində deyilik

Xəbər verildiyi kimi, iyunun 20-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıldı. Dövlət başçılarının üçtərəfli görüşündən öncə Putin prezidentlərlə ayrı-ayrılıqda görüşərək münaqişənin həlli ilə bağlı fikir mübadiləsi apardı.   

Milli Məclisin deputatı Rauf Əliyev açıqlamasında bildirdi ki,  Prezident İlham Əliyevin vasitəçilərə, həmsədrlərə mesajı dəqiq, konkret və sərt idi: "Vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır”. Dövlət başçısı danışıqlar prosesində özünün və dövlətinin üstün mövqedə olduğunu bəyan etdi, bu faktın görməzdən gəlinməyəcəyini bütün tərəflərə xatırlatdı, real nəticələr əldə olunması üçün rəsmi Bakının artıq təşəbbüsü birtərəfli olaraq öz əlinə alacağını vurğuladı.  Ən əsası isə vasitəçilərə sonuncu xəbərdarlığını etdi: münaqişə dondurulmayıb və hərbi əməliyyatlar başlasa, onların sülh çağırışları artıq heç bir əhəmiyyət daşımayacaq. Sadə dillə desək, hər hansı bir hərbi gərginlik yaranarsa, onun qarşısını heç bir vasitəçi dövlət ala bilməyəcək və Ermənistanı tam məğlubiyyətdən artıq heç kəs xilas etmək imkanında olmayacaq. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və vasitəçi dövlətlərin işğalçıya sərt mövqe sərgiləməməsi nəticəsində uzanan nizamlama prosesini Azərbaycanın öz hərbi qüdrəti ilə yekunlaşdırmaq iqtidarında olması faktdır və bunu artıq beynəlxalq miqyasda hamı görür.  Rəsmi Bakı növbəti dəfə öz sülhməramlı yanaşmasını nümayiş etdirib və cəbhəboyu inamla irəliləyən hərbi kontingentini dayandırıb. Bu durum Ermənistanın artıq hərbi güc faktorundan məhrum olduğunu göstərməklə yanaşı, Azərbaycan qarşısında aciz vəziyyətini isbatlayıb və daha böyük iflasdan qurtulmaq üçün güzəştlərin labüdlüyünü diktə edib.”

Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, son görüşdə Rusiya Prezidentinin iştirakı danışıqlara yeni siyasi güc verdi. Danışıqlarda iştirak etməklə Rusiya məsuliyyətin bir hissəsini öz üzərinə götürmüş oldu. Azərbaycan görüşdən əvvəl Ermənistan ordusunun işğal edilmiş torpaqlardan çıxarılması məsələsinin əsas prinsip olduğunu bildirdi. Ümumiyyətlə, aprel hadisələrindən sonra Dağlıq Qarabağla bağlı məsələdə yeni səhifə açıldı. Artıq Ermənistan bütün sahələrdə, o cümlədən də ordumuzun güclü olduğunu bəyan edir. Düşmən ölkə Moskvaya və digər paytaxtlara daha aciz vəziyyətə düşməmək üçün yalvarmağa başlayıb. Ölkəmizin ərazi bütövlüyü məsələsi artıq bütün dünya tərəfindən ciddi şəkildə qəbul edilir. Sankt-Peterburq görüşünün keçirilməsi bir daha  Azərbaycanın ancaq nəticə olacaqsa görüşlərə gedəcəyi  barəsindəki bəyanatlarını təsdiq etdi.