Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

MM-də “Hərbi vəziyyət haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub

16-12-2016, 15:06 Baxış: 341
MM-də “Hərbi vəziyyət haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Layihəni təqdim edən birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əskərov bildirib ki, son vaxtlar Azərbaycan torpaqlarını işğal edən Ermənistanın diversiya qruplarının tez–tez cəbhədə gərginlik yaratması, o cümlədən informasiya cəbhəsində baş verənlər bu qanunun yenidən hazırlanmasını zəruri edib.

 

Hazırda qüvvədə olan "Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə) qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanun layihəsində bu müddət 48 saata endirilib. Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən digər yerlərə köçməməsi və digər məsələlər layihədə əksini tapıb. Yeni layihədə hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur. Kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

 

Qanun layihəsində həmçinin qeyd olunur ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir. Qanun layihəsində hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər sırasına "yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması” da daxil edilib. Yeni qanun layihəsinə görə, Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda və Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan edilir.

 

Sənəddə o da göstərilir ki, Azərbaycana qarşı təcavüz törədən, yaxud ölkənin müdafiə maraqlarına, təhlükəsizliyinə real təhlükə yaradan dövlətin və ya dövlətlərin ölkədəki vətəndaşları hərbi vəziyyət şəraitində interne ediləcək. Layihədə həmçinin bildirilir ki, hərbi vəziyyət elan edildikdə, müvafiq icra hakimiyyəti orqanı "Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya uyğun olaraq 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında məlumatlandırır. Layihədə digər bu kimi bir sıra yeniliklər də var.

 

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.