Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Prezidentin məhkəmə-hüquq sistemindəki islahatları hansı nəticələr verəcək?

Prezidentin məhkəmə-hüquq sistemindəki islahatları hansı nəticələr verəcək?
Məhkəmə-hüquq sistemindəki islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamıdır.
Dövlət başçısının imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə bu istiqamətdə bir sıra addımlar atılıb. Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Fərmanda qeyd olunduğu kimi, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır. Fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir. Məsələn, "Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişikliyə ölkədə kommersiya məhkəmələri yaradılır. Qanuna əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir. Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq. Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən "İqtisadi” sözü çıxarılıb. Qanunun 43, 44, 45 və 45-1-ci maddələrində də müvafiq dəyişiklik edilib. Bununla da Azərbaycanda mövcud olan 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq. Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir. Digər dəyişikliklə isə hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.Ali Məhkəmənin sədrinə isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Yəni 2 475 manat. Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək. Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində qeyd edilir: "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”. Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar. Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar. Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması bu işə töhvə verəcək. Məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi istiqamətində də bir sıra işlər həyata keçirilir."Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman çox ciddi nəticələr verəcək. Ə.Nuriyev qeyd edib ki, fərmanda əksini tapan kommersiya məhkəmələrinin yaradılması çox mühümdür: "Bu, sahibkarlıq subyektlərinin məhkəməyə daha da yaxınlaşmasına kömək edəcək. Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklərlə işlərə baxılması sürətləndiriləcək. Hakimlərin əməkhaqqının artırılmasını irəliləyiş kimi qəbul etmək lazımdır.
Hesab edirəm ki, hakimlərin əməkhaqqı daha yüksək, ən azı indikindən 3-4 dəfə artıq olmalıdır. Yəni, 8-10 min manat arası.
Ədalətli məhkəmə ən vacib məsələdir.
Bunun üçün vəsait xərcləməyə dəyər. Hakimlərin layiqli həyat tərzləri təmin edilməlidir. Əməkhaqqının artması problemin müəyyən həllinə müəyyən qədər kömək edəcək. Hakimlərə əməkhaqqı təyin olunarkən hakimiyyətin hansısa qolu ilə müqayisəli qaydada etmək olmaz. Azərbaycanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 569 nəfərdir, 200 nəfər də artırılacaq.
Onların hərəsinə aylıq orta hesabla 10 min manat hesablasaq, il ərzində 100 milyon manat xərclənəcək”. Hüquqşünas bildirib ki, elektron məhkəmə sisteminin tamamilə başa çatdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi istiqamətində addımlar atılır: "Məhkəmə yalnız qərar qəbul etmir, ölkədə ədaləti təmin edir.
Ona görə də fərqli yanaşma olmalıdır. Layihələrin hazırlanma prosesi davam etməkdədir. Düşünürəm ki, hazırlanan layihələr geniş ictimai müzakirədən keçməlidir. Atılan addımlar məhkəmələrə inam, etibarın güclənməsi ilə bağlıdır.
Qərarlar qəbul edildikdən sonra monitorinq aparılaraq necə icra olunduğu müəyyənləşməlidir”.