Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Bünyadovu aşağılayan Sara Krombax danışdı

7-11-2019, 11:38 Baxış: 19
Bünyadovu aşağılayan Sara Krombax danışdı
 
Bu iş çox uzun bir araşdırmanın, bəlkə də mürəkkəb, lakin çox zəngin və rəngarəng keçmişə və mədəniyyətə sahib bir bölgə olan Qafqaza uzun müddət davam edən şəxsi heyranlığımın nəticəsidir.
 
Bu sözləri Amsterdam Universiteti humanitar elmlər fakültəsinin Şərqi Avropa şöbəsinin əməkdaşı Sara Krombax elmi işi ilə bağlı ekskluziv açıqlamasında deyib.
 
O bildirib ki, dissertasiyasının adının Azərbaycan dilinə "Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” kimi tərcümə olunması doğru deyil:
 
"Bir neçə həftə əvvəl Amsterdam Universitetinin Humanitar fakültəsində "Ziya Bünyadov və Azərbaycan keçmişinin ixtirası” tezisimi uğurla müdafiə etdim. Bu iş çox uzun bir araşdırmanın və bəlkə də mürəkkəb, lakin çox zəngin və rəngarəng keçmişə və mədəniyyətə sahib bir bölgə olan Qafqaza uzun müddət davam edən şəxsi heyranlığımın nəticəsidir:
 
Aralarındakı bir çox fərqə baxmayaraq, ortaqlıqları da xeyli olan mədəniyyətlərin bəzən kəsişmə, bəzən toqquşma nöqtəsi olan bir qovşaqdır bura. Bu bölgəyə ilk marağım sadəcə şəxsi idi. Bakıdakı ailəsiz qalmış uşaqlarla işim (əsasən Dağlıq Qarabağ münaqişəsinin qurbanları) Azərbaycanla ilk tanışlığım olub və bu iş etnik münaqişələrin dağıdıcı təsirlərini dərk etmək və bu anlaşılmazlıqları başa düşərək cəmiyyətə töhfə vermək istəyimi oyatdı. Təəssüf ki, qarşılıqlı anlaşılmazlıq və düşmənçilik azalmaq əvəzinə artır.
 
Bölgənin mürəkkəbliyi keçmişlə bağlı vahid rəy yaratmağı mümkünsüzləşdirir. Tarix yazmaq heç vaxt ağ, ya qara olmayıb və ya sadəcə, keçmişi formalaşdıran aydın, təmiz faktları toplamaqdan ibarət də olmayıb, xüsusilə də mübahisəsiz görünə biləcək siyasi, sosial və ya mədəni məsələlərdən asılı olan, şiddətli müzakirələrə məruz qalan Qafqaz kimi bir bölgədə”. O bildirib ki, sosial və ya siyasi proseslərin mexanikası işinin əsas mövzusu olub: "Azərbaycan tarixşünaslığını öyrənmək bir tədqiqat işi idi: mənim vəzifəm milli tarixin başqa bir versiyasını yazmaq deyildi.
 
Əksinə, Azərbaycanın keçmişi ilə bağlı mübahisələr mənim üçün siyasət və akademik nailiyyət arasındakı mürəkkəb əlaqələri təhlil etmək üçün nümunə oldu. Tarixçi olaraq heç vaxt özümü hər hansı bir siyasi düşərgənin bir parçası kimi hiss etməmişəm. Sosial və ya siyasi proseslərin mexanikası mənim əsas mövzum idi: Prosesləri araşdırdım və necə işlədiklərini və hansı məqsədlərə xidmət etdiklərini təklif etdim. Ziya Bünyadovun tərcümeyi-halını və nəşrlərini təkcə bir milli qəhrəmanın həyatı və əsərləri kimi deyil, həm də "alim şəxsiyyət”in təzahürü kimi, başqa sözlə, müəyyən bir kontekstdə xüsusi mənəvi, akademik, ictimai və siyasi ehtiyaclarla bir alimin xarakterik nümunəsi kimi araşdırdım.
 
Ziya Bünyadov yaxşı Sovet şərqşünası olmaq üçün lazım olan bütün standartlara uyğun gələn bir alim idi. Mənim də əsas diqqətim bu standartları araşdırmaq və anlamaq idi.
 
Başlıqdaki "Invention” (ixtira) termini mən yeni tarixi kanonun yaradılmasını qabartmaq üçün post-kolonial rəqabət və Sovet doqmaları kontekstində istifadə etmişəm.
 
Həqiqətən, inanıram ki, araşdırmamdan qığılcımlanan debatlar, ictimai müzakirələr ümumi bir zəmin yaratmaq üçün çox önəmlidir. Bu müzakirə irəliyə doğru atılacaq vacib bir addım ola bilər.
 
Tədqiqatım, demək olar ki, təbii və radikal bir düşmənçilik ideyasını qoruyub saxlamağa meyilli olan tərəflər arasında körpü qurmağın yeni yollarını tapmaq üçün faydalı ola bilər. Hər kəs ümumi bir dil tapmaq üçün öz "kölgələrimizi tanımalı” və öz köklərimizə və mədəniyyətlərimizə hörmət edərkən "başqalarının" perspektivini anlamalıyıq. Uşaqlarımızın daha yaxşı bir dünyada yaşamalarını istəyiriksə, özümüzə və digərlərinə açıq olmalı, öz proyeksiyamızda müdriklik nümayiş etdirməli, müzakirələrdə və mütləq etnos və ya millət üzərində qurulmayan yeni identifikasiyaların kəşfi məsələlərində cəsarətli olmalıyıq”.
 
Qeyd edək ki, Sara Krombaxın sözügedən dissertasiyası və yaxın tariximizi saxtalaşdırması, xüsusilə Ziya Bünyadov kimi Azərbaycanın milli qürur ünvanlarından olan alimi gözdən salma cəhdi ölkəmizdə etirazla qarşılanıb.
 
Dissertasiyaya professor Aida Qasımova, AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov və digər ziyalılar, həmçinin AMEA Şərqşünaslıq İnstitutu reaksiya verib.