Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Heydər Əliyev bütün təhlükələri dəf etdi - Sevinc Fətəliyeva

Heydər Əliyev bütün təhlükələri dəf etdi  -  Sevinc Fətəliyeva
Azərbaycan Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
Bu sözləri Axar.az-a millət vəkili Sevinc Fətəliyeva Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtması barədə danışarkən deyib.
O bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevirdi: "1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatdı və o zamankı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Ulu öndər xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ona görə də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”. S.Fətəliyeva bildirib ki Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətindən biri idi: "Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.
Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi”.