Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Asya Atakişiyeva Beynəlxalq Yay Teatr Məktəbində

13-05-2016, 10:56 Baxış: 401
Azərbaycan Dövlət Gənc Tamaşaçılar aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi iyun ayının 1-dən – 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq.
 
Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə də ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndənin iştirakı nəzərdə tutulur.
 
Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyagin, eləcə də, digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaqlar. 
 
Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr  Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.