Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Soçi görüşünün İrəvanda əks-sədası - Paşinyan tez-tələsik...

4-09-2018, 10:09 Baxış: 156
Soçi görüşünün İrəvanda əks-sədası - Paşinyan tez-tələsik...
Bu səfəri Rusiya ekspertləri ikitərəfli münasibətlərin inkişafı üçün "İlin hadisəsi” kimi qiymətləndirib.
Bu sözləri millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri Rusiya, Azərbaycan, eləcə də dünyanın əksər kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir: "Bu təsadüfi deyil. Bu səfər çərçivəsində imzalanmış on beş sənəd Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin bundan sonrakı inkişafı üçün unikal imkanlar açacaq. Onların içərisində üçünü xüsusi qeyd etmək lazımdır. Bunlar "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”dır. Bu sənədlərdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif istiqamətlər, xüsusilə, iqtisadi blokda olan məsələlər üzrə inkişafı üçün yol xəritələri öz əksini tapıb. Bu, olduqca vacib məsələdir”. Millət vəkili vurğulayıb ki, bütövlükdə hər iki dövlətin başçısı Azərbaycan və Rusiya arasındakı münasibətlərdən danışarkən bunu dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətləri kimi xarakterizə edib: "Bu fikirlərin arxasında konkret əməl, iş dayanır. Rusiya ilə ticarət, iqtisadi əlaqələrimizin səviyyəsi 3 milyard dollara yaxındır. Hər iki dövlətin başçısı belə bir iradə ortaya qoydular ki, bunu 10 milyard dollar səviyyəsinə çatdırmaq üçün böyük imkanlar, potensial var. Eyni zamanda, qeyri-neft sektorunda əlaqələrimizn inkişafı üçün çox gözəl imkanlar olduğu da vurğulandı”. Millət vəkilinin sözlərinə görə, bu səfər çərçivəsində diqqətdə saxlanılan ən mühüm məsələ regional təhlükəsizlik, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələ idi: "Prezident İlham Əliyev bir daha Rusiya prezidentinə, KİV-nə, ictimaiyyətinə bəyan etdi ki, hələ də torpaqlarımızın 20%-i işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqınımız var. Bu münaqişə, Ermənistanın bu təcavüzü regioanal təhlükəsizlik üçün çox ciddi maneədir. Yalnız bu problemin aradan qaldırılması regiona sülh, əmin-amanlıq və inkişaf gətirə bilər. Heç şübhəsiz ki, bu münaqişənin həlli Ermənistanın düşdüyü mövcud böhranlı vəziyyətdən çıxması üçün də ən düzgün yoldur. Bunun alternativ yolu yoxdur. Yalnız işğala son qoyulması Ermənistanın gələcəyi deməkdir. Eyni zamanda, Vladimir Putin bu məsələlərlə bağlı dövlətin mövqeyini bir daha açıqladı ki, Rusiya həmsədr kimi bu münaqişənin dinc yolla həllini istəyir və bundan sonra da sülh prosesinə daha ciddi töhfələr vermək niyyətindədir”. Millət vəkili qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin danışıqlarında diqqət mərkəzində saxlanılan bir məsələ də hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı oldu: "Azərbaycan tərəfindən Rusiyadan alınan hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və gələcəkdə də bu prosesin genişləndirilməsi əsas hədəflərdən biridir. Ermənistan bu məsələyə çox qısqanclıqla yanaşdığını nəzərə almalıyıq. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Almaniyaya səfəri zamanı Angela Merkelə Vladimir Putindən şikayət etmişdi. O, Rusiyanın Azərbaycana silah satması ilə Ermənistanı çıxılmaz vəziyyətə qoyduğunu iddia etmişdi”. Millət vəkili vurğulayıb ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməsi Ermənistanda vahimə yaradır: "Hətta Paşinyan ötən gün sosial şəbəkədə Rusiyaya səfər edəcəyini qeyd edib. O, bu səfərlə nə baş verdiyini aydınlaşdırmaq istəyir. Əslində heç nə baş vermir. Azərbaycan və Rusiya arasındakı münasibətlər ənənəvi əməkdaşlıq münasibətləridir. Bu münasibətlərin inkişafında hər iki tərəf maraqlıdır. Azərbaycan iqtisadi baxımdan inkişaf etmiş dövlətdir, daha böyük bazarı, imkanları var. Buna görə də Rusiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Ən başlıcası isə Azərbaycan balanslı siyasət həyata keçirir. Buna Rusiya çox böyük qiymət verir. Bütövlükdə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafına dinamizm verə bilən hadisə kimi qiymətləndirilməlidir”.(axar)