Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İrəvan olaylarının pərdəarxası və Qarabağın həlli...Zahid Orucun müsahibəsi

5-10-2018, 13:41 Baxış: 94

İrəvan olaylarının pərdəarxası və Qarabağın həlli...Zahid Orucun müsahibəsi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsi:

- İki gün öncə Paşinyanın tərəfdarları parlamenti mühasirəyə aldı, deputatlardan parlamentin buraxılmasını əngəlləyən dəyişikliyi ləğv etmək tələb olundu. Bunun ardınca Paşinyan parlament fraksiya rəhbərləri ilə görüş keçirdi və növbədənkənar seçki ilə bağlı razılaşma əldə edildiyini açıqladı. Səhərisi gün isə qarşı tərəf Paşinyanı təkzib etdi. Nə baş verir?
- Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni qüvvə iqtidarlaşmaq və idarəçilik sistemində möhkəmlənmək üçün öz mübarizəsini başa çatdırmağa çalışır. Bu isə elə də asan deyil, çünki köhnə komanda yalnız Sərkisyandan ibarət deyil, onlar uzun illər ərzində möhkəm mexanizmlər qurublar, maliyyə məkanında əsas rıçaqları ələ keçiriblər, orduda mühüm bir güc halına gəliblər. Belə olan təqdirdə hakimiyyətin siyasi elitasında bir neçə fiqurun dəyişməsi avtomatik olaraq yeni idealların, küçədə kütlələri öz cazibəsində saxlayan şüarların dərhal hökumətə keçməsi anlamına gələ bilməz. Hətta müəyyən bir komandanın formalaşması da Paşinyanı istəyən media orqanlarının dilə gətirdiyi kimi inqilabın real olaraq institusionallaşacağına zəmanət vermir.
Bunun üçün Paşinyan bütün hakimiyyət qollarında köklü dəyişikliklər aparmalıdır. İrəvan meri ilə bağlı seçkidə Nikol özü də şahid oldu ki, cəmiyyətdə müəyyən tərəfdarları olmasına baxmayaraq, əleyhdarları da güclənməkdədir.
İndi Paşinyan bu birayaqlı vəziyyətdə sadəcə hakimiyyətdə qərarlaşıb, amma parlamentə nəzarət edə bilmir, deputat çoxluğu onun əleyhinədir və revanş götürmək fikrindədir.
Bu üzdən o mütləq növbədənkənar seçkilər keçirməlidir. Yalnız bundan sonra iki hakimiyyət qolu üzərində nəzarət sonrakı böhrana imkan verəcək ki, nəticədə də prokurorluq və məhkəmə sistemini də dəyişdirmək mümkün olacaq.
Ancaq inqilab nə qədər cazibəlidirsə, onun ikinci təhlükəli başı da var. Bu da ondan ibarətdir ki, kütlələr bir müddət sonra ölkədə baş verən mənfi hadisələrin hamısına cavabdehliyi ondan istəyəcəklər. Yəni səngərdə əsgər ölürsə, bu, ordunun və siyasi qərar sahiblərinin ayağına yazılır. Ölkə daxilində köklü dəyişiklik aparılmadan iqtisadi rifah əldə olunmayacaq, Azərbaycanla düşmənçilik ritorikası altında silahlara ayrılacaq pullar səhiyyə, təhsil və sosial təminatdan kəsilmiş xərclər olacaq. Heç şübhəsiz ki, Paşinyan üçün əsl məhşər onda başlayacaq. İndiki reallıqda Azərbaycan tərəfi ilə ilk aylarda virtual savaşdan sonra Düşənbədə qeyri-rəsmi görüşdə əldə olunan nəticələri dərhal ictimailəşdirən Paşinyan hiss edir ki, bu aralıq mərhələlərdə Azərbaycan tərəfindən alacağı zərbələr ölkə içərisində onun mövqeyini zəiflədəcək. Paşinyan istefa verib, növbədənkənar seçkiləri təmin etmək üçün hakimiyyətin digər qolları ilə bağlı real addımlar atmaq istəsə də, bu hələ onun öz planlarına bütöv nail ola biləcəyi anlamına gəlmir. Çünki rəqib qüvvələrin də imkanlarını hesablamaq lazımdır, onların sahib olduqları resurslar insanları ayağa qaldırmaq üçün yetərlidir. O üzdən Ermənistanda hakimiyyət böhranı hələ davam edəcək.
- Zahid bəy, Ermənistandakı son proseslərin Düşənbə görüşündən sonra baş verməsi təsadüfdürmü?
- Əslində, Düşənbədə Azərbaycan tərəfi Paşinyan hökumətini tanıdığını ortaya qoydu və onu siyasi dayanıqlı tərəf kimi qəbul etdiyini göstərdi. Bu o anlama gəlir ki, müəyyən mənada xalqın apardığı üsyan nəticəsində formalaşan elita ilə Qarabağ məsələsi ətrafındakı aparılan vasitəçilik missiyası davam edəcək. Məsələnin başqa bir önəmli tərəfi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu formatında proses əslində Sərkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil. Əgər Ermənistan Minsk Qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür. Bu mənada son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir. Yəni Paşinyan onu hesablamağa qadirdir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır. O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi.
Axı, indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq?
O üzdən Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır. Bu da ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır. Yəni uzun onillər ərzində Rusiya ilə münasibətləri Azərbaycanın əleyhinə çevirmək xəttini neytrallaşdıranda şübhəsiz ki, onlar öz təxribatçı addımlarının effektini görmürlər. Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir.
Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir.
Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir.
Hesab edirəm ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək.
O cümlədən erməni xalqı bəlkə də bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 90-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər.
İndi nəyin üzərində qərar tutacaqlar?
Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik. Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə sərkisyanlaşacaq və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək.
- Mümkündürmü ki, Ermənistanda baş verən proseslər elə Rusiyanın öz oyunu və ya Qarabağ klanını məhv etmək üçün xüsusi bir planı olsun?
- Əslində, Qarabağ klanı elə məhz bu savaşın nəticəsində siyasətdə köklü bir mənada şaxələndi, özünə imkanlar qazandı. Hər hansı reqlament, parlamentdaxili nizamnamənin prinsipləri ətrafında konsensus tapılsa belə, yaxın perspektivdə Ermənistanda daxili münasibətləri tam qaydasına salmaq mümkün olmayacaq. Çünki bir qüvvə yenə də keçmiş xidmətlərini qabardaraq bütün cinayətlərinə haqq qazandırmağa çalışacaq. Sərkisyan və Köçəryan həbsə atılsa da, bu, bir müddət sonra yenidən xalqın nəzərində torpaq işğallarında rolu olan qüvvənin cəzalandırılması anlamına gələcək və Paşinyanın düşmənləri bundan maksimum dərəcədə faydalanacaqlar.
O biri yandan əgər həqiqətən də gələcək hakimiyyət sahibləri bölgədə realist bir siyasəti izləyəcəklərsə, o halda Rusiyanın maraqları ilə uzlaşmayan xeyli məqamlar meydana çıxacaq.
Bu zaman Ermənistanın hansı orbitdə qalması məsələsi gündəmə gələcək.
- Yeri gəlmişkən, İrəvanın geosiyasi azadlığa qovuşması Bakının xeyrinədirmi?
- Bu, o qədər də sadə cavablandırılacaq sual deyil. O baxımdan ki, erməni dövlətçiliyi müstəqil qaydada ayaqda qalmağa qadirdirmi, yaxud da onların Rusiyanın nüfuz zolağından çıxması fonunda Qərb həmin bölgədə nə dərəcədə yerləşəcək? Bu, regiondakı siyasətə necə təsir göstərəcək və yaxud da onların izolyasiyadan çıxmasında hansı rol oynayacaq? Bütün bunların hamısı mühüm suallardır. Ancaq elə düşünürəm ki, Ermənistanda seçkilər qəti şəkildə tərəflər arasında yalnız siyasi mübarizə ilə məhdudlaşmayacaq. Çox mümkündür ki, daha təhlükəli ssenarilər meydana çıxsın. Çünki rəqib cinah xalqın nifrətini qazanmasına baxmayaraq, müəyyən qədər dayaqlara malikdir, tam zərərsizləşdirilməyib. Məsələn, Saakaşvili əleydarlarının çoxunu həbsə məruz qoydu, ilk dövrlər onları cəzalandırdı, buna görə də xalq onun tərəfində idi. 2008-ci ilə qədər o, rahat şəkildə öz islahatlarını apara bildi, dövlətin həyatında köklü dəyişikliklərə nail oldu, ona görə də Saakaşvili fenomeni dünyaya çıxdı. Ancaq Paşinyan öz obrazını hələ də tapa bilmir. Birincisi, o, Qərbin böyük yardımlarını almalı, ikincisi, bu bölgədə hərbi cəhətdən müdafiə olunmalı, üçüncüsü, iqtisadi izolyasiyadan çıxmaq üçün nəfəslik açılmalıdır. Nəhayət, Paşinyan planlarını həyata keçirmək və Qərbin dəstəyini almaq niyyəti ilə yeritdiyi siyasətində Rusiya əleyhdarı kimi görsənməyi də bacarmalıdır. Bunlar sadə məsələlər deyil. Ona görə də söhbət təkcə parlament və ya dövlət uğrunda savaşdan getmir. Ermənistanda əsl mübarizə siyasi kimlik, ayaqda qalmaq uğrunda gedəcək.
- Artıq rusiyalı ideoloqlar da etiraf edir ki, Paşinyan Qarabağın nizamlanması ilə bağlı danışıqlar prosesinin ilkin mərhələdə 5 rayonun Azərbaycana qaytarılması istiqamətində davam etdirilməsi reallığını dərk etməyə başlayıb. Düşənbə danışıqlarında Rusiyanın rolu nə dərəcədədir?
- Faktiki olaraq Rusiya son 15 ildən artıq bir dövrdə məhz Prezident İlham Əliyevin cəsarətli, son dərəcə uğurlu siyasəti ilə bölgədəki proseslərə fərqli bir səviyyədə qoşulub. İndi Bakı və Moskva arasında üçüncü, dördüncü dairələr əvvəlki təxribatçı mövqelərini tuta bilmirlər. O biri yandan fəal bir şəkildə əlaqələrimizi gücləndirərkən xarici siyasət mövqeyində balansı da pozmuruq. Yəni bu əlaqələr Azərbaycanın hansısa bir məkana transformasiyası və özünün Qərblə iqtisadi-siyasi əlaqələrindən imtinası anlamına gəlmir. Üçüncü tərəfdən, hərbi münasibətlərin yaxşı olması özlüyündə Ermənistanın siyasi iddialarını, ambisiyalarını da zərbə altında qoyur və onlar təhdidedici şəkil alır. O ki qaldı Putinin mövqeyinin Qarabağ məsələsində sona qədər necə olmasına, bu, bağlı qapılar arxasında tam bəyan olunur. Hesab edirəm ki, ölkə rəhbəri ilə Rusiya prezidenti arasında formalaşan çox yüksək münasibətlər özlüyündə gələcəkdə bir çox məsələnin həllində önəmli rol oynayacaq. Yəni Əliyev və Putin Qafqazda sülh arxitekturasının quruculuğunda mühüm rol oynaya və formalaşacaq o arxitektura hamının xeyrinə işləyə bilər. 5 və ya 7 rayon mövzusunda detallara çox varmaq və Qarabağ məsələsinin həlli yolunu yalnız bu şəkildə görmək prosesi məhdudlaşdıra bilər. Bundan da fərqli modellər var və liderlərin gücü onların çoxları üçün ağılasığmaz görünən variantları seçmiş olmalarındadır.
Zənnimcə, bu variantlar mövcuddur, sadəcə ictimai-siyasi fikir məkanında çox dövr etmir.
- Zahid bəy, bir az da aydın danışmalı olsaq...
- Yəni Ermənistan-Azərbaycan arasında sülhün modeli yalnız 5 rayonu qaytarmaqdan ibarət olmaya bilər.
O üzdən Rusiyanın, konkret desək, indiki halda Putinin Prezident İlham Əliyevlə məsələyə baxışını təyin etmək kiminsə imkanları daxilində deyil. Şübhəsiz ki, bu, ümumiyyətlə, bir millət olaraq, birbaşa mənafeyimizə işləyir. Çünki məhz Prezident İlham Əliyev eyni münasibətlər halında çox uğurla çoxları üçün ağılasığmaz görünən tədbiri, Azadlıq meydanında türk birləşmələri ilə paradı keçirə bildi. İsrailin hərbi texnikası da burada özünü göstərdi. Bu silahlar vahid düşmənə, hədəfə qarşıdır. Putinin Bakıda olduğu günlərdə "Polonez”lərin növbəti partiyası Azərbaycana gətirildi. Bu, qətiyyən bölgədə əsas oyunçu olan dövlətin paytaxtını narahat etmir, onların strateqləri hərəkətə gəlib, hansısa buxovlayıcı addımlar atmırlar. Yəni Kremldə də Azərbaycanın hərbi, iqtisadi, siyasi və təhlükəsizlik baxımından imkanlarının qat-qat üstün olduğu görünür. Bunu süni yolla azaldıb, Ermənistan və ya Gürcüstandan aşağı yerə qoymaq da qeyri-mümkündür. Bu, kiminsə subyektiv iradəsindən asılı deyil. Hesab edirəm ki, o üzdən də yalnız rayonlar üzərinə indekslənməməliyik. Çünki Qarabağ məsələsinin həlli modeli strateji döyüşləri hər zaman qazanmış, böyük layihələr həyata keçirmiş, ən müxtəlif maneələri dəf etmiş bir lider kimi Prezident İlham Əliyevə bəllidir.
Əminəm ki, o addımların son nəticəsini görəcəyik.