Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

“SİZİNLƏ YEDİYİMİZ BİR ALMAYA GÖRƏ..” - Zahid Oruc

8-03-2018, 11:00 Baxış: 180
“SİZİNLƏ YEDİYİMİZ BİR ALMAYA GÖRƏ..”  - Zahid Oruc
2010-cu ildə Amerikaya səfərimiz zamanı bizi qarşılayan könüllülərin-iki yaşlı xanım əməkdaşın bizə yağdırdığı suallara cavab verərkən, nədənsə qadına münasibət mövzusu söhbətin düyün nöqtəsinə çevrilmişdi.
Özü də Mərakeş əsilli olan Açıq Cəmiyyət institutunun texniki işçisinə uzun-uzadı izahatlar versək də yetərli olmamışdı, arada olan 12 saatlıq zaman fərqindən doğan yorğunluqdan və gecənin qaranlığından xilas olmaq üçün bir qədər yumor hissilə , daha qısa yol seçib böyüyüb boya-başa çatdığımız kəndimizdən-qonşumuzun həyatından bir misal çəkmişdik. Əvvəlki həyat yoldaşından 2 uşağı olan Səyalə xala(ad şərtidir-çünki övladları sözlə yaralamaq olmaz) ikinci dəfə ailə quraraq bizimlə bir məhləyə köçmüşdülər.Sovet çoxuşaqlı analarının əsil obrazı olan yeni cütlüyün tərkibi illər sonra daha da genişlənib sayları 12 nəfərə çatmışdı. Lakin tez-tez ərinin kötəyinə tuş gələn qadın hər dəfə müxtəlif bəhanələrlə açıq zərbələrdən yayınmaq üçün yaxın saydığı adamların evinə gələr, qəzəb ötüb keçəndən sonra evinə dönərdi.Bir dəfə Səyalə xaladan soruşdum ki, belə yaşamaq onun üçün ağır deyilmi və nəyə görə dözür?
Cavabı ömrüm boyu yadımdan çıxmadı. Dedi ki, əgər həyat yoldaşı onu istəməsə, əl qaldırmaz.. Nəql elədiyim fərdi həyat tarixçəsini kədərlə qarşılayan mərakeşli müşaiyətçinin üzü bir gün bulud kimi dolu oldu.
Görünür, onun da tərk edib gəlməyə məcbur qaldığı cəmiyyətdə qadınlara qarşı şiddət adamın şəxsi yaralarına toxunmuşdu.
Sonrakı günlər Azərbaycan xanımlarının kişilərlə çiyin-çiyinə keçdiyi böyük ömür yolundan, Leyli və Məcnun sevgisinin üzərində qurulan milyonlarla ailədən, nəinki dövlət, idarəçilik, eləcə də at belində hərb meydanlarından birgə keçən tomrislərdən, diplomatiyanın Sara Xatunundan danışmağımız hesabına səfərimiz zamanı yaranmış fikir böhranını həll etmək oldu.
Amma gerçəkdən zərif cinsin üzərində güc tətbiqi patriarxal cəmiyyətlər üçün xarakterikdir axı.
Zülmü və işkəncəni sevgi saymaq, böyük Üzeyirin satirik dili ilə desək " tabe olmasa, kötəklərəm” fəlsəfəsi ilə yaşamaq heç bir cəmiyyəti icalda bilməz. Doğrudur, qadın azadlığının fəsadları haqqında hazırki Qərb dünyasında yaşanan mənəvi aşınmadan gətirilən misallar da əsassız deyil.Lakin canlı aləmin varlığına təminat verən qüvvəni köləyə çevirəndə, özün də qul olursan.Zora və hikkəyə yenilirsən.Kişi diktatı mənəvi böyüklüklə qazanılmayanda əldə olunan üstünlük külək qarşısında qurulan qum dağına bənzəyir.
Baxın, Napoleon Bonapart sevimli Jozefinasını şübhələrdən yuxarıda görmək istəyirdi.Adolf Hitlersə cəmiyyəti qadınlara bənzədib onları idarə eləmək üçün yumruğun gərəkliyini düşünürdü.Onun fəlsəfəsi 50 milyon insanın qətlinə səbəb oldu. Böyük peyğəmbərimiz isə cənnəti anaların ayaqları altında görürdü.
Ona görə də bir almanı yeyib sizinlə Yer üzünə qovulmağa dəyərdi.
Axı qadınlarla birgə keçən hər yer cənnətdir!
Əziz xanımlar, sizə verdiyimiz qabırğanın əvəzini çoxdan qaytarmısız.
Axı bütün qitələri fəth etmək sizin sevginizin yanında çox kiçik görünür... Ana, bacı, həyat yoldaşı və övlad kimi sevdiyimiz qadınlar, təqvimin cəmi bir günü deyil, bütün ömrü boyu xoş sözə, isti ürəyə və anlaşmaya ehtiyac duyurlar.
Sizə gətirilən bütün parfümlərdən daha təravətli olan ətrinizi və gözəlliyinizi qoruyun. Jvanetski deyirdi ki,qadınların 60-70 yaşı olmur.
Sadəcə 20 yaşından 40-50 il keçən qızlar mövcuddular.
Stiv Cobsun bir dəfə dişlənmiş Apple-i simvola çevirməsi də sizə olan məhəbbətin nişanəsi sayıla bilər.. Qoy hər kəs bilsin ki,bir almaya görə çıxdığımız cənnətə qayıtmaq istəyənlərin bircə yolu var-SİZƏ LAYİQ OLMAQ!