Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycan Prezidenti: "Əsrin kontraktı”nın imzalanması əlbəttə ki, tarixi hadisədir"

11-05-2019, 07:33 Baxış: 10
Azərbaycan Prezidenti: "Əsrin kontraktı”nın imzalanması əlbəttə ki, tarixi hadisədir"
"Ordu quruculuğu prosesi başlamışdır.
Çünki o vaxta qədər nizami ordu yox idi. İqtisadi sahədə çox ciddi islahatlar aparılmışdır, o cümlədən kənd təsərrüfatı sahəsində. O islahatlar ki, bu gün bizim apardığımız islahatlar üçün gözəl zəmin yaradır. Sənaye potensialının inkişafı ilə bağlı önəmli addımlar atılmışdır. Sərmayə qoyuluşu Azərbaycanda artıq bir amil kimi mövcud oldu". "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə deyib. Dövlət başçısı deyib: "Əsrin kontraktı”nın imzalanması əlbəttə ki, tarixi hadisədir. 1994-cü ilin sentyabrında bu kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin etmişdir. Bu kontraktdan əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir - insanların rifah halının yaxşılaşması, ordu potensialının gücləndirilməsi, məcburi köçkünlərin problemlərinin həlli, infrastruktur layihələrinin icrası. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, bu işləri nəyin hesabına görə bilərdik? Bu maliyyə imkanlarını bizə "Əsrin kontraktı” yaratdı. Mən o dövrü yaxşı xatırlayıram. O vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi digər yoldaşlarla bu məsələ ilə ciddi məşğul idim. Bu kontrakt Azərbaycan üçün ən məqbul şərtlərlə imzalanmışdır və bu, bugünkü reallıqda özünü göstərir. Bu yaxınlarda kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Azərbaycan bu kontraktın faydasını görəcəkdir. Yəni, bu, tarixi hadisə idi, Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt bölgədə geosiyasi vəziyyət çox mürəkkəb idi və bu kontraktın imzalanması o qədər də asan məsələ deyildi. Kontraktın imzalanmasından sonra baş vermiş hadisələr onu göstərdi. Ancaq Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə müəyyən edir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMTTəhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur. Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik. Eyni zamanda, ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır. Heydər Əliyev hər zaman məcburi köçkünlərin problemləri ilə maraqlanırdı, onlara böyük qayğı, diqqət göstərirdi. O vaxt biz donor təşkilatlardan böyük dərəcədə asılı idik, çünki bizim maliyyə imkanlarımız yox idi. O vaxt böyük işlər görüldü ki, beynəlxalq təşkilatlar Azərbaycana yardım göstərsinlər və bu yardım hesabına müəyyən mənada köçkünlərə şərait yaradıldı. Heydər Əliyev göstəriş verdi ki, ilk neftdən Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəliri məcburi köçkünlərin problemlərinin həllinə istifadə edək. Belə də oldu. Yadımdadır, yağışlı hava idi, gözəl mənzərəli yer idi, Heydər Əliyev özü şəxsən o köçkün qəsəbəsinin açılışını qeyd etdi. Bu gün bu siyasət davam etdirilir. Bu günə qədər yüzdən çox şəhərcik salınıb, 100 minlərlə köçkün yeni evlərlə, mənzillərlə təmin edilib".