Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Tofiq Yaqublu: "Qubad İbadoğlunu müdafiə edirdim, Arif Hacılı qalib gəldi"

13-06-2016, 15:08 Baxış: 1 077

Tofiq Yaqublu: "Qubad İbadoğlunu müdafiə edirdim, Arif Hacılı qalib gəldi"

(Tezis.az saytının suallarını Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu cavablandırır)

- Tofiq bəy, Müsavat başqanı Arif Hacılının AXCP ilə əməkdaşlığın qurulması istiqamətində müvafiq tapşırığından sonra bir neçə cəhd oldu. AXCP sədri də daxil olmaqla bir qrup cəbhəçi ilə görüşlər keçirdiniz. Bu görüşlərlə bağlı rəyiniz necədir, əməkdaşlığın qurulmasına dair perspektiv varmı?

- Bəli, AXCP rəhbərliyi, o cümlədən üzvlərlə əməkdaşlıqla bağlı müzakirələr üçün görüşlər keçirmişəm. Düşünürəm ki, bu iş artıq yoluna qoyulub və yaxşı istiqamətdə gedir. Ümid edirəm ki, nəzərdə tutduğumuz hədəflərə nail olacağıq, ona şübhəm yoxdur.

- Siz həbsdəykən Müsavat Partiyasında, o cümlədən siyasi cameədə bir sıra dəyişikliklər oldu, partiya həyatına adaptasiya çətin olmadıki?

- Həbsdə qaldığım 3 il müddətində ölkədə, cəmiyyətdə, ailəmdə xeyli dəyişiklikıər baş vermişdi. Gələndə qoyub getdiyim şərait yox idi. Qısa zamanda prosesə daxil oldum, adaptasiya çətin deyildi, hazırda heç bir problem yoxdur.

- Müsavat Pariyasından Qubad İbadoğlu başda olmaqla bir qrup müsavatçı ayrıldı, özlərinə yeni təşkilat yaradıb fəaliyyətini davam etdirirlər. Sizin onlarla danışıqlar aparacağınız anonsu verilmişdi. Barışdırıcılıq istiqamətində söhbətlər oldumu? Qarşı tərəfdən hansı reaksiya gəldi?

- Qubad İbadoğlu Müsavat Partiyasının üzvlüyündən çıxarılandan sonra o, Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) adlı təşkilat yaratdı. Həmin təşkilatın hədəfi Azərbaycanda demokratik cəmiyyətin quruculuğudur. Həm Qubad bəylə, həm də təşkilatın digər üzvləri ilə görüşümdə bildirmişdim ki, bu narazılıqları bir kənara qoyaq, əgər siz səmimi mübarizə aparırsınızsa, hədəfdə Müsavat yox, hakimiyyət olmalıdır. Əvvəlcədən də demişdim ki, Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə Müsavat Partiyasının barışması çox müşkül görünür. İndiki vəziyyətdə real deyil. Ən azı çalışmaq lazımdır ki, qarşılıqlı ittihamlar və hücumlar səngisin. Əgər ADR bəyan edirsə, haqq-ədalət uğrunda mübarizə aparır, deməli hədəfdə Müsavat olmamalı, bu partiyaya olan münasibəti kənara qoymaq lazımdır. Təbii ki, bu iki təşkilat bir-birini həzm etmir, hərə özünü haqlı sayır. Məncə danışıqların nəticəsi oldu. Hazırda bu iki təşkilat arasında rəhbərlik səviyyəsində ittihamlar yox səviyyəsindədir, hərə öz yoluna davam edir.

- Qurultay zamanı Qubad İbadoğlunu dəstəklədiyinizi bəyan etmişdiniz, seçkidə isə Arif Hacılı qalib gəldi. Qurultaysonrası saxtakarlıq ittihamları səsləndi, hazırda özünüz Arif bəyin komandasındasınız. Bu ittihamlara münasibətiniz necədir?

- Bəli, mən qurultaydan əvvəl Qubad İbadoğlunun başqanlığa namizədliyini mdafiə eləmişəm. Düşünürəm ki, bu, çox demokratik mövqedir. Qurultay keçirildi, səsvermə nəticəsində Arif Hacılı partiya başqanı seçildi, mən də bu komandada yerimdəyəm. Saxtakarlıq ittihamları ilə bağlı deyə bilərəm ki, qurultayın nəticələri qanunidir, təmizdir və qəbul edilməlidir.

- Bu yaxınlarda Müsavatı daha bir qrup - Tural Abbaslının da daxil olduğu gənclər qrupu tərk etdi. Bütövlükdə partiyada gedən prosesləri necə qiymətləndirirsiniz? Bunun qarşısını almaq mümkün deyildi?

- Tural Abbaslı lap çoxdan bəyan etmişdi ki, onun Müsavatda qalmaq fikri yoxdur, özünə partiya yaradacaq. Düzdür, formal olaraq partiya üzvlüyündə qalmışdı, amma son günlərdə partiyadan çıxdığını bəyan elədi. Faktiki olaraq Müsavat sıralarında deyildi. Başqa müstəvidə mübarizə aparmaq istəyir, ona uğurlar arzulayıram, gücü və potensialı var, nə bacarırsa, eləsin. Mənə elə gəlir ki, gedəni saxlamazlar. Taktiki məsələdə fikir ayrılığı olsaydı, bu, başa düşüləndir. Amma adam Müsavat Partiyasının xəttinə daban-dabana zidd, fərqli münasibət ortaya qoyursa, deməli, o, Müsavatda deyil. Ona uğurlar arzulamaqdan başqa çarəmiz yoxdur.

- Tofiq bəy, 1918-ci il mayın 29-da Milli Şuranın İrəvanın siyasi mərkəz kimi ermənilərə verilməsi qərarının parlamentdə müzakirəyə çıxarılıb ləğvinə dair təkliflər səslənir. Bu təkliflərə münasibətiniz necədir?

- İrəvanın ermənilərə verilməsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlir. Əslində bu, tarixçilərin araşdıracağı məsələdir, onlar daha bilgili və səlahiyyətlidirlər. Məsələyə belə yanaşıram ki, başında Məhəmməd Əmin Rəsulzadənin dayandığı Milli Şura üzvləri Azərbaycan tarixinin ən şərəfli tarixini yazmış insanlardır. Yoxdan bir cümhuriyyət yaratmış insanların Azərbaycana xəyanət etdəcəyi absurddur. Dövrün reallıqları olub, ən optimal, doğru qərarları veriblər. Biz onlara təşəkkür etməliyik ki, bu cümhuriyyəti bizə yadigar qoyub gediblər.

- Son vaxtlar Türkiyədə ard-arda terror hadisələri olur, Almaniya Bundestaqında qondarma qətnamə fonunda Avropadan təzyiqlər göstərilir. Qardaş ölkədə baş verənləri necə qiymətləndirirsiniz?

- Düşünmürəm ki, Türkiyədəki terror hadisələri Avropadan sifariş edilir. Türkiyəni PKK və İŞİD terrorçuları təhdid edir və zaman-zaman qanlı cinayətlərə əl atırlar. Soyqırımı tanıma məsələsi sırf siyasi, dövlətlərin Türkiyə ilə münasibəti kontekstində baş verən məsələdir. Əgər Almaniyada doğrudan da hesab edirlərsə, soyqırım baş verib nədən bunu 2016-cı ildə qəbul edirlər, 5 il əvvəl niyə yada düşmürdü? Deməli, siyasi məqsədə uyğunluq var. Hər bir ölkə parlamenti ciddi siyasi instrumendir və və qanunverici hakimiyyət qondarma soyqırımı ölkənin çıxarları baxımından qəbul edir. Almaniya Bundestaqının qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə də Türkiyə ilə Almaniya arasında münasibətlər kontekstində baxmaq lazımdır. Əlbəttə mən də bu saxta iddiaları rədd edirəm. Çox təəssüf ki, işlərin bu yerə gəlib çatmasında Ərdoğan iqtidarının da ciddi səhvləri rol olub. Ərdoğanın hərəkətlərinə, ritorikasına fikir verin, lazım olmayan vəziyyətdə belə özünü və Türkiyəni mütərəqqi Qərb dünyasına qarşı qoyur, onlara yersiz ittihamlar irəli sürür. Rusiya ilə gərginlik fonunda belə Qərbə qarşı ittihamlar daha çoxdur, nəinki Rusiyaya qarşı.

Tezis.az