Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Rauf Arifoğlu: "Müxalifət liderlərinin müsahibə və mövqelərinə maraq azdır"

16-05-2016, 13:11 Baxış: 711
 Rauf Arifoğlu: "Müxalifət liderlərinin müsahibə və mövqelərinə maraq azdır"
Modern.az saytı "Yeni Müsavat” Media Qrupunun təsisçisi, tanınmış jurnalist Rauf Arifoğludan müsahibə alıb. Tezis.az həmin müsahibəni təqdim edir.

-Rauf bəy, intensiv səfərlərə, qəzetə rəhbərlik etməyin yaratdığı gərginliyə baxmayaraq, çox gümrah görünürsünüz.

-Gərgin rejimdə işləməyə alışmışıq. Təxminən 28 ildir ki, fasiləsiz, dincəlmədən davam edən yaradıcı iş fəaliyyətini həyat tərzi kimi yaşayırıq. Necə görünməyimizi özümüz fərq etmirik. Kənardan gümrah görünürüksə, bu da Allahın bir lütfüdür. Rəbbimiz bizə bu imkanı verir ki, daim ayaqda qalaq.

-Heç olubmu ki, nə zamansa ciddi şəkildə büdrədiyinizi hiss edəsiniz? Çünki daim ayaqda qalmaq mümkün olmur.

-Yorğunluq, səhhət baxımından deyirsinizsə, bəzən olur. Amma siyasi, yaradıcılıq, media fəaliyyəti nöqteyi-nəzərdən isə heç bir axsama olmayıb. Olsaydı, hiss edərdiniz, ilk olaraq, bunu sorardınız. Bizim kimi insanların öz-özünə "mən yorulmuşammı”, "mən yanlış edirəmmi, büdrədimmi” və s. bu kimi suallar verməyə vaxtı belə, olmur. Bu, bir yoldur. Allahı arxamıza alıb, yürüyürük, gedirik. Allah nə qədər fürsət verəcək, bu yolda yürüyəcəyik.

-Mən büdrəmək deyərkən,  həm də sizə qarşı olan aqressiya dalğasını nəzərdə tutdum. Üzərinizə olan hücumlardan çəkindiyiniz olurmu?

-Xeyr. Aqressiya dediyiniz müəyyən bir marginal çevrənin fəaliyyətimə və yaradıcılığıma münasibətdə fasiləsiz təftişidir və bu da mənim böyük uğurumdur. Hansısa bir insanın adının çoxlu adam tərəfindən zikr edilməsi halları sadə model deyil. Allah bunu bizə nəsib edib. Adımı sayğı ilə də, söygü (söyüş) ilə də zikr edənlər minlərlədir. Bunun da səbəbi çox sadədir. Çünki biz daim irəlidə, öndəyik.

Öz sahəmizdə liderik. Lider üçün də nə öyənlər bitər, nə də söyənlər. Buna görə də, bizi təqdir edənlər də, tənqid edənlər də çoxdur. Üstəlik, fəaliyyətimiz boyunca Azərbaycanda qəzetçilik sahəsində bəzi ilkləri etməyə məcbur qalmışam. Məsələn, Sovetlərdən sonra ilk partiya qəzetini mən yaratmışam. Buna məcbur idim. Çünki Azərbaycanda yalnız bir partiyanın -  kommunistlərin qəzeti çıxırdı.

Ən yaxşı halda da, komsomolun yayın orqanları var idi. Mən1989-cu ildə qeyri-formal "Yeni Müsavat” adlı qəzeti qurdum və dərcinə başladım. Bu, ölkəmizdə ilk milli partiya qəzeti idi. Biz qəzetlə bərabər, paralel olaraq "Yeni Müsavat” adlı partiya da qurmuşduq. 5 nəfərlik bir heyətlə partiyanı qurduq, qəzeti qurmaq və yayını təşkil etmək, AMDP "Yeni Müsavat”ın ideoloji katibi kimi, mənə həvalə edilmişdi.

Beləliklə, ilk qeyri-kommunist partiya qəzetini biz yaratdıq. Sonra bunun yayımını təşkil etmək lazım idi. Azərbaycanda ilk səyyar yayım sistemini də mən qurdum. Həm də qeyri-leqal, gizli şəkildə qəzet satmaq ənənəsini də biz gətirdik. O zaman Yaşar Türkazər, Əhəd Məmmədov, Səfər Hümbətov, Əziz Qaraca bu setin içərisində idi. Əziz Qaraca bu yaxınlarda rəhmətə gedib. Allah ona rəhmət eləsin!... 

Daha sonra bu qəzeti rəsmiləşdirmək mənim üzərimə düşdü... Sonrakı dövrlərdə isə qəzetlərin partiyadan ayrılması zərurəti yarandı. Bunu da mən həyata keçirməli oldum... Daha sonra isə qəzetlərin düşərgədən ayrılması zərurəti yarandı. Bu mərhələlərin hər birində mən yüksək müqavimət və tənqidlə rastlaşmışam.  Düz 27 ildir ki, belədir. Son illərdə isə tamamilə iflasa uğramış və mahiyyətini itirmiş müxalif düşərgədən "Yeni Müsavat”ı çəkib çıxarmaq missiyasını həyata keçirmişəm.

İki səbəbdən: əsas budur ki,  beynəlxalq media standartlarına görə, qəzetin düşərgəsi, partiyası ola bilməz. Media mahiyyətcə siyasi düşərgələşmə prosesinə uğramamalıdır -  bu, söz azadlığının əlifbasına, mahiyyətinə ziddir. Bu prinsipi kifayət qədər qüsurlu mühiti olsa da, Azərbaycanda da tətbiq etmək lazım idi. İkinci səbəb də bu idi ki, qəzetimizin stavka etdiyi ənənəvi müxalifət düşərgəsi iflasa uğramışdı və onunla qalmaq qəzeti batırırdı. Hər kəs "səngərə” girmişdi, bizi açıqda buraxaraq, rəqiblə savaşmağı ancaq bizdən -  qəzet yazarlarından, müxbirlərdən və redaktorlardan gözləyirdilər. 

-Amma uzun müddət dediyiniz jurnalistika prinsipi sizin rəhbəri olduğunuz mətbuat orqanında da pozulmuşdu. "Yeni Müsavat” qəzeti bir zamanlar ideoloji xəttlə fəaliyyət göstərirdi...


-Bəli, ilk andan etibarən, 10 il öncəyə qədər elə idi. Amma o zamanlarda belə, mən deyirdim ki, qəzetin ideologiyası olmamalıdır. Hakimiyyətlə ən kəskin qarşıdurma müddətində belə - 1998-1999-cu illərdə mən bu barədə dəfələrlə yazdım. Sadəcə o zaman hakimiyyətin aqressiyası bizə imkan vermirdi ki, nəfəs alaq. Zaman keçdikcə gördük ki, mətbuata münasibətdə təkcə hakimiyyət yox, müxalifət düşərgəsi də çox aqressivdir. Hər kəs mətbuatı özünün yanında, xidmətində görmək istəyir. Əks halda, məhv etməyə, silməyə çalışır. Halbuki, mətbuat mahiyyətcə müstəqil təsisatdır. Bunun fəlsəfəsi belədir. Mətbuat kiminsə tərəfində, yanında olsa, böyüməz, inkişaf etməz, millətə çox az faydası toxunar. Yanında olduğu nə qədərdirsə, ondan da kiçik olar. Müstəqil olduqda isə, hər kəsdən güclü və hər kəsin hesablaşdığı güc ola bilər.

-Çoxmu güclənmisiniz?

- Kifayət qədər. Böyük güclərin özümüzə münasibətdə kəskin düşmənliyini kiçik güclərin demoqojisi ilə əvəz etməyi bacarıb, xəbər sektorunda liderliyi gücləndirib, böyük bir transformasiyanı uğurla başa çatdırmışıq. Ciddi layihə idi. Təpkilər də bu səbəbdən ciddidir. Təsadüfi deyil ki, Azərbaycanda heç bir partiya lideri, heç bir siyasi xadim, heç bir məmur "Yeni Müsavat” media quruluşunun rəhbəri qədər diqqət mərkəzində deyil, təftiş, təhlil və tənqid olunmur. Bəzən özünü ana müxalifət adlandıran bir partiyanı aylarla arxamızca danışdıra bilirik -  onlar da buna həvəslə gedirlər . Çünki ortada işimiz var və bu işdən onlara "pay” düşür; bizimlə bərabər ictimai-siyasi sektorda gündəmdə olurlar. Bunların hazırda heç bir içşi-gücü yoxdur, tam avaradırlar. Bir lider qəzetin sahibi və baş redaktoru kimi böyük bir layihənin həyata keçirilməsini tamamladım. Marginalların total qınağı ən böyük müttəfiqim oldu; hər dəfə də "ipi” eyni həvəslə başlarına keçirərək, mənimlə hədəflərimə qədər gəldilər. Bilirsiniz ən pisi nə olardı? Mən bu böyük prosesi həyata keçirərdim və heç bir reaksiya olmazdı...

Artıq biz oxucumuzu xəbərə alışdırdıq. Daha əvvəlki kimi, kəskin tənqid, pozuq leksikonla, siyasi vədlərlə oxucu cəlbiyyatı yoxdur. Burada onlayn mediaya keçidimizin uğurla başa çatdığını da xüsusi qeyd etməliyəm. İndi bizim ən kəskin tənqid yazan köşə yazarımızın yazılarını uzağı 5-6 min nəfər oxuyur. Müxalifət liderlərinin müsahibə və mövqelərinə maraq bundan da aşağıdır. Lakin məlumatlandırma xarakterli manşetlərimizi 30-50 min nəfər oxuyur. Əgər kağız variantımız olan "Yeni Müsavat” əvvəllər köşə yazılarına, siyasi tənqidə görə oxunurdusa, indi əsas yayın orqanımıza çevrilən musavat.com saytını xəbərə, operativliyə, maraqlı, istedadlı reportajlara, peşəkar redaktor fəaliyyətinə görə oxuyurlar. 

Bu, artıq məqsədimizə nail olmağımız deməkdir. İdeoloji yazılar arxa plana, xəbər ön plana keçir. Bu da qəzetlərin əsas missiyalarından biridir.

-Siz sırf jurnalistika standartından çıxış edib arqumentinizi səsləndirdiniz. Tamamilə razıyam, fikirlərinizə kölgə salmaq niyyətində deyiləm. Ancaq bir şeyi demək istəyirəm. Mənə elə gəlir ki, "Yeni Müsavat” ideoloji cığırda olarkən, aqressiv yazılar yazarkən daha çox oxucu kütləsinə malik idi. Sizə elə gəlmir ki, bu gün qəzetiniz oxucusunun bir hissəsini itirib?

-Siz dediyiniz yanlış məlumatdır. Mən qətiyyən "Yeni Müsavat”ın oxucu itirdiyi fikri ilə razılaşmıram. "Yeni Müsavat” bu gün özünün ən böyük və ən güclü dövrlərini yaşayır. Mən bunu birmənalı və bütün məsuliyyətimlə deyirəm. Bu qəzetin dünyaya, yeni çağa uyğun olan və iki dildə yayın yapan elektron versiyası- musavat.com var.

Kağız versiyası dünyanın hər yerində geri getməkdədir. Xüsusilə də Azərbaycanda. Qəzetlərin elektron versiyaları isə irəli getməkdədir. Qəzetimizin ən yaxşı vaxtlarında tirajı 30-40 min olub.

Bu gün isə "Yeni Müsavat”ın elektron versiyasının oxucusu bir neçə yüz mindir. Bu ilin aprel ayı ərzində virtual versiyamızda səhifələnməmiz 31 milyon oldu. Bir ay ərzində isə 4 milyon 100 min oxucu girişimiz var. Bu, Azərbaycanda yayın yapan media qurumu üçün fantastik göstəricidir. Bunu biz həyata keçirmişik. Artıq bizi Çində, Amerikada, Avropada, Rusiyada, Ukraunada, Türkiyədə -  hər yerdə onlayn oxuyurlar.

Dünyanın hər yerində kim Azərbaycanla maraqlanmaq istəyirsə, ilk növbədə musavat.com-u açır. Bunlar hamısı statistikadır, hamısını indi sizə əyani şəkildə göstərəcəyəm.  Hazırda, bax, bu saniyədə Azərbaycanda bir kağız versiyasının oxucuları qədər, saytımızda oxucu var. (Daha sonra "Google Analytics”də musavat.com-un göstəricələrini təqdim edir. Həqiqətən də yüksək göstəricilər idi- A.K.).

 Bizim ən böyük marağımız odur ki, "Yeni Müsavat”ın elektron versiyasına daxil olan oxucu bir daha oradan çıxmasın. Gün ərzində ən azı 10 dəfə saytımızı yeniləsin, xəbərlərə baxmaq üçün başqa saytlara keçidi də bizdə reklam olunan saytlar vasitəsi ilə etsin...  Kim iddia edirsə ki, "Yeni Müsavat”ı oxuyan azalıb, onları 31 milyon rəqəmi ilə, türklər demiş, "döverim”.



-Deyəsən, "Yeni Müsavat” a alternativ görmürsünüz.

-Yox, alternativlər çoxdur. Agentliklər, digər saytlar var ki, alternativdir.

-"Azadlıq” qəzetini də rəqib kimi qiymətləndirirsiniz?

-Xeyr. "Azadlıq” qəzetinin kağız versiyası da, sayt versiyası da 10-12 dəfə bizdən geridədir. Bu rəqəmləri deyirəm və istəsələr, dostlardan komissiya yaradıb, faktları ortaya da qoya bilərik.

-Rauf bəy, fikirlərinizi ifadə edərkən, dini leksikondakı frazalardan çox istifadə edirsiniz. Bilirəm ki, dindarsınız...

-Mən dindar deyiləm, sadəcə inanclıyam. Bunlar ayrı-ayrı şeylərdir.

-Axı Həcc ziyarətinə getmisiniz.

-Bəli, getmişəm.

-Bəs niyə deyirsiniz ki, dindar deyilsiniz?

-Dindar ayrı şeydir. Mən heç bir şeyin "dar”ı deyiləm. Sadəcə inanclıyam. Jurnalistəm, dünyəvi xəbər siyasətilə məşğulam. Dinin siyasətə ideologiya kimi yox, iman şəklində gəlməsinin tərəfdarıyam. Yəni, imanlı insanların deputat, jurnalist, məmur olmasının tərəfindəyəm. Hər kəs imanını öz ürəyində daşımalıdır, imanı partiyalaşdırmağa yaxşı baxmıram.

-İbadət edirsinizmi?

-Əlbəttə. Allah mənə bu xoşbəxtliyi də nəsib edib.

-Bəzi insanlar daxili aləmlərindən gələn səsə qulaq asaraq, Həcc ziyarətinə gedirlər. Bəziləri isə kənar iradələrin təsiri ilə ziyarətlərə getməyi düşünür. Bəs sizi nə vadar etdi?

-Allahın lütfüdür. O, hər kəsin içinə bir vaxt işıq salar. Vay o şəxsin halına ki, bir ömür yaşaya, içində işıq olmaya və şeytan onun boynuna minə. Vay o insanların halına ki, bir ömür Allahsız, dinsiz, imansız yaşayırlar. Bu dünyanın və o dünyanın ən böyük cəzası budur. Ateist qardaşlarımız məndən inciməsinlər.

Eyni zamanda inanclılığın özünün Allahın böyük bir lütfü olduğu qənaətindəyəm. Bəsirətin açılışı, haqqın qəbulu... Hər kəsin ürəyinə müəyyən bir mərhələdə ya mükafat şəklində, ya da başqa bir variantlarda mən dediyim işıq salınır.

-Ateistlərə münasibətləriniz normaldır?

-Ateistlərə də, başqa dinin nümayəndlərinə də hörmət edirəm. Dözümlü, normal münasibət bəsləyirəm. Ateistlərə, dini qəbul etməyənlərə şəfqətə möhtac qardaşlarım, bacılarım kimi baxıram. Onları aşağılamaq, onların üstünə getmək yox, şəfqət göstərmək lazımdır.

-Mətbuat Şurasının İdarə Heyətinin üzvüsünüz. Sizcə, bu qurum öz vəzifələrinin öhdəsindən layiqincə gəlirmi? Məncə, yox.

-Jurnalist olaraq fikir söyləməyiniz qüsurdur. Bu, jurnalistikasının əlifbasına ziddir. Bunlar öz yerində. Mətbuat Şurasını biz yaratmışıq. Məqsədimiz hakimiyyətlə media, cəmiyyətlə media arasında bir körpü yaratmaq idi. Mətbuat Şurası bizim istədiyimiz ideal modeldən uzaqdır. Amma yaxşı ki, var. Olmasa idi, nə olacaqdı? Mətbuat Şurası müəyyən məsələlərdə Azərbaycan mətbuatının dadına, imdadına çatır.

-Mən məsələni "reket jurnalitikası”ilə mübarizənin üzərinə gətirmək istəyirəm. Ona görə elə dedim. Özünüz də bilirsiniz ki, effektiv nəticə əldə olunmayıb. Sizin təklifləriniz nədir?

-"Reket qəzetlər”lə mübarizə aparmaq çox çətin bir şeydir. Mənim düşüncəmə görə, heç mübarizə də lazım deyil. Onunla mübarizə aparmağın yolu normal medianın güclənməsi, televiziyaların efirindəki məhdudiyyətlərin qaldırılması, xəbər sektorunda çərçivələrin böyüdülməsidir. Media o qədər güclü olmalıdır ki, heç bir sosial şəbəkə, heç bir "reket mediası” alternativ olaraq iddia göstərə bilməsin, onların mötəbərlilik əmsalı olmasın. Kimsə onlara fikir verməsin. Mən bu qənaətdəyəm. Rəsmi, mötəbər mediaya təzyiq olduqca, başqa media vasitələrinin yeri görsənəcək. Həm də "reket jurnalistika”nın.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ləğvi prosesində aydın oldu ki, yüzlərlə "reket mətbuatı” onlar yemləyirmiş. Məlum oldu ki, ifşa olunan MTN rəhbərliyi "reket jurnalistlər”i himayə edirmiş. Həmin qəzetlər bir müddət geri çəkildi. Amma yenidən həmin işin arxasınca gedirlər. Məmurlardan qidalanmasa, faydalanmasa, onların yaşama imkanı olmayacaq.

-Müsavat Partiyasından niyə ayrıldınız? Bayaq dediyiniz ideoloji xətdən kənara çıxmaq üçünmü? Yoxsa, başqa səbəblər var idi? İnciməyin, nəsə mən elə hesab edirəm ki, başqa səbəblər var idi.

-Bu barədə ümumi olaraq, bayaq danışdım. Xüsusiləşdirsək, deyə bilərəm ki, mənim həyatda iki böyük layihəm olub: "Yeni Müsavat” qəzeti və Müsavat Partiyası. Mən bu iki möhtəşəm layihədə aparıcı sima qismində iştirak etmişəm. Uzun müddət bu layihələrlə paralel irəliləmişəm. Qəzeti gücləndirib, partiyanın mediada və siyasətdə üstün mövqeyini, ictimaiyyətə çıxışını, narazı elektorata mesajlarının keyfiyyətli çatmasını təmin etmişəm. Sovetlər dövründə Müsavat adına Azərbaycanda ilk qəzeti mən qurmuşam, eyni adlı partiyanın qurulmasında bilavasitə və əsas simalardan biri kimi iştirak etmişəm.

Daha sonra, Müsavatın rəsmi bərpa prosesində Bərpa Bürosunun üzvü kimi yer almışam, onun yönəldilməsində, güclənməsində iştirak etmişəm. Bu prosesi 1989-dan başladıq, sonra Elçibəyin tövsiyəsi ilə 1991-ci ilin dekabrından İsa Qəmbərlə davam etdirdik, nail olduq.  

İsa bəy bu təşkilata başqan olan müddətin hamısında Müsavat Partiyasında olmuşam. İsa bəy Müsavat rəhbərliyindən getdi. Mən də seçim qarşısında qaldım... İki layihədən birini davam etdirməli idim. İkisi bir yerdə yürümürdü, zaman gəlmişdi, seçim etməli idim.

Dediyim kimi, media müstəqil olmalı idi, heç bir düşərgənin əlavəsi olmamalı idi. Ya bu dünya standartı Azərbaycana gətirilməli idi, ya da partiyada qalıb siyasi fəaliyyətə davam deyilməli idi. Mən seçimimi mətbuatdan yana etdim. Hesab etdim ki, "Yeni Müsavat” adlı layihənin davamı ölkə, millət, özüm üçün də daha faydalıdır. Əslində isə mən partiyanın içərisində ola-ola müstəqil media yaratmaq prosesinə 2005-ci ilin parlament seçkilərindən sonra başlamışdım. Düşərgənin çöküşünü görürdüm və bu çöküşün "Yeni Müsavat”ın üstünə uçacağı bəlli idi...

Partiyanın sıravi üzvü statusuna keçərək, heç bir seçkili orqanda təmsil olunmayaraq, təşkilatla məsafə qoymağa təşəbbüs etdim. Mən  qəzetin ofisini partiya qərargahından çıxardım, dostların köməyi ilə indi oturduğumuz yerə yerləşdik. Sonra İsa bəy təsisçilikdən getdi – məsafələr daha da uzaqlaşdı.

Müstəqilləşmə rəsmi olaraq da reallaşdı. Bundan 6 il sonra da özüm partiyadan getdim. Dediyim kimi, ortam siyasi fəaliyyət üçün uyğun deyildi. Azərbaycanda media fəaliyyəti üçün də problemli mühitdir. Ancaq mən iki seçimdən birini etmək məcburiyyətində qaldım. Hesab edirəm ki, mən söz üçün, mətbuat üçün yaranmışam. Bu işi daha yaxşı həyata keçirirəm, nəinki siyasəti.

-Dediniz ki, İsa Qəmbər gedəndən sonra partiyadan çıxmaq qərarına gəldiniz. Yəni bu,  "İsa Qəmbər başqan qalsaydı, partiyada fəaliyyət göstərəcəkdiniz”, anlamına gəlir?

-Ən azından mənim üçün partiyadan getmək bu qədər rahat olmayacaqdı. İsa Qəmbər mənim siyasi həyatda tək və yeganə siyasi liderim olub. Mən Əbülfəz Elçibəyi davamızın, milli azadlıq hərəkatımızın lideri kimi qəbul etmişəm. Amma siyasi liderim İsa Qəmbər olub. 

-Arif Hacılı ilə münasibətləriniz var?

-Arif Hacılı dostumuz, türmə yoldaşımızdır. O, Azərbaycan tarixində yeri olan böyük siyasi xadimdir. Müsavat Partiyasının başqanı vəzifəsi də ona yaraşır. Bu, onun tam haqqıdır. Amma İsa bəy olmayan mühitdə, siyasətdə qalmayacağımı əvvəlcədən bəyan etmişdim. Hətta Qubad İbadoğlu seçilsə də, mən gedəcəkdim. Bununla yanaşı, artıq o zaman yetişmişdi ki, biz mütləq seçim etməli idik. Çünki "nyu media” üçün yeni imkanlar yaranırdı. Biz bu imkanları kimsəyə buraxa bilməzdik. Azərbaycan mediası üçün bayaq göstərdiyim yüksək göstəriciləri məndən başda kim həyata keçirəcəkdi?!

-Siz uzun müddət müxalifətə düşərgəsinin bir araya gəldiyi İctimai Palatada da təmsil olundunuz. İctimai Palatada niyə bu qədər qalmaqal yaşanırdı? Palatanın iclaslarında yaranan fikir ayrılıqları bəzən şəxsi toqquşmalara qədər gətirib çıxarırdı.

-Biz əvvəllər İctimai Palatada yola gedirdik. Bu qurumda vəziyyət yaxşı idi. Bu, Azərbaycan üçün tapılmış ən yaxşı format idi. Bu təşkilatın rəhbərlərindən biri də mən idim. Lakin orada olanda mən Azərbaycanı müxalif düşərgədə təmsil edən insanların potensialı və şəxsi keyfiyyətlərindən dolayı müəyyən məyusluqlar yaşadım.

Düzdür, İctimai Palatada çox parlaq simalar da var idi. Amma bu insanların bir yerdə birləşməyəcəyini, siyasətdə uzun məsafə qət etməyəcəklərini elə orda anladım. Azərbaycanın müxalif düşərgəsi 2010-2013-cü illərdə şon şans yaxalamışdı. Hamı görürdü ki, bu şans həyata keçməsə və müəyyən bir uğur qazanmasa, hakimiyyət bölgüsü qismən də olsa həyata keçirilməsə, bu düşərgə çökəcək. Buna baxmayaraq düşərgə performans göstərə bilmədi...


-Yəqin ki, nəzərdə tutduğunuz şəxs AXCP sədri Əli Kərimlidir.

-Tək Əli Kərimli olsa idi, nə dərd olardı ki?! Azərbaycan siyasi mühiti Əli Kərimli və başqalarının dərsini verib. Bu baxımdan ki, ətraflarında heç kim qalmayıb. Özləri üçün paralel dünya yaradıblar. Bu yaxınlarda vicdan məhbuslarından biri də bunu söylədi. Yaratdıqları kiçik mühiti də virtuala yönəldiblər. Bir-birlərinin statuslarını "layk” edirlər, bir-birlərini tərifləyirlər. Ya da hamısı yığışıb məni söyür. Amma nəticə yoxdur. 10 dəfə söy, lap məni söyənlərin sayını 20 dəfə də artır. Ancaq bu, onların siyasətdəki xallarını artırmayacaq. Azərbaycanın demokratiya əmsalı dəyişməyəcək. Fəlakət budur.

-Sizin Əli Kərimli ilə münasibətlərinizin gərginləşməsinin tarixi hansı dövrdən başlayır?

-Əli Kərimli ilə mənim münasibətlərimin pisləşməsi 1997-98-ci illərdən başlayıb. Çox kəskin davalarımız olub. 1999-cu ildə o,qardaşım Azər Ayxanı və məni prokurorluğa vermişdi. Polis Əli Kərimlinin şikayəti əsasında məni və Azər Ayxanı küçədən tutub, Səbail rayon Prokurorluğuna aparıb.

Orada Tahir Lələkişi oğlu Kazımov vardı, rayon prokuroru idi. Əli Kərimlinin şikayəti əsasında bizə o qədər izahat yazdırmışdılar ki, Tahir Lələkişi oğlu Kazımovun adı bir ömür yadımda qalacaq. O, Səbail rayon prokuroru idi.  Mən bizi niyə tutduqlarını soruşdum. Dedim: "Biz iki qardaş küçənin ortasında, çay içməkdən gələrkən bizi niyə saxladılar?”. Dedi ki, "nə edə bilərik?”. Bildirdi ki, Əli Kərimli deputatdır, dövlət adamıdır, sizdən şikayət edib. Sizsə gəlib izahat vermirsiniz...

-Şikayətin motivi nədən ibarət idi?

-Qəzetdəki yazılara görə. Onun xarici kəşfiyyatdan 2 milyon dollar alması ilə bağlı məlumatlar dolaşırdı. Biz də bu haqda yazmışdıq.

-Əlinizdə fakt var idi, yoxsa versiya kimi yazırdınız?

-Versiya kimi yazırdıq. Amma öz versiyamız kimi yox, konkret və tanınan  adamlar danışırdı, biz də yayırdıq.

-Versiya kimi yazırdınızsa, bu zaman məsələni hüquq müstəvisində həll etmək üçün haqqı var idi axı, sizi şikayət etməyə.

-İndi Əli Kərimlinin əmisi oğlu, ətrafı bizim haqqımızda elə şeylər yazır ki... Onların faktı, sübutu, əsası varmı? Bizi təhqir edirlər. Biz təhqir etmədən yazırdıq. O zaman təhlükəsizlik xidmətindən müxalifətə getmiş insanlar bu barədə danışırdı. Bizim dediklərimizin, yazdıqlarımızın arxasında tanınan simalar dururdu. Ya  da hansısa qəzetlərdəki yazıları təkrar çap edirdik. Bizim qovğamız hətta 1997-ci ildən başlayıb. Həmin ilin avqustunda Əbülfəz Elçibəyi Kələkidə ziyarət edirdik. Rəhmətlik Əbülfəz bəy dedi:

"Əli Kərimlinin bir əlindən mən tutmuşam, bir əlindən də hökumət. Mənə kömək edin ki, Əli Kərimlini iqtidar əlimdən alıb, aparmasın”. 

Biz də ağlımız kəsən qədər Əbülfəz Elçibəyə kömək edirdik. Aydın olmuşdu ki,  Əli Kərimli 1995-ci ildə anlaşmaya gedərək,  Milli Məclisə deputat seçilib. Hökumət AXC-nin gerçək liderini Kələkidən buraxmırdı, amma onun ikinci simasını deputat edirdi, imkan yaradırdı ki, təşkilatı tam ələ keçirtsin. Kor-kor, gör-gör -  bu, bir anlaşma idi. Biz o zaman Əli Kərimli və bir neçə adamını hakimiyyətə satılmağa görə ittiham edirdik. Aradan 20 il vaxt keçib. Bu 20 ildə biz çox dalaşmışıq, barışmışıq. Barışanda çox yaxın olmuşuq, dalaşanda isə çox kəskin düşmən olmuşuq.


-Ancaq belə başa düşürəm ki, bu dəfəki küskünlük uzunmüddətli olacaq.

-Siyasətdə küskünlüklər də, müharibələr də konkret maraqların arxasında olur. Bizim heç kimə düşmənçiliyimiz, kinimiz yoxdur. Bu, siyasətdir. Əli Kərimlini tanıyıram, ifrat praqmatik adamdır. Barışıq üçün yenə də addım ata bilər. Çünki hər dəfə  barışmaq üçün Əli Kərimli təşəbbüs göstərib.

-Bayaq dediniz sizi şikayət etmişdi. Sonra necə barışdınız?

-Əli Kərimliyə böhtan atmaq adı ilə bizi həbs etmək istəyirdilər. Ya da bu bizi qorxutmaq istəyirdi. O zaman üçün hesab edirəm ki, baş prokuror Eldar Həsənov bizim həbsimizə razı olmadı. Sonra aranı "Azadlıq” qəzetinin o vaxtkı baş redaktoru Gündüz Tahirli yumşaltdı. Daha sonrakı davada isə, 2010-cu ildə bizi Qənimət Zahid barışdırdı.

-Qənimət Zahidlə əlaqələriniz qalırmı?

-Qənimət Zahid mənim köhnə, hörmət etdiyim dostumdur. Münasibətlərimiz indi yoxdur, dondurulmuş vəziyyətdədir.

-Sizcə "Azadlıq” qəzetində əleyhinizə çıxan yazılara görə, Qənimət Zahid baş redaktor kimi məsuliyyət daşımır?

-"Azadlıq” qəzetində çıxan yazılara birmənalı olaraq Əli Kərimli nəzarət edir. Qənimət Zahid Fransadadır, onun materiallara baxmaq imkan məhduddur.

-Rauf bəy, gəlin bir az da kitablardan danışaq. Mütaliə edirsinizmi?

-Son çıxan kitabları alıram, bir az vərəqləyirəm, amma oxumağa vaxtım olmur.

-Azərbaycanın müasir yazıçılarından kiminsə əsərini oxuyursunuz?

-Nadirən. Qısa yazıları. Mən indi elə bir missiya daşıyıram ki, ölkəmdəki insanların oxuyan kəsimi mənim çıxardığım qəzeti, saytları oxuyurlar. Mən fürsət əldə edən kimi, xarici, dünyada tanınan yazarların əsərlərini oxumağa çalışıram.

-Bayaq "Yeni Müsavat”ın göstəricilərinin halal olduğunu dediniz. Bəs halal maliyyə qaynaqları nədir?

-Bizim saytımıza baxın. Orda cavab var. Bizdə təxminən 15-ə yaxın saytın banneri var.

-KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) pul alırsınız. Bununla belə, reklam və KİVDF-dən aldığınız pullar zənnincə, bu boyda kollektivi saxlamaq üçün kifayət etməz.

-KİVDF-dən hər ay 10 min manat alırıq. O qədər də kağız versiyasının satışından  qazanırıq. Saytdakı reklamlardan da gəlir var. Bu qəzetin kolektivi hər həftənin 3-cü günü, reklamdan, satışdan gələn pulları qonarar şəklində alırlar. Başqa xərclərimizi isə KİVDF-dən gələn pullarla həll edirik. Açıq etiraf edim, bir sahibkar kimi mən özüm pul qazana bilmirəm. İl yarım bundan əvvələ qədər şəxsən mən özüm də qazana bilirdim. Çünki, o zaman kağız versiyamızın aylıq 300 min nüsxə satışı olurdu. Artıq Bakıda qəzet satmaq imkanları demək olar ki, yoxdur. 

-Amma sizin qəzetin Daxili İşlər Nazirliyindən kurasiya olunmasına dair çoxsaylı iddialar da var. Sizin də Daxili İşlər Nazirliyindən çıxarkən bir fotonuz var. Bu haqda yeni nə deyəcəksiniz?

-Səhv etmirəmsə, 2008-ci ilin yay ayı idi. Mən 3 gün ərzində qəbul otağına zəng edərək, israrla daxili işlər naziri Ramil Usubovdan görüş istədim. Görüş istəməyinin sadə bir səbəbi var idi. Yazarımız, rəhmətlik Mahal İsmayıloğlunu tuturdular. Mən görüş almasa idim, Mahal İsmayıloğlu məhkəmədən həbsə gedəcəkdi. Nəhayətdə, nazirlə  görüşə razılıq verildi. O zamankı MTN naziri Eldar Mahmudovun  şəxsi göstərişi ilə mənim DİN-ə giriş-çıxışımı çəkib, yaydılar. MTN bu foto və videonu AXCP-yə ötürmüşdü. 

Çünki indi dəqiqləşib ki, MTN rəhbərliyi AXCP ilə əlaqədə imiş. Əslində isə burada heç bir şey yox idi -  bir qəzet redaktorunun öz ölkəsinin naziri, məmuru, dövlət adamı ilə görüşməsindəın təbii nə ola bilər ki? Mən ondan əvvəl və sonra da cənab Ramil Usubovla görüşmüşəm. Hər birində də konkret problemlər, konkret məsələlər olub. Həmin gün isə Mahal İsmayıloğlunun həbsini önləmək üçün görüşürdüm.  

Getdim və Ramil Usubovdan xahiş etdim. Ona görə cənab Usubovdan xahişdə bulundum ki, Mahal İsmayıloğlu haqqında Abşeron Məhkəməsinə şikayət edib, onun həbsini tələb edən bir polis zabiti idi. Ramil Usubovdan həmin zabitə təsir etməsini, qəzetimizin yazarı Mahal İsmayıloğlunun həbsinin əngəllənməsində köməkliyini əsirgəməməsini xahiş etdim. Çox sağ olsun ki, mənim xahişimi eşitdi nəticədə köşə yazarımız həbsdən qurtuldu. Oradan çıxıb birbaşa qəzetə getdim -  Mahal bəy məni orada gözləyirdi.

Bu barədə artıq bir neçə dəfə yazmışıq və mərhum yazarımız da sağlığında gerçəkləri ictimailəşdirib.  Əslində Mahal bəy həmin şikayətçi polis zabitinə təsir göstərmələri üçün başqa adamlardan da qəzet adına xahiş etməmi istəmişdi. Onların içərisində İlham Rəhimov, Əfatun Amaşov və Əli Həsənov da var idi. Mən də etdim -  çünki o bizim yazarımız idi və onu müdafiə etmək mənim borcumdu. "Kurasiya” və söz-söhbətlər bax, buradan çıxdı. MTN çəkdi, Əli Kərimli və onun mediadakı adamları isə yaydı. Mən iqtidarın adamı olsaydım, iqtidarın başqa bir qolu məni niyə "ifşa” edirdi ki?  

-Ramil Usubov uzun müddətdir ki, nazirdir. Onunla şəxsi görüşünüz olduğu üçün belə bir sual verim. Ramil Usubov sizdə hansı təəssüratı yaradıb?

-Nazir olduğu 22 ildə cənab Ramil Usubovla bir neçə dəfə görüşmüşəm. Hər dəfə fərqli situasiyalar, motivlər, mövzular olsa da, daxili işlər nazirində dəyişməyən bir xüsusiyyət var. Qarşısındakı insanla yüksək mədəni