Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında əməkdaşlıq protokolu imzalanıb

29-08-2019, 16:41 Baxış: 119
Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında əməkdaşlıq protokolu imzalanıb
Avqustun 29-da Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.
Altaba.az xəbər verir ki, sənədi Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc və Mərmərə Qrup Fondunun rəhbəri Akkan Suver imzalayıblar. Görüşdə Zahid Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. O qeyd edib ki, yeni yaradılan mərkəz bu gün Türkiyənin, Rusiyanın, İsrailin, ABŞ-ın və Böyük Britaniyanın bir sıra mərkəzləri ilə əməkdaşlıq edir. Qardaş ölkələr olan Türkiyə və Azərbaycanın bir çox sahələrdə birgə uğurlu fəaliyyət göstərdiyini deyən Sosial Tədqiqatlar Mərkəzinin sədri bildirib ki, Mərmərə Qrup Fondu və bu kimi siyasi fikir mərkəzləri Azərbaycandakı müvafiq qurumlarla təcrübə mübadiləsi aparır. Mərmərə Qrup Fondunun rəhbəri Akkan Suver bildirib ki, Türkiyə və Azərbaycan son onilliklər ərzində region və dünya üçün vacib olan layihələr reallaşdırıb. Hər iki ölkə regionda mühüm gücə çevrilir. O vurğulayıb ki, Azərbaycan bütövlükdə Qafqaz bölgəsində sabitliyin qorunmasında həlledici təsirə malikdir. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının mühüm hadisə olduğunu bildirib. O deyib ki, istər Türkiyənin, istərsə də Azərbaycanın müvafiq qurumları dünyanın müxtəlif siyasi institutları və universitetlərində fəaliyyətlərini gücləndirməlidirlər. Xüsusilə də erməni yalanlarının qarşısını almaq üçün adekvat addımlar atılmalıdır. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan-Türkiyə diplomatik münasibətlərindən danışıb. Diplomat qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir.
Hər iki qardaş ölkə daim bir-birini dəstəkləyir. Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərov deyib ki, xalqlarımızın eyni kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb.
Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün mühüm əhəmiyyətə malikdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər imzalanan protokolun uğurlu olacağına əminliklərini bildiriblər.