Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Ukraynalı deputat Oleq Medunitsa : “Saakaşvili Rusiyanın agentidir” - MÜSAHİBƏ

Ukraynalı deputat  Oleq  Medunitsa : “Saakaşvili Rusiyanın agentidir” - MÜSAHİBƏ
Ukranya Ali Radasının "Milli Cəbhə” partiyasından olan deputatı, Sumı vilayət administrasiyasının sədr müavini olmuş Oleq Vyaçeslavoviç Medunitsa Modern.az saytına müsahibə verib.
Onunla söhbəti təqdim edirikik.
- Ukraynadakı hazırki siyasi situasiyanı necə qiymətləndirirsiniz?
- Ukrayna parlament-prezident respublikasıdır.
Parlamentdə gərgin siyasi ab-hava hiss olunmur.
Ötən həftə parlamentdə dövlət büdcəsi ilə bağlı qanun qəbul olundu və hər hansı gərginlik yaşanmadı.
Sadəcə, Ali Rada önündə Saakaşvilinin tərəfdarları aksiya keçirirlər.
Amma istənilən halda, belə etirazlar dövlət orqanlarının fəaliyyətinə hər hansı mənfi təsir göstərmir.
- Ukrayna prezidenti Pyotr Poroşenkonun fəaliyyətinə necə baxırsınız?
Çoxları onu korrupsiyaya qarşı passiv mübarizədə, ölkəni silahlı münaqişədən xilas etməməkdə və əhalinin sosial vəziyyətini yaxşılaşdırmamaqda ittiham edir. - Bu çox səthi fikirlərdir.
Çünki Ukraynada Ali Rada və baş nazir sosial sahədə daha geniş səlahiyyətlərə malikdir və buna cavabdehlik daşıyırlar.
Amma nəzərə alsaq ki, prezidentin rəhbərlik etdiyi blok Radada 30%-lik yerə sahibdir, bu sahədə problemlərin olduğunu deyə bilərik.
Yeni hökumət dövründə korrupsiya faktları və sosial rifahın yüksəlişi üçün müəyyən addımlar atılıb.
Təkcə mən və ya Radanın digər deputatları deyil, həmçinin, Avropadakı deputatlar da Ukraynada son illər korrupsiyanın əsaslı şəkildə azaldığını qeyd ediblər.
Bu gün ukraynalı məmurlar, deputatlar, yerli idarəetmə orqanlarının üzvləri nəinki əmlak və vergi bəyannaməsi verməlidir, həmçinin, onların ailə üzvləri və qohumlarının əmlak və vergi bəyannamələrinə diqqət yetirilir.
Ona görə də korrupsiya ilə mübarizədə hər şeyin elə də pis olmadığını demək istərdim.
Digər tərəfdən, Rusiya ilə müharibə vəziyyətində olduğumuz üçün hərbi xərclərimiz çox yüksəkdir.
Bu isə Ukrayna hökumətinə sosial rifahı yüksəltməyə mane olan amillərdən sayılmalıdır.
Buna rəğmən, ölkənin şərqində hərbi əməliyyatlar başlanandan sonra əmək haqları xeyli artırılıb.
- Ukraynada korrupsiya ilə mübarizə məqsədilə yaradılmış qurumların arasında tez-tez münaqişələr yaşanır.
Onlar bir-birini qeyri-şəffaf fəaliyyətdə ittiham edir.
Bu fonda Avropa Birliyi də Ukraynaya ayırmaq istədiyi 600 milyon avroluq tranşı korrupsiya ilə passiv mübarizə səbəbindən dayandırıb.
- Mən deməzdim ki, bu makroiqtisadi yardım tranşı tam ləğv edilib, sadəcə dondurulub.
Avropa Birliyindən 1,8 milyard avro yardımın alınması ilə bağlı sazişi imzalayan zaman Ukrayna Avropa Birliyi qarşısında bir sıra öhdəliklər götürmüşdü.
Bu öhdəliklərdən biri korrupsiya işlərinə baxacaq xüsusi Antikorrupsiya Məhkəməsinin yaradılması idi.
Ölkənin Baş prokuroru, Antikorrupsiya Bürosunun rəhbəri və s. şəxslər yaxın zamanlarda Ali Rada qarşısında çıxış edərək, həyata keçirilən işlər barədə geniş məlumat verəcəklər.
- Növbəti sualım Mixail Saakaşvili ilə bağlıdır.
Son vaxtlar o, Ukrayna gündəminin əsas simasına çevrilib. Vətəndaşlıqdan məhrum olunması, barəsində cinayət işinin açılması ona bütün dünyada böyük diqqət çəkib.
Siz Ukrayna siyasi səhnəsində Mixail Saakaşvilinin gələcəyini necə görürsünüz?
- İlk olaraq, qeyd etməliyəm ki, Pyotr Poroşenko Mixail Saakaşvilini Ukraynaya dəvət etməklə böyük səhv edib.
O, hazırda etirazçı elektorata başçılıq edir və bu yolda bütün vasitələrə əl atıb.
Onun iqtisadi cinayətlər törədən qruplarla əlaqəsi və hazırda Rusiyada yaşayan iş adamlarından maliyyə alması faktı mənim üçün açıq-aydın ortadadır.
Onun əsas tapşırığı Rusiya Federasiyasının maraqları daxilində Ukraynada siyasi stabilliyi pozmaqdır.
Ona görə də yerli hüquq-mühafizə orqanlarının onun barəsində açdığı cinayət işini dəstəkləyirəm.
O, Rusiya xüsusi xidmət orqanlarının agentidir.
-Mixail Saakaşvilinin aksiyalarına minlərlə insan çıxır.
O, ölkənin işıqlı gələcəyi üçün çalışdığını deyir.
Siz onun vədlərinə inanırsınızmı?
- Əsla yox. Məncə o, emosional baxımdan tarazlığı pozulmuş bir insandır.
O, Ukrayna xalqının maraqlarını deyil, öz siyasi məqsədlərini güdür. Gürcüstandan olan həmkarlarımla söhbətim zamanı onlar da Saakaşvili dövründəki müəyyən müsbət dəyişikliklərlə yanaşı, çoxsaylı neqativ halları sadalayırlar.
Bu səbəbdən onun Gürcüstandakı siyasi gücü də artıq parçalanıb.
-Siz Ukrayna ilə Rusiya arasındakı Krım və Donbas münaqişələrinin həllini necə görürsünüz?
Artıq 4-cü ildir ki, bu bölgədə döyüşlər gedir və tərəflər sülhə yaxınlaşmaqda çətinlik çəkir.
Ukrayna ərazi bütövlüyün hansı yolla bərpa edə bilər?
-Rusiya ilə Ukrayna arasındakı münasibətlərə gəlincə, yaxın perspektivdə münaqişənin həllinə inamım yoxdur.
Aydın məsələdir ki, Moskva münaqişənin konservasiyasına çalışır.
Bu, Rusiyanın digər postsovet ölkələrində yaratdığı problemlərə oxşarlıq təşkil edir. Krım və Donbas münaqişələrində irəliləyiş olmadan onları həll etmək mümkün deyil.
- Münaqişə səbəbindən rus və Ukrayna xalqları arasındakı dost münasibətlərə də xələl gəlib. Azərbaycanda Ermənistan cəmiyyəti ilə münasibətləri nizamlamaq üçün əsası Tbilisidə qoyulan Sülh Platforması yaradılıb.
Platformaya münaqişə tərəfləri ilə yanaşı, bir sıra ölkələrin, o cümlədən Radanın deputatları da dəstək verib.
Sizcə, Rusiya ilə Ukrayna xalqları arasında münasibətlər belə bir platforma çərçivəsində həll oluna bilər?
- Azərbaycanda yaşayan ermənilərin sayı ilə Ukraynada yaşayan rusların sayı arasında böyük fərq var.
Bizdə 8 milyona qədər etnik rus yaşayır və onlar bütün dövlət strukturlarında təmsil olunurlar.
Ukraynada xarici işlər naziri, Radanın 40-dan artıq deputatı, bir sıra şəhər merləri, ordu zabitləri etnik rusdurlar.
Ukraynada rus icması ilə bağlı heç bir problem yoxdur. Əsas problem ölkəmizə döyüşməyə gələn Rusiya vətəndaşları, hərbçiləri ilə bağlıdır.
Bildiyiniz kimi, Rusiyada federal telekanallar dövlət şirkətlərinə məxsusdur. Bu səbəbdən onların efirində hakimiyyətin maraqlarına xidmət edən, vətəndaşlarda yanlış təsəvvürlər yaradan verilişlər gedir. Rusiyanın təbliğat maşını çox böyük təhlükə törədir və rusların beynini yumaqla məşğul olur.
- Oleq Vyaçeslavoviç, siz və partiyanız Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
- Bizim mövqeyimiz bundan ibarətdir ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İnanıram ki, Azərbaycan prezidenti və hökuməti Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra Qarabağda yaşayan ermənilərin bu bölgədə yaşamasını üçün təminatlar və hüquqlar verəcək.
İstənilən halda, Qarabağ Azərbaycanın torpağıdır və Ukrayna Azərbaycanı dəstəkləyir.
- Ukrayna, bütövlükdə postsovet ölkələrinin gələcəyini 20-30 il sonra necə görürsünüz?
- Düşünürəm ki, region Rusiyanın simasında "böyük qardaş”dan azad olsa, həm Azərbaycan, həm Ukrayna, həm də digər ölkələr sülh və rifah içində yaşayacaq. Əgər bu baş verməsə, Rusiya regionda mövcudluğunu saxlasa, qorxuram ki, münaqişə hələ çox davam edəcək. İstənilən halda, gələcəklə bağlı nikbinəm. Ümid edirəm ki, postsovet ölkələri bu çətin sınaqdan üzüağ çıxacaqlar və demokratik, sülh və firavanlıq içində mövcud olacaqlar.