Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

ADB-nin vitse-prezidenti: "Azərbaycanda daha yüksək dəyər təmin edəcəyimiz sahələrə diqqət ayıracağıq"- MÜSAHİBƏ

29-05-2019, 10:20 Baxış: 37
ADB-nin vitse-prezidenti: "Azərbaycanda daha yüksək dəyər təmin edəcəyimiz sahələrə diqqət ayıracağıq"- MÜSAHİBƏ
Ötən həftə Azərbaycana ilk dəfə səfər etmiş Asiya İnkişaf Bankının (ADB) maliyyə və risklərin idarəolunması üzrə vitse-prezidenti İnqrid van Rees ilə eksklüziv müsahibəni təqdim edirik.
- Bakıya səfərinizin məqsədi nədir?
- Ötən həftə Maliyyə Nazirliyi ilə birgə dövlət borcunun idarə olunmasına dair keçirdiyimiz Asiya Regional Forumunda iştirak etmişəm.
Forumun məqsədləri ADB üzv ölkələrində dövlət borcunun dayanıqlı idarə olunmasını təkmilləşdirmək, bilik mübadiləsi yolu ilə potensialın artımını dəstəkləmək, regionda dövlət borcu idarəçiləri arasında əlaqələr qurulmasına töhfə verməkdir.
Hər il keçirilən bu forumda hökumətlər təcrübə mübadiləsi aparmaq, dövlət borcunun idarəçiliyi ilə bağlı məsələləri müzakirə etmək fürsəti əldə edirlər. Mühüm əhəmiyyət kəsb edən dövlət borcu idarəçiliyi ADB-nin Asiya – Sakit okean regionu ölkələrinə yardım göstərəcəyi başlıca sahədir. Builki forumda həmin regiondakı 36 üzv ölkədən 130 nümayəndənin iştirak etməsini məmnuniyyətlə qeyd etmək istərdim.
- Hökumət və özəl sektor təmsilçiləri ilə görüşləriniz sizi qane edibmi?

- ADB-2030 Strategiyası deyilən uzunmüddətli strategiyamızın əsas əməliyyat vəzifələrindən biri də məhz özəl sektorla birgə fəaliyyəti genişləndirməkdir. Belə ki, 2024-cü ilədək ümumi illik sərmayələrimizin özəl sektora qoyulan hissəsinin üçdə birə çatdırılacağı gözlənilir. Bunu, habelə Azərbaycandakı maraqlı tərəflərin böyük tələbatını nəzərə alaraq, 2019-2023-cü illər üçün Azərbaycanla yeni tərəfdaşlıq strategiyası da özəl sektorda əməliyyatların həcmini artırmağı hədəfləyir. Maliyyə və risklər idarəçiliyinə cavabdeh olan şəxs kimi özəl sektora sərmayə qoymaq üçün əlverişli mühitin olub-olmamsını öyrənmək üçün ADB üzv ölkələrinə səfər etmək niyyətindəyəm. Bu mənada Azərbaycanla tərəfdaşlığımızın yeni beşillik dövrünün başladığı da nəzərə alınsa, bu səfərim daha çox yerinə düşür.
- Bəs Azərbaycanda dövlət borcunun idarəçiliyi sahəsindəki vəziyyət barədə nə düşünürsünüz?
- ADB 2018-ci ilin avqust ayında dövlət borcunun idarə olunması strategiyasının (DMS - Debt Management Strategy) təsdiqlənməsini alqışlayıb. Hazırda DMS üçün hökumətə texniki dəstək layihəmiz davam edir. Qeyd edim ki, dövlət borcunun dayanıqlı və etibarlı idarə olunmasını təmin etməyi, bütövlükdə ölkənin maliyyə baxımdan daha dayanıqlı hala gətirilməsinə yönələn DMS məsrəfləri azaldaraq riskləri idarəetməni təkmilləşdirməyi, yüksək riskləri minimuma endirmək, habelə dövlət müəssisələri və maliyyə təşkilatlarına kredit ayırmaq məqsədi ilə xarici valyutada dəyişkən dərəcələrlə maliyyə ehtiyatları cəlb etmək üçün müvafiq limit, hədlər və kəmiyyət hədəfləri tətbiq etməyi, nəzarət mexanizmlərini təkmilləşdirməyi nəzərdə tutur. DMS-in başlıca hədəflərindən biri də borc qiymətli kağızlarının daxili bazarını inkişaf etdirmək və milli valyutada cəlb ediləcək daxili ehtiyatlara daha yüksək bağlılığı təmin etməkdir. Bunu maliyyə vasitəçiliyinin, milli valyutada maliyyələşdirmənin inkişafı üçün ilkin şərt kimi qəbul edirik. ADB hökumətin bu yöndəki fəaliyyətini dəstəkləmək niyyətindədir.
- Dövlət borcunu idarəetmə strategiyası ADB ilə əməkdaşlığa necə təsir göstərəcək, gələcək əməkdaşlıq istiqamətləri hansılardır?
- ADB-nin 2030-cu ilədək olan strategiyası Azərbaycan kimi orta səviyyədən yuxarı gəlirə malik ölkələrlə (UMİCs) daha geniş əməkdaşlığı təşviq edir. Buna təkcə dövlət sektoruna kredit ayırmaq yolu ilə nail olmayacaq, daha yüksək dəyər təmin edə biləcəyimiz sahələrə əsas diqqət ayıracağıq. Həmçinin özəl sektorla da qarşılıqlı fəaliyyəti genişləndirməyə, daxili kapital bazarından istifadə etməklə milli valyutada maliyyəni təmin etməyə, dövlət sərmayə layihələri hazırlamaq kimi layihələrə kredit ayırmaq üçün yeni şərait yaratmağa, dövlət – özəl tərəfdaşlığı çərçivəsində maliyyə baxımdan dayanıqlı, büdcə üçün də sərfəli layihələr hazırlamağa dəstək verməyə çalışırıq.