Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Parisdə Azərbaycan qadınlarına həsr edilmiş kitabın təqdimatı olub

10-02-2019, 11:52 Baxış: 161
Parisdə Azərbaycan qadınlarına həsr edilmiş kitabın təqdimatı olubFransanın paytaxtı Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə "Azərbaycan - dünənki qadınlar" adlı kitabın təqdimatı və kitabda yer almış qadınların portretlərindən ibarət rəsm sərgisi keçirilib.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ADA prezidenti Jan-Fransua Mansel, fransalı yazıçılar, jurnalistlər, elm-mədəniyyət adamları və digər şəxslər iştirak ediblər. Kitab görkəmli fransız yazıçı və jurnalisti Jan-Lui Quronun rəhbərlyi ilə fransalı jurnalist Nur Dolay tərəfindən qələmə alınıb və rəsmləri isə Fransuaz Kayet-Dönöbur tərəfindən çəkilib. Kitabın çap olunmasında əsas məqsəd tarix boyu Azərbaycanda qadınların cəmiyyətdə tutduqları mühüm yerlərini nümayiş etdirmək və bu irsin müasir dövrümüzə qədər qorunub saxlanıldığını və bu ənənəyə sadiq qalındığını fransalı oxuculara təqdim etməkdir.
Tədbirdə iştirak edən səfir Rəhman Mustafayev Azərbaycan Demokratik Cumhuriyyəti yaradılarkən, onun banilərinin qadınlara səsvermə hüququ, Azərbaycan ərazisində yaşayan bütün millətlərə isə Parlamentdə təmsil olunmaq hüququ verdikləri zaman, bu şərəfli tarixi yazdıqlarından xəbərsiz olduqlarını bildirib. Səfir vurğulayıb ki, Azərbaycan qadınlarına yüz il bundan əvvəl səsvermə hüququnun verilməsi müasirliyin rəmzi olmaqla yanaşı, artıq uzun əsrlər Azərbaycan qadınının cəmiyyətdə tutduğu əhəmiyyətli rolunun məntiqi davamı idi. ADA prezidenti Jan-Fransua Mansel təqdimatda iştirak edən qonaqlara Azərbaycanda millətindən, dinindən, cinsindən asılı olmayaraq bütün insanların bir ailə kimi mehriban, sülh və əmin-amanlıq şəraitində yaşamasından danışıb. Kitabı qələmə alan fransalı jurnalist Nur Dolay bu kitabda haqqında yazılan hər bir qadın barədə bir film çəkməyin mümkün olduğunu, sözün və rəsmin bəs etmədiyini vurğulayıb. Fransalı yazıçı Jan-Lui Quro tədbirdə çıxışı zamanı qonqalara bildirib ki, Azərbaycana peşə fəaliyyəti ilə bağlı səfər edərkən digər müsəlman ölkələri ilə kəskin bir fərq müşahidə edib ki, bu da azad, fəal, firavan Azərbaycan qadınları olub. Bu layihə ADA-nın Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr etdiyi silsilə tədbirlər çərçivəsində baş tutub. Kitab Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Fransada "Favr" nəşriyyat evində işıq üzü görüb.