Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

“Soros beynəlxalq miqyaslı dələduzdur” - Zahid Oruc

“Soros beynəlxalq miqyaslı dələduzdur” - Zahid Oruc

Avropa mediasının Azərbaycana qarşı başlatdığı kampaniyaya ABŞ-ın aparıcı nəşrləri də qoşulub. Azərbaycan hakimiyyətinə ünvanlı kəskin ittihamlar yağdırılan materiallara rəsmi səviyyələrdə reaksiyalar verilir.
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Zahid Oruc "Yeni Müsavat”a müsahibəsində rəsmi Bakıya yönəlik ittihamlarla bağlı maraqlı arqumentlər səsləndirdi.
- Zahid bəy, Qərb mətbuatında Azərbaycan hakimiyyətinə qarşı dərc olunan materiallarla bağlı hakimiyyətin kursunu müdafiə edən şəxs olaraq yəqin sizin də əks arqumentləriniz var. Necə bilirsiniz, "sükutun pozulması”nın səbəbləri nədir?
- Korrupsiya ittihamı dünyada istənilən hakimiyyətin başı üzərində asılmış qılıncdır və onu həyata keçirən mərkəzlər qədim yezuitilərin prinsipi ilə hərəkət etməkdə fayda görürlər.
Düşməni və rəqibi susdurmağın ən yaxşı yollarından biri onlara ləkə atmaqdır
- "yapışmasa da, izi qalacaq”. Diqqət edin, adı çəkilməyən gizli mənbə guya əlindəki 16 mindən artıq pul transfert əməliyyatlarına dair bilgini Danimarkanın qəzetlərindən birinə sızdırıb.
Daha sonra 100-dən artıq jurnalistin birləşdiyi Korrupsiya təhqiqatları və mütəşəkkil cinayətkarlığı araşdırma mərkəzi həmin materiallara sahiblik hüququ əldə edərək VikiLeaks qaydasında Azərbaycan əleyhinə kampaniyaya start verir.
Britaniyanın "Guardian” nəşri və digər beynəlxalq media quruluşu informasiya məkanında fırtına qoparmaq və böyük səs-küy effekti yaratmaq üçün çox təcrübəli və sistemli bir şəkildə həmin cansız və saxta faktları ətə-qana gətirməyə, onlara həqiqət donu geyindirməyə çalışır.
2,9 milyard dollar vəsaitin Avropa məkanında siyasətçiləri, parlamentariləri, həmçinin dövlət adamlarını ələ almağa xərclənməsinin iddia edilməsinin cəfəng olduğunu sübuta yetirmək o qədər də çətin deyil. Lakin Danimarkanın Danske Bankı Estoniyadakı filialı vasitəsilə çirkli pulların yuyulmasında körpü olduğunu deyərkən və onu istənilən hakimiyyəti linç etmək üçün kompromata çevirərkən siyasi texnoloqların və inqilab layihəçilərinin buraxdıqları səhvlər peşəkar hüquqşünasların deyil, adi adamların da gözündən yayınmır. Belə ki, sızdırılmış materiallar kimi qələmə verilən, əslində isə müxtəlif şirkət və qurumların beynəlxalq əməliyyatları üzərində teatrlaşdırılan səhnə az qala bütün Avropanın ədalət orqanlarını zərbə altında qoyur, onların gözü bağlı femida olduğuna inamı zədələyir və "qoca qitədə” bütün siyasi qərarların korrupsiya mürəkkəbinə bulaşdığını ortaya qoyur.
Halbuki Birləşmiş Krallığın, yaxud Belçikanın-hansı ki, adları həmin sənədlərdə keçir- maliyyə nəzarəti orqanları, həmçinin terror və çirkli pulların yuyulmasına qarşı fəaliyyət göstərən hüquq-mühafizə təşkilatları Qərb dövriyyəsinə girən ən kiçik maliyyə axınlarını da mikroskop altında yoxlamağa borcludular və gerçəklik də elə bundan ibarətdir. Banklar 2001-ci ildən sonra terror təhlükəsi səbəbi ilə sirr pərdəsini də həmin bəyannamə və pulun mənşəyini araşdıranların üzünə açmağa borcludur. O cümlədən Amerikanın qəbul etdiyi "Vətənpərvərlik aktı”na bənzər sənədlər vasitəsilə konfidensiallıq və şəxsi sirlər, xüsusilə də bunun əcnəbi vətəndaşlara münasibətdə daha kəskin tətbiqi hazırkı Avropa demokratiyasının başlıca məziyyətinə çevrilib. - Faktiki olaraq iddia olunur ki, Bakı beynəlxalq səviyyədə böyük paralar xərcləyib. Özü də 2,9 milyard! - Deməli, Azərbaycan dövlətini Avropanı satın almaqda günahlandırırlar. Doğrudanmı onların bizi tənqid etməməsi üçün büdcə vəsaitləri və neft pullarını kimsə belə acımasız bir şəkildə fransızların, italyanların, yaxud almanların ayaqları altına səpib? Məgər qərbli müfəttişlərin rəyi müqəddəs ayə, yaxud təqsirsizlik prezumpsiyasıdır ki, onu vaxtilə kilsələrdən alan indugentlər kimi bizim siyasilər də ona əl atsın?!
Tam məsuliyyətlə demək olar ki, bu, köhnə, vaxtı keçmiş və bir günlük effektə yarayan fabrik məhsullarıdır.
Onu həyata keçirənlərin özləri korrupsiya layihələrinin içindədilər.
Mediaya çıxarılmış faktlarla tam əhatəli tanış olmayan insanlarımızda xəyal bütövlüyü yaratmaq üçün deyim ki, beynəlxalq şantajçıların əlində olan sənədlərdə hansısa Qərb ölkəsindən alınmış ekskavator, yaxud kimyəvi məhsullar, həmçinin stomatoloji avadanlıqlar da avropalıların satın alınması layihəsinin tərkib hissəsi kimi göstərilib.
- Zahid bəy, xüsusilə də Rusiyanın postsovet məkanında nüfuzunu bərpa etməyə çalışdığı dövrdə Qərbdən Azərbaycana qarşı yönəlmiş bu təzyiqlər sizin üçün gözlənilməz olmadı ki?
- Azərbaycanafobiya bir çox dairələrin sistemli təbliğatına çevrildiyindən bunu təəccüblə qarşılamaq olmaz.
Lakin ölkəmizi müdafiəyə qalxan hər kəsi ləkələmək və onların nüfuzunu sarsıtmaq doğrudan da düşmənlərimizin işinə yarayır. Məsələn, adıçəkilən almaniyalı sabiq deputat Eduard Litnerin dəfələrlə beynəlxalq konfranslarda ləyaqətlə və professional şəkildə Qarabağ məsələsində ədalətli mövqe tutduğunun şəxsən şahidiyəm.
İndi belələrini siyasi atəşə tutub məhv edənlər və onlara qarşı daxili cəbhə açanlar mahiyyətcə Birinci Dünya müharibəsində çarizmin məğlubiyyətini gözləyən bolşeviklərdən heç bir fərqi yoxdur. Azərbaycanın kisəsindən para almaqda suçlananlara verilən pulları hər bir qərbli siyasətçiyə mexaniki şəkildə bölsək, bütün Avropa Şurasını satın almaq olardı.
Buna heç kəsin şübhəsi olmasın.
Çünki lobbiçilik fəaliyyəti qanuni hesab olunan Avropa Birliyi və Amerikada ödənilən rəsmi ödənişlər əsasında müxtəlif ölkələrin mənafeyindən çıxış etmək qətiyyən siyasi korrupsiya nümunəsi sayılmır. Halbuki Birləşmiş Ştatların Konqresindəki kokusların-dostluq qruplarının fundamentinin məhz Azərbaycana qarşı böhtan kimi aparılan dollar piramidalarının üstündə qurulduğu da heç kəsə sirr deyil. Vaxtilə Liviya Cümhuriyyətinin lideri Qəzzafinin üzərinə yeriyən və tiran rejimi sayanların ön cərgəsində gedənlərdən biri-Fransa dövlətinin başçısı Sarkozinin seçki kampaniyasına 60 milyon dollardan artıq yatırımlar məhz bədəvi ərəblərin dərisindən çıxan pullar idi. Birləşmiş Ştatlarda ağların inqilabı kimi xarakterizə olunan son prezident seçkilərində isə "VikiLeak”sın tam şifrəli sənədlərlə sübuta yetirdiyi faktlara rəsmi qaydada heç kəsə cavab verməyə lüzum görmədi. Orada Mərakeş şahzadələrinin və digər ərəb əmirlərinin keçmiş dövlət katibi, sonralar isə Amerikanın siyasi taxt-tacı uğrunda mübarizəyə qoşulmuş qadın hökmdarı Hillari Klintona necə ərmağan etdikləri əksini tapmışdı.
Məgər Ərəb Kraliyyətinin birinci adamlarını dəfn etməyə qalxanda Qərbin dövlət adamları həmin ağır çəkili qızıl tabutların altına birinci girmir?
Yoxsa bir diktatura rejiminin pulu digərininkindən nə iləsə fərqlənir?
Məgər Mübarəkin və ya bin Əlinin milyardlarla dollar pullarını qaytarıb Misir və Tunis xalqına veriblər ki, onlar gedib yeni demokratiya qursunlar?
- Prezident Administrasiyası bu materialların arxasında Corc Sorocun dayandığına işarə verib.
Bu barədə nə deyə bilərsiniz?
Azərbaycanda rəngli inqilablar həyata keçirilməsi ideyası doğrudanmı hələ də aktuallığını saxlayır?
- Soros beynəlxalq miqyaslı dələduzdur və bunu bizdən başqa deyən onlarla ölkə var.
Bildiyiniz kimi, onun əleyhinə hazırda Ağ Evin saytında petisiya başladılıb və verilən məlumatlara görə, Birləşmiş Ştatlar dövlətçiliyinin köklərini dağıtmaqda və konstitusiyanın əsaslarını sarsıtmaqda günahlandırılan avantürist terrorçu kimi həbs etməyi tələb edən 80 minə yaxın insan rəsmi orqanlardan cavab tələb edir.
Onun terrorçuluğunu vətəndaşı olduğu ölkədə deyirlərsə və USAİD-dən, həmçinin digər mənbələrdən aldığı paralarla xaos və anarxiya törətməkdə qınayırlarsa, deməli, Avropadakı hansısa mərkəzlərin mələk sifətində özünü təqdim etməsi qeyri-mümkündür. Açıq cəmiyyət ideyası ilə son olaraq Makedoniyada, ondan öncə ərəb ölkələrində, həmçinin Şərqi Avropada törədilən kütləvi qətllər Sorosu xalqlara od gətirən Prometey obrazından çıxarır və onu gerçək şeytana çevirir. Baxın, sovetlər birliyi hələ dağılmamış Moskvada peyda olan bu fırıldaqçı milyarder özünün dediyi kimi, hər şeyə qadir olduğunu göstərmək üçün böyük bir imperiyanı xarabazarlığa çevirən ideyalarını Rusiyada Yeltsin hökumətinin beyninə əkir.
Daha sonra Ukraynada və Gürcüstanda qəddar filantropunun paraları ilə hakimiyyətlər devrilir və demokratiyanın tankları sovet məkanında irəliləməyə başlayır.
Əslində neft Bakısına sahib olmaq planı macar əsilli Dord Şvartsın-Sorosun hər zaman beynini məşğul edib, lakin bu xaos ixracatçısını və qanlı inqilab ssenaristini o vaxtlar
Azərbaycanda qəbul edən böyük Heydər Əliyev demişdi ki, demokratiya quruculuğu naminə hökumətə açıq kömək etmək istəyirsə, buyursun! Lakin Lenini Almaniyada yemləyən dünya gizli hökumətləri kimi Sorosun daxil olduğu klubun üzvləri buna icazə verməmişdilər. Halbuki büdcəsi boş olan bir ölkənin, hərbi və iqtisadi məhv edilmiş Bakının belə yardıma ehtiyacı vardı. O vaxt amerikalılar bizim kövrək və zəif millətimizə, həmçinin azadlığımıza dəstək vermək istəməmişdilər. İndi isə milyarderin öz doğulduğu vətənində - Macarıstanda desoroslaşdırma aparılaraq təməli onun pulları ilə qoyulmuş Mərkəzi Avropa Universitetinin fəaliyyəti dayandırılır, Polşada hakim partiyanın lideri Kaçinskiy cəmiyyətin identikliyini məhv etdiyinə görə onu arzuolunmaz şəxslər siyahısına alır, Rumıniyada həmin virusa yoluxan təşkilatların hamısını xüsusi nəzarətə götürürlər.
Diqqət etdinizsə, mən Rusiyanın adını çəkmədim.
Elə bu yerdə son kompromat savaşından vəcdə gəlmiş və 3 milyard dolların davasına qoşulmuş daxili qüvvələrin Rosoboroneksportla bağlı iddialarına da aydınlıq gətirmək istəyirəm.
Xatırlayırsınızsa, cəmiyyətimizin vahid bir qüvvəyə çevrildiyi 4 günlük aprel müharibəsi günlərində Sərkisyan rejimi Merkel qarşısında göz yaşları tökərək,"80-ci illərin metallomu" ilə vuruşduqlarını bəyan edirdi. Həmin günlər milli demokratiyamızın əbədi müxalif təqaüdçü lideri Əli Kərimli vətənpərvər çağırışlarında bir xeyli irəli gedərək tanklarımızı Xankəndinə yeritməyi tələb edirdi. Müharibəni sosial şəbəkələrdəki virtual qəhrəmanlıqla səhv salan belə adamların günahı ucbatından həyatını itirən minlərlə gəncimizin növbəti avantüralara deyil, məhz özümüzün apardığımız milli davaya yönəlməsi naminə bütün açıq-gizli savaşın riskini üzərinə götürən prezident İlham Əliyev fərqli qərarları ilə həmin toqquşmalardan qalib çıxmışdı.
Razılaşın ki, 90-cı illərdən sonra yalnız geri getmiş moldovan əsgəri və gürcü zabiti ilə müqayisədə Qarabağ cəbhəsində hətta bir metr irəli getmək münaqişələr vasitəsilə bölgənin üzərinə çökmüş beynəlxalq imperializmin maraqlarına necə zərbəydi. İndi Rusiya silah zavodlarını Azərbaycanın xarici siyasi cəbhəyə, Avropa Şurasında, yaxud da başqa yerdə deputatları satın almaq ssenarisində təqdim edənlər Qarabağ cəbhəsində ermənilərin üzərinə gedən əsgərlərimizin qarşısında bir sipərə çevrilirlər.
Bu, son dərəcə rəzil bir kampaniyadır.
Prezident İlham Əliyev özünün bütün siyasi məfkurəsinə və mübarizə fəlsəfəsinə görə demokratik bir liderdir.
Onun əleyhinə beynəlxalq medianın tribunasından atılan qəlpələr mahiyyətcə Qarabağda ermənilərin atdığı güllələrdən heç nə ilə fərqlənmir.
Siz korrupsiya araşdırmaçılarının çoxunun, o cümlədən sözügedən təşkilatın guya yalnız İsveçrə hökuməti, yaxud USAİD hesabına maliyyələşdiyinə inanırsınız? Bunlar müxtəlif kəşfiyyat mərkəzlərinin dövlətləri linç etmək və müstəmləkəçilik siyasətini gücləndirmək layihəsidir.
İntenet resurslarında onların verdiyi maliyyə hesabatları gözə kül üfürməkdir.
Gizli xəzinə və maraq sahibləri onların arxasındadır.
- Bu proseslərin 2018-ci il seçkiləri ərəfəsində baş verməsi, sizcə, təsadüfidir? - Bunun 2018-ci il seçkiləri ilə əlaqəsinə heç bir şübhə yeri yoxdur. Daxildən həmin antiiqtidar isterikasına para yatıranların olduğuna şübhə etmirəm.
Bir baxın, CNN kanalında hələ də Uol Stritin zənginlərinin kampaniyası davam edir və Trampı tanımayanlar müstəqil media adlanan ağır artilleriyadan hər gün onu vururlar.
Adama elə gəlir ki, Obama hakimiyyətdən getməyib, hələ üstəlik, xanım Klintonun məsum gülüşləri Amerikanın xilasedici xarici siyasətinin üstünə çilənərək hər gün yeni-yeni zirvələr fəth edir.
Lakin Liviyadan Suriyaya qədər tökülən qanları hansı demokratiyanın ayağına yazmağı tapa bilmirsən!
Budurmu, müstəqil media?
Bizi on illərdi ki, Qərbdə Rusiya ilə balanslı münasibətə və Avropaya ehtiyatlı yanaşmada günahlandırırlar. Əgər belədirsə, onda həmin məntiqi davam etdirsək, nəticədə Azərbaycan hökumətinə Qərbin rəyi lazım olmamalıydı. Doğrudan da özümüzü rahatsız hiss etdiyimiz klubun üzvlərinə pul niyə xərclənsin ki? Halbuki mən bir parlament üzvü kimi adi müqayisəni Məclisdə səsləndirmişdim
- Birləşmiş Ştatlar Konqresi hər maliyyə ilində demoktratiyanın ixracı adı altında Amerikanın təbliğatına on milyardlarla dollar pul xərcləyir. Elə isə yeni demokratiyalar və azadlığını xaricdə möhkəmlətməyə çalışan ölkələr sərhədlərindən kənarda rəsmi qaydada, hüquqi formada lobbiçilik fəaliyyətini niyə büdcə vəsaitləri hesabına etməsin ki?..