Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Hafiz Paşayev Zahid Orucun rəhbərlik etdiyi Mərkəzin kollektivi ilə görüş keçirib

25-07-2019, 12:44 Baxış: 542
Hafiz Paşayev Zahid Orucun rəhbərlik etdiyi Mərkəzin kollektivi ilə görüş keçirib
24 iyul 2019-cu il tarixində, ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirildi. Görüşdə ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak etmişlər.
Görüş zamanı STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəhbərlik etdiyi Mərkəzin missiyası, qarşısında duran vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan yeni kollektivi haqda ətraflı məlumat verib.
Millət vəkili bildirdi ki, dövlətimizin başçısı ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Mərkəzin yaradılması haqda qərar vermişdir.
Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri hesab etmişdir.
İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi STM-nın görəcəyi işlərin əsas xəttini təşkil edəcəkdir.
Qonaqları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyətinin qurulmasının çətin, eyni zamanda şərəfli məsələ olduğunu vurğuladı.
Bu sahədə ADA-nın yeni yaradıldığı vaxtdan keçdiyi yol və əldə etdiyi təcrübə haqda fikirlərini bölüşdü. Bütün sahələrdə olduğu kimi əsas məsələlərdən birinin- peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının olduğunu xatırlatdı. Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq, ictimai rəyi öyrənilməsinin vacibliyini vurğuladı.
Bu baxımdan, kadrların hazırlanmasında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanışmasını tövsiyə etdi.
ADA-da təhsillə bağlı sosioloji sorğulara mühüm əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğularının keçirildiyini diqqətə çatdırdı.
Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçiminin müəyyən edilməsində təhsil (məktəb) mühitinin rolunun əvəzsiz olduğunu qeyd etdi.
Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə-istedad və qabiliyyətləri aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşması olduğunu vurğuladı.
ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə etdi.
Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırdı, müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı.
Sonda STM rəhbəri Z. Oruc qəbul üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirdi və görüşdə səslənən fikirlərin, birgə tədqiqat layihəsi haqda tövsiyələrin Mərkəzin işi üçün çox dəyərli olduğunu qeyd etdi.
ADA Universitetinin rektoru Hafiz Paşayev yeni yaranan Mərkəzə fəaliyyətində uğurlar arzuladı.
Hafiz Paşayev Zahid Orucun rəhbərlik etdiyi Mərkəzin kollektivi ilə görüş keçirib