Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir
Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.
İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və Uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar. Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər. Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramı qədər təntənəli keçirilir. İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır. Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub, təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır. İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna "evatdı” deyirlər. Bu ənənənin əsas mahiyyəti ev-eşik təmizliyi ilə bağlıdır. Belə ənənələrdən biri "ağacqorxutma” adətidir. Bu, ilaxır çərşənbələrin açıq formada magik mahiyyətli ənənələrindəndir. Bəzən bağdakı bir ağac meyvə vaxtı bar vermir. Bu zaman, xüsusilə axır çərşənbədə həmin ayin icra olunur. Bir nəfər əlinə balta alıb ağacın yanına gəlir və üzünü ağaca tutaraq deyir ki, "əgər bu il bar verməsən, meyvə gətirməsən, səni bu balta ilə kəsəcəyəm”. Bu ayinin mahiyyətində yenilənmə durur. Ev-eşikdən köhnə, sınıq, yararsız əşyalar atıldığı kimi, bağ-bağatda da quru ağaclar kəsilir, qurumuş budaqlar budanır. Bar verməyən, lakin sağlam olan ağaclar qorxudulur. Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar.
Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf piləyərmişlər.
Bu adət indi də çox yayğındır. Üzərlikyandırma təzələnmə – yenilənmənin mühüm ayinlərindəndir.
Üzərlik vasitəsilə bəd nəzər, pis arzular təmizlənir.
Bu, bir növ, magik profilaktikadır. İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamaqdır. Xüsusilə, ilaxır çərşənbədə tonqal qalanır, insanlar "ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir.
Bu zaman nəğmələr də oxunur.
Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır. İlaxır çərşənbələrlə bağlı icra edilən mərasimlərdən biri "danatma” adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Mərasim özündə mifoloji inancları və magik ayinləri birləşdirir.
Axır çərşənbənin əsas adətlərindən biri "qurşaqatdı” adətidir.
Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir.
Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!