Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Birinci vitse-prezident II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşasında iştirak edib

2-10-2019, 09:23 Baxış: 2 707
Birinci vitse-prezident II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşasında iştirak edib
Heydər Əliyev Mərkəzində II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Qala-tamaşada Azərbaycan incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət "Əsrlərin sədası” ansamblının, o cümlədən Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin, ABŞ-dan caz ifaçısı, pianoçu Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları dinlənilib. Eyni zamanda, bəstəkar Rəhilə Həsənovanın simfonik orkestr üçün "Ulduzlara lay-lay” əsəri, Ayaz Qəmbərlinin Nəsimi festivalı üçün bəstələdiyi "Mozaika” əsəri təqdim olunub. Nəfis bədii və video tərtibatla zəngin olan qala-tamaşa müxtəlif mədəniyyətlərin və zamanların görüşünü canlandıraraq rəmzi olaraq şeir, incəsənət və mənəviyyat dünyasını təqdim edib. Tamaşada, həmçinin dahi şair İmadəddin Nəsiminin müxtəlif yaşlardakı obrazı aktyorların təqdimatında canlandırılıb. Proqram ərzində İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhu nümayiş olunub. Qeyd edək ki, II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Dörd gün ərzində Nəsimi yaradıcılığına müxtəlif istiqamətlərdən diqqət yetirilib, yeni maraqlı layihələr vasitəsilə dahi şairin yaradıcılığına və fəlsəfəsinə baxış olub. Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili” elan olunub. Festival günlərində Bakıda və şairin doğulduğu Şamaxı şəhərində təşkil olunan tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm edilib.