Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub - VİDEO

13-10-2017, 10:13 Baxış: 284

 MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub - VİDEO 

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay mövcud olan, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Bu şanlı tarixi yaradanların əziz xatirəsini əbədiləşdirmək, tarixi dövlətçilik irsimizin qorunub saxlanılmasına töhfə vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlıq haqqında müvafiq sərancam imzalamışdır. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlanıb həyata keçirilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasının keçirilməsi tövsiyə edilib.

Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub. Sərgidə Cümhuriyyətin yaranmasını, fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatını əks etdirən 50-ə yaxın mənbə nümayiş olunur. Mənbələr arasında AMEA Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin Böyük Britaniya arxivində olan sənədlərinə əsasən hazırladığı "Azərbaycan Demokratik Respublikası”, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri”, "Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri”, "Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, M.Ə.Rəsulzadənin müəllifi olduğu, məqalələrinin və məktublarının toplandığı "Məqalələr və məktublar toplusu”, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş, arxiv materialları və sənədlər əsasında hazırlanmış "Azərbaycan Demokratik Respublikası”, rus müəllifi H.Pçelinin "Müsavat öncəsi kəndli məsələsi”, Aydın Balayevin Məhəmməd Əmin ömrünün 1922-1943-cü illərini əhatə edən "Yad sahillərdə”, o cümlədən "Məhəmməd Əmin Rəsulzadənin siyasi portreti” və MEK-in fondlarında olan digər kitablar sərgilənir.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Mərkəzi Elmi Kitabxanada Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlərin rəqəmsallaşdırılması, Azərbaycanın istiqlal şairi, ictimai-siyasi xadim Əhməd Cavadın 125 illiyinin qeyd edilməsi, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə aid ədəbiyyatın Milli Rəqəmsal Yaddaş bazasına salınması kimi işlər görülmüşdür.

 Sərgi 2018-ci ilin sonuna qədər davam edəcək, oxucularsərgidəki kitablardan ümumi qaydada - oxucu sorğu-sifarişi əsasında istifadə edə bilərlər.