Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Aprel savaşı 5 erməni generalı rüsvay etdi - Millət vəkili

30-01-2017, 10:47 Baxış: 415
Aprel savaşı 5 erməni generalı rüsvay etdi - Millət vəkili

Biz də sosial şəbəkələrdə və başqa mühitlərdə ermənilərin narahatlığını müşahidə edirik. Düşmən tərəf bu hadisəni ağrı ilə qarşılayır. Hətta vurğulayırlar ki, guya Azərbaycanın əsas planı erməni xalqını tamamilə məhv etməkdir. Halbuki, Cəbrayılın bir kəndinin bərpa olunması Qarabağda yaşayan ermənilər üçün də bir çağırışdır.

Bu sözləri millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin Cicuq Mərcanlının bərpası barədə sərəncamından sonra Ermənistanda yaşanan panikanı şərh edərkən "Şərq” qəzetinə açıqlamasında deyib. Zahid Oruc bildirib ki, Azərbaycanda yaşayan ermənilər bu bərpanın Qarabağa da şamil olunacağını bilməlidirlər:

"Qarabağ erməniləri illər ərzində onları girov edən, öldürən, mallarını əllərindən alan qaniçən hakimiyyətə qarşı çıxmağa cəsarət etsəydilər, bərpa işləri bütövlükdə Şuşada, Xankəndində də aparılardı. Ermənilər isə bunun sadəcə faydasını görərdi. Nəhayət başa düşmək lazımdır ki, birgə yaşayışın formulu mütləq tapılmalıdır. Ancaq bu formul heç vaxt ermənilərin torpaqlarımızı işğalı hesabına olmayacaq”.

Millət vəkili bəyan edib ki, Cocuq Mərcanlı kəndinin bərpası Sərkisyan əleyhdarlarını ayağa qaldırıb və hakimiyyətdən narazı olan qüvvələr bu fonda Azərbaycanın gücünü etiraf etməyə məcbur olublar:
"Sərkisyan, Köçəryan, Ohanyan və Oskanyan uzun illər özlərini "güclü sərkərdə” kimi təqdim edirdilər. Aprel döyüşləri bu "qəhrəmanların” bütün nailiyyətlərini əllərindən aldı və Qarabağ müharibəsinin davam etdiyini göstərdi. Seyran Ohanyan illərlə protez ayağını camaatın gözünə soxurdu, hakimiyyətə səngərdən gəldiyini iddia edirdi. Ancaq Dördgünlük müharibə onunla birgə 5 generalı rüsvay etdi. Əgər 1990-cı illərdə ərazi itirən, siyasi qeyri-sabitlik dövrü yaşayan Azərbaycan idisə, indi həmin prosesə Ermənistan da gedir”.

Z.Oruc bildirib ki, ölkə daxilində maliyyə islahatları həyata keçirilsə də, Qarabağ məsələsi heç nəyə qurban verilə bilməz: "Torpaq hər şeydən alidir. Əslində elə ən böyük problemlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Əkinə yararlı münbit ərazilərimizin xeyli hissəsi işğal altındadır. Qarabağın canı Laçın, Kəlbəcər, Cəbrayıl torpaqlarıdır”.

Parlamentarinin sözlərinə görə, Prezidentin Sərəncamı Aprel savaşının davam etdiyini sübuta yetirdi:
"Ordumuz ön cəbhədə mülki vətəndaşlara söykənmək, arxalanmaq istəyir. Bu mənada Cocuq Mərcanlı kəndi və Lələ təpə yüksəkliyi mühüm əhəmiyyət kəsb edir. Bu bölgələr Qarabağ savaşının simvoludur. Mən orada hərbiçilərlə danışanda onlar fəxrlə deyirdilər ki, biz buradan Cəbrayılın mərkəzi hissələrini görürük. Lakin biz illərlə həmin əraziləri xəyallarımızla, kompüter proqramları ilə izləmişik. Düşmən cəbhəsindəki narahatlığı daha da artırmaq üçün Silahlı Qüvvələrimiz irəliyə getməlidir. Məlumdur ki, cəbhə xəttində duran erməni əsgərləri oranı özləri üçün vətən hesab etmirlər. Amma Azərbaycan əsgərləri haqq davası güdür, onlar doğma yurdları uğrunda savaşırlar”.