Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir - MÜSAHİBƏ

20-06-2016, 13:32 Baxış: 308

Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir - MÜSAHİBƏ

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun  müsahibəsi

- Fuad müəllim, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir.  Gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu barədə fikirlərinizi bilmək istərdik…

- Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş  sahəsi də uğurla inkişaf edir.  Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Hazırda ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Yəni gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, iştirakçı və bu işləri həyata keçirəndir.  Xüsusi olaraq vurğulamaq istərdim ki, məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurları sıralayırlar. 

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və bütün layihələrə dəstək vermişdir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib.

- Siz Milli Məclisin Gənclər və idman komitəsinin sədrisiniz. Dövlət gənclər siyasəti ilə bağlı hüquqi baza hansı səviyyədədir? Ümumiyyətlə, bu istiqamətdə mövcud qanunvericiliyi necə qiymətləndirirsiniz?

- Heç şübhəsiz ki, ölkədə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb. Bundan başqa, 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına imkan yaradıb. 

Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Proqramın əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək idi ki, ötən illər ərzində Gənclər Mərkəzləri yaradıldı və ilk dəfə olaraq Gənclər Fondu təsis edildi. Həmçinin, 2016-2020-ci illər üçün yeni proqram təsdiqlənib. Eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərimiz üçün mühüm istiqamətlər mövcuddur. Heç şübhəsiz ki, bütün bunlar gənclərin potensialından daha mükəmməl şəkildə yararlanmağa hesablanmış bir addımdır. 

- Hazırda dünyada mürəkkəb sosial-siyasi proseslərin və dəyişikliklərin baş verdiyi bir şəraitdə yeni çağırışlar meydana çıxır. Gənclərin bu çağırışlara cavabını necə qiymətləndirmək olar?

- Müasir Azərbaycan gəncliyi bizim müstəqil bir ölkədə yaşamağımız,  müstəqil bir ölkənin vətəndaşı olmağımız,  milli kimliyimizin dünya tərəfindən qəbul edilməsi üçün Ulu öndər Heydər Əliyevin nə qədər əziyyətlər çəkdiyini çox yaxşı bilir.  Heydər Əliyev bizə dünyanın ən böyük əmanətini miras qoyub. Bu, Azərbaycanın müstəqilliyidir. Biz bunu dərk edirik və müstəqilliyimizin davamlı olması,  dövlətimizin güclü olması üçün üzərimizə düşən yükü götürməliyik. Bu mənada Azərbaycan gəncliyinin fəaliyyəti qənaətbəxşdir. Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk. Mən son illərin gəncliyini Azərbaycan tarixində millətinə,  dövlətinə bağlı ən böyük milli qüvvə hesab edirəm.

- Fuad müəllim, Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı xaricdə yaşayan soydaşlarımızın fəallığının Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrin ictimai dairələrinə çatdırılması baxımından əhəmiyyətli olduğunu bildirdi. Bu baxımdan, xaricdə yaşayan gənclərin üzərinə hansı məsuliyyət və vəzifələr düşür?

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ilk növbədə milli adət-ənənələrə, mental xüsusiyyətlərə önəm verməli, minillər boyu yaşatdığımız milli keyfiyyətləri qorumalıdır.  Hesab edirəm ki, bu mənada da biz soydaşlarımızla fəxr edə bilərik. Düşünürəm ki, soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamalı,  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği,  təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirməlidirlər.Həmçinin, Prezident İlham Əliyevin Azərbaycan diasporuna yüksək diqqət və qayğısını qarşıya qoyulan vəzifələrin tam şəkildə yerinə yetirməsi üçün bir stumuldur. 

Tezis.Az